Cəmiyyətdə zorlanma faktları artır

Mehriban Zeynalova: “Qadınlara cinsi zorakılıq tətbiq edən şəxsə qarşı cəza tətbiqi sərtləşdirilməlidir”
Azad İsazadə: “Bu davranış patoloji düşüncənin nəticəsidir”


Ölkədə təcavüz hallarının sayı durmadan artır. Az qala hər gün mediada qardaşı, atası, qonşusu və başqa birisi tərəfindən zorlanan qızlar haqqında xəbərlər oxuyuruq. Çox güman ki, artıq insanlarda beyin, düşüncə pozğunluğu artıb.

Çünki atanın, qardaşın, əminin və dayının öz qızlarına, bacılarına qarşı bu cür cinsi zorakılıq etməsi bizim üçün qəbulolunmazdır və mentalitetimizə yaddır. Nə yazıq ki, vaxtı ilə ancaq başqa ölkələrdən eşitdiyimiz bu cür faktlar indi ölkəmizdə də az qala hər gün, həm də bir neçə ailədə yaşanır. Mentalitetimizə zidd olsa da, təəssüf ki, bu cür hallara yol verənlər var.

Biz ki adət-ənənəsinə sadiq, ana-bacı qeyrəti çəkən, qonşu qızına yan gözlə baxanın gözünü oymağa hazır bir millət idik. Bəs bu zorlanma hadisələrinin səbəbi nədir? Bütün tarix boyu tapındığımız mentalitetimiz, milli mənəviyyatımız nədən korlanıb?

Qeyd edək ki, dövlət Statistika Komitəsi bu ilin birinci yarısı üçün zorlama və zorlamaya cəhdə dair statistikanı açıqlayıb. Komitədən verilən məlumatda bildirilib ki, 2014-cü ilin birinci yarısında 18 belə fakt aşkarlanıb: "Zorlama və zorlamaya edilən cəhdlə bağlı 18 hadisə qeydə alınıb. Bu hadisələr zamanı cinayəti törədən 18 nəfər məsuliyyətə cəlb edilib”.

Ekspertlərin qənaətincə, insanların bu qədər yırtıcı olması bir sıra problemlərdən qaynaqlana bilər.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da qadınların cinsi zorakılığa məruz qaldığını təsdiqləyib. Onun fikrincə, cəmiyyətin qadınlara münasibəti dəyişdirilməlidir. Hüquq müdafiəçisi hesab edir ki, qadınların cinsi zorakılığa məruz qalması ilə bağlı qanun qəbul olunmalıdır: "Əksər Avropa ölkələrində cinsi zorakılıqla bağlı qanun qəbul olunub. Ancaq təəssüflər olsun ki, Azərbaycanda belə bir qanun yoxdur. Cinsi zorakılıqla bağlı qanun qəbul olunarsa, bu cür xoşagəlməz faktların qarşısı da alınar”.

Ekspertin sözlərinə görə, cinsi zorakılığa məruz qalan qadın dərhal polisə müraciət etməlidir: "Əksər hallarda qadınlar nədənsə qorxduğu üçün polisə müraciət etməkdən çəkinir. Qadınlar onu da bilməlidir ki, zorakılığa məruz qalan hər bir qadının kimliyi anonim saxlanır”. M.Zeynalova bildirib ki, qadınlara cinsi zorakılıq tətbiq edən şəxsə qarşı cəza tətbiqi sərtləşdirilməlidir: "Bəzən elə hal olur ki, cinsi zorakılıq edən şəxs məhkəmə zalından azadlığa çıxır”.

Psixoloq Azad İsazadə isə deyib ki, ideal cəmiyyət heç vaxt qurulmayıb, zorakılıq isə həmişə olub. Onun sözlərinə görə, yalnız zəif cəmiyyətlər belə zorakılıqlara qarşı mübarizə aparmır: "Güclü cəmiyyətlər zorakılıq qarşısında aciz qalmır. Deyim ki, inkişaf etmiş ölkələrdə də ailə zorakılığı mövcuddur. Amma həmin ölkələrdə birmənalı olaraq cəmiyyət də, dövlət də bununla mübarizə aparır. Bizdə zorakılıqla bağlı bir çox qanunların icrasında problemlər var. İkincisi, cəmiyyətin özü də zorakılığa qarşı real addımlar atmır. Düzdür, hamı üzdə deyir ki, zorakılıq pisdir, amma reallıqda təcavüzə məruz qalan qadını da günahkar sayırlar. Bununla da zorakılığın həyata keçirilməsinə bəri başdan bəraət qazandırırlar”.

Qadınlara qarşı cinsi zorakılığın hansı psixologiyanın göstəricisi olduğuna gəldikdə isə psixoloq deyib ki, bu, anormal psixoloji davranışdır: "Hətta hər şeyi kənara qoysaq, cəmiyyətin qınağını, qanunların hökmünü hesablamasaq, yazılmamış qanunları nəzərə almasaq, hətta kriminal dünyanın sakinləri belə, bu hadisələrə çox mənfi yanaşırlar. Həbsxanalarda yatan bu cür cinayətkarlara çox pis münasibət göstərirlər. Bu davranış patoloji düşüncənin nəticəsidir”.

Azad İsazadə deyib ki, bu hallar həmişə olub. Sadəcə əvvəllər operativlik bu qədər inkişaf etməmişdi, texnika zəif, imkanlar məhdud idi, ona görə cəmiyyət baş verənlərdən xəbərsiz qalırdı: "İndi mətbuatın məlumat toplama üsulları çevikləşib, operativdir. İnternet, mobil rabitə, videokameralar və bu kimi vasitələr bu hadisələrin daha tez aşkarlanmasına səbəb olur. Eyni zamanda qeyd elədiyim kimi, cəmiyyətdə aqressiya güclənib. Əgər birinin xasiyyətində anormallıq varsa, sözsüz ki, bu, aqressiya ilə birgə özünü büruzə verəcək”.

Şəymən