Piyadaların üstünə su sıçradan sürücülər cərimələnəcəklər

Elməddin Muradlı: “Normal və ailəsinə hörmət edən sürücü avtomobili sürərkən piyadanın üzərinə bilərəkdən palçıqlı su sıçratmaz”



Yağışlı havalarda piyadaların üzərinə qəsdən palçıqlı yağış suyu sıçradan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev mətbuata açıqlamasında İnzibati Xətalar Məcəlləsində belə bir maddənin olduğunu bildirib.

K.Əliyev yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib: "Bundan sonra sürücülər avtomobillərini idarə edərkən daha ehtiyatlı olsalar yaxşıdır, çünki piyadaların üzərinə su sıçradan hər bir sürücü 40 manat cərimələnəcək”.

Şöbə rəisi, həmçinin piyadalara da diqqətli və ehtiyatlı olmağı tövsiyə edib: "Onlar da diqqətli olmalıdır, yollarda harda ki, gölməçə var, piyadalar bir qədər kənarda dayanıb avtomobilin hərəkətinin bitməsini gözləməlidir”.

Cərimə eyni zamanda digər avtonəqliyyat vasitəsini yağış suyu ilə isladanlara da şamil edilir. Sürücülər tərəfindən bu cür kobud davranışla üzləşən piyadalar "902”-yə və ya həmin avtomobilin dövlət nişanını qeyd edərək polis bölməsinə şikayət edə bilərlər. Bu qanun lap piyadaların ürəyindən xəbər verib desək, heç yanılmarıq.

"Aftosfer.az” saytının baş redaktoru və yol hərəkəti üzrə ekspert Elməddin Muradlı belə bir maddənin praktikada tətbiqinə rast gəlmədiyini bildirib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki bu maddə işləmir: "Sadəcə, bu, dünyanın bir çox ölkələrində olduğuna görə, bizim İXM-də də belə bir maddə yer alıb. Mənə elə gəlir ki, bunu yol polisləri də başa düşürlər. Buna baxmayaraq yol polisləri sürücülərə müraciət edərək onları mədəni davranışa dəvət edirlər”.

E.Muradlı, həmçinin bəzi sürücülərin su sıçratmağın inzibati xəta olduğunu bilmədiyini söyləyib: "Bununla bağlı sosial şəbəkələrdə və saytımızda da məlumat verərkən sərt reaksiyalar bildirərək "indi də bunu çıxardılar” kimi fikirlər qeyd edirlər. Əminliklə söyləyə bilərəm ki, belə şəxslərin qayda-qanundan xəbəri yoxdur. Düşünürəm ki, bizim kimi BDYPİ-də bu informasiyanı təbliğat vasitəsi kimi yaydı. Hər halda sürücülər ehtiyatlı olsunlar”.

Sürücünün piyadanın üzərinə suyu bilərək və ya bilməyərəkdən sıçratmasına gəlincə, jurnalist-ekspertin fikrincə, bunun üçün gərək avtomobilin arxasına, qabağına, hər iki yan tərəfinə kamera qoyulsun: "Həm də piyadalar yaxalarına kamera qoşaraq hərəkət etsinlər ki, suyun sıçradılmasını bilmədən və ya qəsdən edilməsini sübut edə bilsinlər. Çünki bu, mürəkkəb məsələdir. Şəhərimizin hər tərəfində də müşahidə kameraları yoxdur ki, belə halların bilərəkdən və təsadüfən olduğunu müəyyənləşdirmək mümkün olsun. Ona görə ki, bir az hava qaralan kimi şəhərin yollardakı müşahidə kameraları 50 metrdən artıq məsafəni aydın şəkildə göstərə bilmir. Hətta bu baxımdan həmin kameraların keyfiyyətinə gəldikdə polisin şəhərdəki təhlükəsizlik kamerası vasitəsilə bunu müəyyənləşdirə bilməsinə şübhə edirəm. Ən azından, sınaq üçün belə halları kamera vasitəsilə təsbit edib, efir vasitəsilə göstərsinlər ki, inanılsın”.

Həmsöhbətimizin qənaətincə, bu, mənəviyyat məsələsidir: "Normal və ailəsinə hörmət edən sürücü avtomobili sürərkən piyadanın üzərinə bilərəkdən palçıqlı su sıçratmaz. Hər biri başa düşməlidir ki, yol kənarı ilə hərəkət edən onun doğmaları və yaxınları ola bilər. Yəni heç kim öz yaxınına su sıçratmasından sığortalanmayıb. Digər tərəfdən mədəniyyətsiz sürücülər 60 km sürətlə icazə verilən yolda 180 km sürətlə sürürlər. Belə sürücülər üçün yay və qış fərq etməz. Bunun da sonu ölümdür. Həmin qəbildən olan sürücüləri nə qədər cərimələsən də, xeyri olmayacaq. Yəni belə tipdən olan sürücülərimiz də yox deyil”.

Vüqar Şahinoğlu