Qızların şantajı...

Onlar xəstə deyillər...




Son günlər ölkə mediasında ən çox yayılan məlumatlardan biri də şantajdır. Budəfəki şantajlar isə nə məmurlara, nə vəzifəli şəxslərə deyil. Şantaj qurbanı olanlar gənc qızlardır. Şantaj illərin problemidir. Bu isə ya pul qazanmaq, ya qisas almaq, ya da sadəcə xuliqanlıq etmək, öz aləmində bundan kef almaq məqsədilə edilir. Elm və texnikanın inkişafı o mərhələyə çatıb ki, artıq bütün həyat elektronlaşır, məxfilik imkanları azalır, təhlükələr və risklər artır. Xüsusilə də internet, mobil telefonlar və onların çoxsaylı funksiyaları icad olunandan bəri ağla gələn və gəlməyən hər bir hoqqalar çıxarılır. Azərbaycanda 15 yaşlı qız çılpaq fotoları ilə şantaj hədəfi olub.

15 yaşlı yeniyetmə qızın özündən 2 yaş böyük sevgilisi tərəfindən şantaj edildiyi barədə mətbuatı məlumatlandıran "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, 17 yaşlı oğlan 15 yaşlı sevgilisi ilə danışmaq üçün ona mobil telefon bağışlayıb. Bir müddət mehriban münasibətdən sonra qızdan çılpaq şəklini göndərməsini istəyib və "ağıllı” qız da sevgilisinin bu istəyini yerinə yetirib:

Oğlan qızın çılpaq fotosunu əldə etdikdən sonra qızın üzərində ağalıq etməyə başlayır və qıza evdən çıxmamağı tələb edir. Qız isə təhsilini davam etdirmək istədiyindən gizlincə məktəbə gedib. Onun bu hərəkətindən qəzəblənən 17 yaşlı qəhrəman sevgilisinin çılpaq şəkillərini onun qardaşına göndərir. Bundan əvvəl də bir dəfə telefonla danışdığı üçün qardaşı tərəfindən döyülərək xəstəxanaya düşən qız problemi anasına xəbər verib və qardaşının onu öldürəcəyindən qorxduğu üçün evdən qaçır. Bakıya gələn 15 yaşlı qız bir gün parkda gecələyib. Səhəri gün qızı parkda ağlayan görən naməlum qadın "Təmiz Dünya” İctimai Birliyinə zəng edərək bu barədə təşkilat əməkdaşlarını məlumatlandırıb.

Mehriban xanım qız barədə məlumat aldıqdan sonra onu sığınacağa gətirdiklərini deyir: "Nümayəndələrim qızı parkdan sığınacağa gətirdilər. Söhbət etdikdə məlum oldu ki, bədbəxt qızın atası Qarabağ əlili olub və xəstəlikdən vəfat edib. Polislə əməkdaşlıq etdik. Rayon polisi özü bizimlə əlaqə saxladı və polis vasitəsilə qızı ailəsinə, daha doğrusu, əmisinə təhvil verdik. Hər hansı bir cinayətin və ya xoşagəlməz halın baş verməməsi üçün polis hazırda həmin ailəni ciddi nəzarətdə saxlayır. Qızın ailəsi onu şantaj edən yeniyetmə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklər”.

Digər bir hadisə... Bakıda seksual xarakterli zorakılığa məruz qalması iddiası ilə polisə müraciət edən 23 yaşlı qadın isə tanışı tərəfindən şantaj edilir. 8-ci Polis Bölməsinə müraciət edən qadın isə tanışı tərəfindən şantaj olunur. Kübra Mehbalıyeva (ad və soyad şərtidir) müraciətində deyib ki, 40-45 yaşı olan tanışı Fəhmin adlı şəxsin onu hədələyərək həyat yoldaşına onun əxlaqsızlıqla məşğul olmasını deyəcək. Həmin şəxs K.Mehbalıyevanı Buxta küçəsində kirayədə yaşadığı mənzilə dəvət edib və onu yuxarıda qeyd edilən məzmunda hədələyərək cinsi əlaqəyə təhrik edib. Qadın əlavə edib ki, Fəhmin adlı şəxslə əvvəlcədən tanışlığı olub və həmin şəxs onun özəl həyatına bələddir. 23 yaşlı qadın polisdən xahiş edib ki, onu Fəhminin şantajlarından qorusunlar. Müraciət əsasında araşdırmalar davam etdirilir. Baş verən hadisələrdən də bəlli olduğu kimi qadınlar, qızlar şantaja məruz qaldıqda, aciz duruma düşdükdə, ya məcbur olub şantajçının tələbini yerinə yetirə, onun əsirinə çevrilə, ya da çarəsizlikdən çıxış yolu kimi intihar edə bilər. Problem sadəcə bu xanımla bitmir. Atası, qardaşı, həyat yoldaşı gizli əməllərindən xəbər tutmasın, tutduğu halda onsuz da onu öldürəcək deyə bu günə qədər neçə-neçə gənc qızların, gəlinlərin intihara əl atmasının şahidi olmuşuq. Həmçinin, şantaj olduğu üçün başqalarının həyatını məhv edən, hətta qatil olan qadınlar da az deyil.

Maraqlıdır, insanların həyatı, taleyi ilə oynayan, şəxsiyyətini sarsıdan, fiziki, maddi, mənəvi zərbələr vuran bu qara bəladan - şantajdan necə qorunmalı, arzuolunmaz vəziyyətlərə düşməmək üçün nə etmək, nələri bilmək lazımdır?

Şantajçılar - psixopatdır

Psixoloq Dəyanət Rzayevin sözlərinə görə, insanların iradəsinin əleyhinə gedərək, şəxsi həyata müdaxilə edərək məlumatların, şəkillərin, videogörüntülərin yayılması, buna məruz qalan şəxsin bütün həyatını məhv edə bilər: "Belə iş tutan şəxslər düşünməlidir ki, çirkin əməli ilə kiminsə həyatını əbədi olaraq ləkələyirlər. Belə hallar dünyanın hər bir ölkəsində olur. Bu kimi əməlləri törədənlərə ciddi cəzalar verirlər”.

Psixoloq hesab edir ki, bu problemin həlli üçün maarifləndirmə işi aparmaq və ciddi cəzalar tətbiq etmək lazımdır. Əks halda, şantaj, çirkin təxribatlar intiharlara və qətllərə səbəb ola bilər: "Əslində, insanların şəxsi həyatına dair şəkilləri, videoları yayanlar anlaqlı adamlardır və bunu daha çox gənclər edirlər. Onlar xəstə deyillər, sadəcə əylənmək, qisas almaq, əziyyət vermək üçün bu cür çirkin işi tuturlar. Həmin insanlar psixopatdırlar. Nə özləri yaşayır, nə başqalarını yaşamağa qoyurlar”.

D.Rzayev məsləhət görür ki, hər hansı insanın, xüsusilə də xanımların başına belə iş gələrsə, bunu faciələşdirməsinlər: "Qızlar hesab edir ki, insanlar əbədi olaraq onlar haqda pis düşünəcək. Ancaq belə deyil, bir dəfə həmin kadra baxıb həmin qızı qınayırsan və sonra yaddan çıxıb gedir. Yox əgər əziyyət çəkirsə, mütəxəssisə müraciət etsin. İntihardan, evdən qaçmaqdansa, aidiyyəti orqanlara müraciət etmələri, psixoloqla danışmaları daha məqsədəuyğundur. Atası, qardaşı tərəfindən həyatına təhlükə olan təqdirdə isə əvvəlcədən şantaj olunduğuna dair polisi məlumatlandırmalıdır. Bu zaman polis hadisəni nəzarətdə saxlayacaq, şantajçını məsuliyyətə cəlb edəcək. Hadisədən polis xəbərdar olduğu üçün də atası, qardaşı ona nəsə edə bilməyəcək”.

Şantajçıları hansı cəza gözləyir?

Hüquqşünasların fikrincə isə kiminsə şəkillərini, videolarını telefonla çəkib yaymaq, ailəsinə göndərməklə şantaj etmək qanunvericilklə qadağandır. Kriminalist-ekspert Müzəffər Baxışın sözlərinə görə, ilk əvvəl şantaj edən şəxsin niyyətinin nədən ibarət olduğunu aydınlaşdırmaq lazımdır. M.Baxışın fikrincə, kimlərinsə barəsində rüsvayedici məlumatların yayılması, həmin şəxsdən maddi sərvətlər əldə etmək məqsədilə törədilirsə, bu, cinayət əməlidir. Belə şəxslər cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Əgər əmlak əldə etmək məqsədilə hədə-qorxu gəlinirsə, bu, Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etmə (182-ci maddə) əməli kimi tövsif olunur. Amma elə şantajlar olur ki, onlar maddi sərvətlər əldə edilməsi məqsədilə törədilmir. Qisas almaq, rüsvay etmək niyyəti güdür. Məqsədindən asılı olmayaraq şantaj edən şəxs hüquqi məsuliyyət daşıyır. Odur ki, şantajla təhdid olunan, şantaja məruz qalanlar, hətta özü barədə şantajedici məlumatların yayılacağını ehtimal edənlər, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

Şəymən