Səhiyyəmizi sancı tutub

Həkim ikinci dəfə ananın ölümünə bais oldu








Daha bir ana ölümü baş verdi. İsmayıllı rayonu Quşencə kənd sakini Afət Balaqardaş qızı Ağayeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında doğuşdan sonra dünyasını dəyişib. İnformasiya saytlarında gedən xəbərlərdə körpənin də dünyasını dəyişdiyi bildirilirdi. Lakin Səhiyyə Nazirliyi bu xəbəri təkzib edib və körpənin sağ-salamat olduğu bildirilib.

Verilən xəbərlərə görə, bu, mərhumun 3-cü hamiləliyi olub. 3 uşaq anası olan qadının hamiləliyi problemsiz keçibmiş. Gənc qadının doğuşdan sonra həyatını itirməsində həkimləri günahkar bilən mərhumun doğmaları xəstəxanada qarşıdurma yaradıblar. "Afətin heç bir xəstəliyi, problemi yox idi. Onu həkimlər öldürdülər” deyən xəstənin yaxınları əməliyyat aparan həkimin məsuliyyətə cəlb olunmasını tələb ediblər.

İsmayıllı Rayon Prokurorluğu faktı təsdiqləyib. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edilir ki, doğuşu həkim Məlahət Hüseynova aparıb. Aznews.az-ın məlumatına görə isə həkim M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisədə təqsirləndirilən həkim M.Hüseynovanın cəzası isə 6 ay vəzifəsindən kənarlaşdırmaq olub. Həkimə sadəcə 6 ay müddətinə doğuş qəbul etmək qadağan edilibmiş.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli KİV-ə açıqlamasında hadisə ilə bağlı hazırda araşdırma aparıldığını bildirib:

- 1982-ci il təvəllüdlü Afət Ağayevanın sonuncu hamiləliyi 11 il əvvəl baş verib. Noyabrın 23-də doğuş sancıları ilə xəstəxanaya daxil olub. Doğuş normal keçib. Doğuşdan dərhal sonra anada qanaxma başlayıb, reanimasiya tədbirlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Hazırda meyit təşhisə verilib. Ekspertizanın nəticələrini gözləyirik, doğuşa yardım komissiyası da araşdırma aparır.

Qadın 3,5 kiloqram çəkidə qız uşağı dünyaya gətirib. Uşağın vəziyyəti yaxşıdır.

Nazirlik rəsmisi eyni zamanda araşdırmanın nəticəsindən asılı olaraq həkimin cəzalandırılacağını da istisna etməyib: "Doğuşu həyata keçirən həkimin günahı sübuta yetirilərsə, əlbəttə, o cəzalandırılacaq”.

Məsələ də bu "sübuta yetirilmək”dədir. Nə üçünsə, Səhiyyə Nazirliyi həkimlərin günahına dair sübutları "çətin” tapır və ya ümumiyyətlə, tapmır.

Digər tərəfdən, ana və körpə ölümünə görə, vəzifəsindən kənarlaşdırılan bir həkimə yenidən doğuş qəbul etməyə icazə verilməsi hansı məntiqə sığır? Məlumdur ki, bir dəfə cinayət əməli törətmiş şəxs ikinci dəfə müttəhim olursa, cəzası bir az da ağırlaşdırılır. Görəsən, iki dəfə ana ölümünə bais olmuş həkim necə, yenə 6 aylıq cəza ilə canını qurtaracaq?

Məsələyə münasibət bildirən hüquqşünas İradə Cavadova fəaliyyəti müddətində ölüm hadisəsi olan həkimə yenidən doğuş qəbul etməsinə icazə verilməsini düzgün saymır:

- Bir halda ki, bu həkimin "çiynində” artıq bir ana və körpə ölümü faktı var, ona doğuş qəbul etmək qadağan edilməliydi. Artıq bir dəfə bu həkimin qeyri-peşəkarlığı ana ölümüylə nəticələnib. Yoxsa, 6 ayın ərzində həkim peşəkarlaşdı?! Necə olur ki, "səhlənkarlığı” ucbatından bir ananın və körpənin ölümünə bais olmuş həkimə təkrar doğuş qəbul etmək həvalə edilir? Bu, dəhşətdir. Dəfələrlə bildirmişəm ki, ana və körpə ölümlərinin qarşısının alınmamasının əsas səbəbi Cinayət Məcəlləsində konkret tibb sahəsi, həkimlərin pasiyentin sağlamlığına zərər vurmaları, pasiyentin ölümünə səbəb olmalarına dair maddənin olmamasıdır. Məhz Cinayət Məcəlləsindəki bu boşluq həkimləri arxayın edir. Arxayındırlar ki, ölüm faktına görə, tutulmayacaqlar, cinayət məsuliyyətinə cəlb edilməyəcəklər. Ölüm faktı baş verir, amma həkimlər səhlənkarlığa görə sadəcə, bir neçə ay müddətinə vəzifədən kənarlaşdırılmaqla cəzalandırılır. Sonra yenidən öz vəzifələrinə dönürlər və yenə ölümlərə bais olurlar. Səhiyyə sektorunda baş verən ölüm və ya pasiyentlərin səhhətinə zərərvurmalar "işdə yol verilmiş səhlənkarlıq” kimi təqdim olunur, bu ad altında verilir, buna görə də onlara cinayət işi açılması mümkün olmur. İndiyədək neçə belə ana və körpə ölümü baş verib, hansı həkim cinayət məsuliyyətinə cəlb edilib? Heç biri. Həkimlərin səriştəsizliyi, savadsızlığı, məsuliyyətsizliyi anaların və körpələrin ölümünə səbəb olur, amma buna görə heç kim cəzalanmır. Əslində, onu cəzalandırmaq üçün hüquqi əsas tapılmır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının üzvüdür, beynəlxalq konvensiyalara qoşulub, amma hələ də "Pasiyentlər haqqında” qanunu qəbul etməyib. Biz neçə ildir bu qanun layihəsinin müzakirəyə çıxarılmasını tələb edirik, amma nəticə yoxdur. Bu qanun qəbul olunarsa, pasiyentlərin hüquqlarını müdafiə etmək mümkün olacaq. Ya da gərək CM-nə əlavə və dəyişikliklər edilsin və orada birbaşa səhiyyə sektorunda çalışanların sağlamlığa zərərvurma, həmçinin insan həyatı üçün təhlükə törədən zərərvurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulsun.

İ.Cavadova ana və körpə ölümlərinə görə, məhkəmələrə müraciətlərin az olmasını da vurğuladı:

- Bu da bizim xalqın mentaliteti və deyərdim ki, hüquqi savadsızlığın nəticəsidir. Bəziləri deyir, ayıbdır, həkimdən şikayət etməyək, bəlkə də düşünürlər ki, sabah yenə də bu həkimin yanına getməli olacaqlar, başqa yolları yoxdur. Bir qisim də ümumiyyətlə, məhkəməyə müraciət edə biləcəyindən xəbərsizdir. Ona görə də, günahkarlar cəzasız qalır. Amma ailələr itirdikləri anaların, körpələrin hesabını soruşmalıdırlar.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla da "Şərq”ə açıqlamasında həkimin birinci səhvi ilə ikinci səhvinin ciddi araşdırılmasına ehtiyac olduğunu bildirdi:

- Əgər həqiqətən də həmin həkim bir dəfə də ana və körpə ölümünə bais olubsa, onun əməli ciddi araşdırılmalıdır. Birinci hal necə, hansı şəraitdə baş verib, ikinci hal necə və hansı şəraitdə. Həkim iki dəfə eyni səhvə yol verməməlidir. Əgər eyni səhvi artıq ikinci dəfə təkrarlayırsa, onunla bağlı ciddi ölçü götürülməlidir.

Gənc qadının qanaxmadan vəfat etməsinə gəlincə, professor buna bir neçə amilin səbəb ola biləcəyini qeyd etdi:

- Əvvəla, onu deyim ki, Azərbaycan səhiyyəsi Qərb təbabətinə inteqrasiya yolu tutduğu halda, bir neçə vacib məsələ hələ həllini tapmayıb. Bunlardan biri kliniki protokollaşmalıdır. Hər bir pasiyentlə bağlı kliniki protokollaşma aparılmalıdır. Pasiyent hansı müayinələrdən keçib, hansı müalicə üsulları aparılıb və s. Hamilə qadınlarla bağlı kliniki protokolların tərtib edilməsi xüsusilə vacibdir. Bilinməlidir ki, hamiləlik dövründə hansı fəsadlar olub, müayinələr aparılıbmı. Qanaxma artıq son mərhələdir. Qanaxmaya qədərki vəziyyət aydınlaşdırılmalıdır. Bir var təbii doğuş, bir də var əməliyyat yolu ilə. Doğuş zamanı uşaqlıq yolunda daxili boşalma gedir, doğuş başa çatdıqda isə uşaqlığın yığılması prosesi başlayır və ya başlamalıdır. Əgər bu, baş vermirsə, qanaxma prosesi gedir. Orqanizmdə qanaxma başladığını müəyyən etmək asandır. Hemoqlabinin faizi, təzyiq aşağı düşməyə başlayır. Pasiyent daim ciddi nəzarət altında olmalıdır ki, orqanizmdə baş verən dəyişikliklər cəld müəyyən olunsun. Bəlkə də, qan təzyiqini, hemoqlabini yoxlamağı unudublar. Bəlkə də bir müddət gözləyiblər ki, görək, qanaxma dayanırmı, amma sonra da artıq gec olub. Bu fakt ciddi surətdə araşdırılmalıdır, həkimin, tibbi personalın yol verdiyi səhvlər müəyyənləşməlidir. Hər bir hal tədqiq olunub, ümumiləşdirilmə aparılmalıdır. Təbii ki, ana və körpə ölümləri ciddi məsələdir və günahkarlar da cəzalanmalıdır.

Onu da qeyd edək ki, noyabr ayının əvvəlində Quba rayonu Perinatal Mərkəzdə 1978-ci il təvəllüdlü Aslanova Zərnişah qanaxmadan dünyasını dəyişmişdi. Nə işdirsə, "peşəkar” həkimlərimiz qan axmalarını heç cür dayandıra bilmir...

Məlahət Rzayeva