Fədakar maarifçi...

Hənifə xanım Məlikova ömrünü xalqın savadlanmasına həsr etmiş qadınlarımızdan olub



XIX əsrin ortalarından milli mübarizəyə qoşulan Azərbaycanın ziyalı qadınları maarifçiliyin inkişafında mühüm rol oynamağa başlayıblar. Vətənpərvər və qabaqcıl qadınlarımız azərbaycançılığın inkişafında, milli məfkurəmizin oyanmasında, dövlətçilik işində və mədəni inkişafımızda müstəsna xidmətlər göstəriblər. Ömrünü xalqın maariflənməsinə həsr etmiş bu cür fədakar maarifçi qadınlarımızdan biri də Azərbaycan qadınlarının taleyində əhəmiyyətli rol oynayan, Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən Hənifə xanım Məlikova olub.

Həyatı

Hənifə Məlikova 1856-cı ildə anadan olub. Azərbaycan xalqının ilk maarifçi qadınlarından olan Hənifə xanım Tiflisdə "Müqəddəs Nina” qız məktəbində təhsil alıb. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. Hənifə xanım məşhur "Nicat” Cəmiyyətinin yaradıcılarından biri olub. Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşüb. 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyib. 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-Azərbaycan qız məktəbində müdir vəzifəsində çalışıb. Hənifə xanımın adı, onun maarifçilik fəaliyyəti Zaqafqaziyanın demokratik dairələrində geniş şəkildə məşhurlaşıb. Mübarizə adamının həyatı asan olmur. Hənifə xanımın həyatı əziyyət, sınaqlar, hətta bəzən təqiblərlə dolu olub. Hənifə xanım deyirdi: "Həyatımın məqsədi - bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə azərbaycanlı qadınların mədəni səviyyəsini qaldırmaq olub və olacaq. Xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün perspektivlərin açıldığı dövrə kimi yaşamışam”. Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyib.

Həsən bəy Zərdabinin həyat və mübarizə yoldaşı

1872-ci ildə Tiflisdə "Müqəddəs Nina” məktəbini bitirən qızların siyahısı "Qafqaz” qəzetində dərc olundu. Məktəbi bitirən qızlar arasında Hənifə xanım Abayevanın da adı vardı. Çoxdan bəri ziyalı bir qadınla ailə qurmaq istəyən Həsən bəy Zərdabi siyahını görüncə, təhsilli müsəlman qızı ilə tanış olmaq üçün dərhal Tiflisə yollanır. Həsən bəy Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu anlayır. Evlənmək qərarı hər iki gəncin ürəyincə olur. Həsən bəy Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşov sonralar bu izdivac barədə yazırdı: "Həsən bəyin həyatında bir vacib məsələ ona qarşı hücumları daha da gücləndirirdi. Bu, onun evlənməsi idi. Tale gənc, təhsilli dağlı qız Hənifə xanım Abayevanı həyat yolunda onunla rastlaşdırdı. Bu izdivac müsəlmanlar arasında söz-söhbət doğurdu. Unutmaq lazım deyil ki, Bakı o vaxt Zaqafqaziyanın müsəlman mərkəzləri içərisində ata-baba ənənələrinə daha çox sadiq idi. Amma bütün adətlərin əksinə olaraq Həsən bəy özü elçi düşdü. Məktəbə molla gətirdi və burada kəbin kəsildi. Beləliklə, gənc Hənifə xanım Məlikova Bakıya gəldi. Burada onu tale yoldaşı ilə birgə iş və şöhrət gözləyirdi...”.

Gözəl, ziyalı, sədaqətli və dəyanətli xanım millətimizin və ailəsinin yolunda fədakarlıq göstərib. O, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olub. 16 il əri ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşamağa məcbur edilib. Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi” qəzetinin nəşrində çox əziyyətlər çəkib. Bu ziyalı xanım və əri Zərdabda yaşadıqları dövrdə, 1880-ci ildən başlayaraq öz evlərində, mənzillərində pulsuz məktəb açıblar və təqib-təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara elm, savad öyrədiblər. Hənifə xanım Məlikovanın adı Azərbaycan tarixinə ilk maarifçi qadınlardan biri kimi düşüb. Azərbaycanda 1908-ci ildə yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin yaradılmasının təşəbbüsçüsü də məhz Hənifə xanım Məlikova olub.

Bakıda maarifçilik mübarizəsi

Bakıda çadrasız gənc müsəlman qadının görünməsi xəbəri ildırım sürətilə şəhərə yayılıb. Hənifə xanımın Bakıya özü ilə gətirdiyi maarifçilik işığının gücü ilə ziyalı xanımlarımızın sayı getdikcə artıb. Zadəgan ailəsində böyüyən, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım Həsən bəy Zərdabiyə qarşı hücumlara və ağır şərtlər altında çalışmalarına baxmayaraq öz yolundan çəkinməyib. O yaxşı bilirdi ki, öz mənzilindəki kiçik pansionunda tərbiyə etdiyi, təhsil verdiyi, yetişdirib ərsəyə çatdırmaq istədiyi uşaqların hər biri gələcəyin, özü də lap yaxın gələcəyin maarif işığını yandıracaqlar.

Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: "Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. Bu uşaqların biri Qubadan idi. O, oxumaq istədiyini qətiyyətlə atama bildirdi. Atam onu zarafatla Azərbaycanın Lomonosovu adlandırırdı. Seyidov familiyalı bu uşaq sonra ali hüquqşünas təhsili aldı. Atam bu uşaqlara çox qayğı və diqqət göstərirdi. Uşaqlar onun ümid və iftixarı idi...”.

Təbii ki, gənc azərbaycanlı ziyalıların yetişməsindən imperiya hakimiyyəti, çar rejimi çox narahat idi. Təsadüfi deyildi ki, dövlət orqanları Həsən bəyin xeyriyyə cəmiyyəti yaratmaq icazəsini illərcə gecikdirmişdi. Hənifə xanım yazırdı: "Cəmiyyətin təşkilinə icazəni almaq çox çətin idi. Dövlət müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu... Hökumət adamlarının Həsən bəydən xoşu gəlmirdi, ondan çəkinirdilər, ehtiyat edirdilər”.

Hənifə xanım öz mənzilində uşaqlara dərs deməklə bərabər, oba-oba, ev-ev gəzib qadınlara biçib-tikmək, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, ayrı-ayrı obalarda qadın məsləhətxanaları təşkil edirdi. O, Zərdab camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas edib. Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi” qəzetinin nəşrində yaxından iştirak edərək çox əziyyətlərə qatlaşıb.

İlk müsəlman qız məktəbinin müdiri

Həsən bəyin ən böyük arzularından biri də Bakıda müsəlman qız məktəbinin açılması idi. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə qız məktəbinin binasının tikilib başa çatması Həsən bəyin illərlə ürəyində gəzdirdiyi arzusunu reallaşdırır. Ancaq bu məktəbdə müdirə kimi işləməyə savadlı müsəlman qadın tapılmırdı. İçərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz üstə öldürdülər. Belə bir mühitdə Hənifə xanım heç nədən qorxmadan qız məktəbində müdirə işləməyə razı olur. O, burada oxuyan qızların mənəvi anasına çevrilir. Müsəlman qızlar məktəbi sözün əsl mənasında istedadlı qadınların ocağına çevrilir. 1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda "Nicat” Cəmiyyətinin bir şöbəsi olaraq "Bakı xanımlarının ilk təşkilatı” yaradılır. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və rus-Azərbaycan qız məktəbinin müdiri vəzifəsində çalışır. Azərbaycanın sovetləşməsindən sonra, 1920-1926-cı illərdə Hənifə xanım Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyir.
Hənifə xanım Məlikova 1929-cu ildə Bakıda vəfat edib. Əvvəlcə şəhər qəbiristanlığında dəfn edilən Hənifə xanımın cəsədi sonralar həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yanına
köçürülüb. Ruhən və cismən bir-birinə və xalqına bağlı olan bu maarifpərvər insanlardan xalqımıza heç zaman tarixdən silinməyəcək maarifçilik ənənələri və xoş əməllər yadigar qalıb.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb