10 il vaxt lazımdır

Surroqat ana məsələsi gündəmdən çıxarıldı




Azərbaycanda surroqat analığa icazə verilməsi məsələsi cəmiyyətdə qəbul olunmadığına görə parlamentin gündəliyindən birdəfəlik çıxarılıb. Bu barədə açıqlama verən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, məsələ mentalitet, o cümlədən digər fəsadların baş verəcəyi baxımından ictimaiyyətdə narazılıqla qarşılanıb. Millət vəkili sözügedən məsələni birdəfəlik gündəmdən çıxardıqlarını, yaxın gələcəkdə isə parlamentdə müzakirəyə çıxarılacağının gözlənilmədiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda surroqat analığa icazə verilməsi ilə bağlı məsələ uzun müddət parlamentin və ictimaiyyətin müzakirə mövzusu olub. Qafqaz Müsəlmanları İdarəsi də bir neçə dəfə bu məsələyə etirazını bildirərək qeyd etmişdi ki, bu, islama qarşı olan məsələdir.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev isə hesab edir ki, surroqat ana layihəsi Azərbaycan üçün vaxtı yetişməmiş məsələ olduğundan layihə gündəmdən birdəfəlik çıxarılıb: "Ümumiyyətlə, dünyada surroqat ana məsələsinə birmənalı münasibət yoxdur. Ən çətini isə bunun hüquqi tənzimlənməsidir. Ən çox surroqat ana Amerikada tətbiq olunur. Amerikada surroqat ana ilə bağlı onminlərlə məhkəmə işi var. Bunun mənəvi tərəfi də problemlidir. Çünki insandan inkibator kimi istifadə etmək nə qədər doğrudur? İnsan qul deyil ki, kimsə öz arzularını onun bədənindən inkibator kimi istifadə etməklə yerinə yetirsin. Surroqat ana bətnində bəslədiyi və doğuşdan sonrakı müddətdə uşağa bağlanır. Müəyyən mənəvi bağlılıq əmələ gəlir. Eyni zamanda, bioloji bağlılıq da var. Bir çox hallarda surroqat analar uşağı valideynlərinə verməkdən imtina edirlər”.

Bu məsələnin həm də sosial problemləri olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, surroqat ananın uşağa hamilə olan vaxt harada yaşaması məsələsi qarışıqdır. Ailəlidirsə, ailəsi ilə bir yerdə yaşamalıdırmı? Həmin dövrdə müəyyən xəstəliklərə tutularsa, əlil olarsa, dünyadan köçərsə, necə olacaq? Hamiləlik və doğuşla bağlı sosial xərcləri necə ödəniləcək? Dəyən zərər kim tərəfindən ödəniləcək? Bu problemlər də var. Hüquqi tənzimlənməsinin mümkün olmaması və dinimizə uyğun gəlməməsi bu məsələnin müzakirəsini dayandırmağımıza gətirib çıxardı. Çünki surroqat ana dinimizə uyğun deyil: "Dinimizə uyğun gəlmədiyi üçün hüceyrənin donorluq məsələsi açıq qalıb və onunla bağlı hələ ki, qərar qəbul edilməyib: "Qafqaz Müsəlmanları İdarəsi parlamentə məktub göndərib. Söyləyir ki, donorluq məsələsi dini baxışlarımıza ziddir. Eyni zamanda biz, 1996-cı ildə "Əhalinin sağlamlığı haqqında” qanun qəbul olunanda donorluğun müddəalarını orada göstərmişik. Yəni, nə geriyə addım atmaq asan deyil, nə də irəliyə. Düzdür, surroqat ana Milli Məclisdə razılaşdırıldı və tamamilə müzakirədən çıxarıldı. Amma donorluq məsələsi hələ açıq qalıb. Ona görə də "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi neçə vaxtdır ki, müzakirəyə çıxarıla bilmir”.

M.Quliyevin sözlərinə görə, surroqat ana layihəsi illər yox, on illərdən sonra Azərbaycanda tətbiq oluna bilər. Amma yaxın illərdə belə bir dəyişiklik olacağı gözlənilmir.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da "Reproduktiv sağlamlıq haqqında” qanundan surroqat analıqla bağlı maddənin çıxarılmasını indiki zamanda məqbul hesab edir: "Hazırkı dönəmdə surroqat analığa icazə verilməsinin zərəri xeyrindən çox olacaq. Surroqat analıq kimlərəsə bundan sui-istifadəyə imkan verəcək. Bununla insan alverində yeni bir mərhələ yarana, dolayısı ilə insan alverinə çevrilə bilər. Cinayət üçün donorlar ortaya çıxacaq. Surroqat analığın qanuniləşməsindən eyni cinslilər "bəhrələnə” bilər.

Yəni bu işin fəsadları daha çoxdur, nəinki faydası. Görünür, MM ictimai təhlükəliliyi nəzərə alaraq bu layihəni gündəlikdən çıxarıb. Və mən belə hesab edirəm ki, bu, doğru seçimdir”.

Mehriban Zeynalova bildirib ki, Avropada bir qadın surroqat analığı boynuna götürür, körpəni dünyaya gətirib çox sakit bir şəkildə sahibinə qaytarır. Amma Azərbaycan insanı fərqli şüur, fərqli dünyagörüşü və fərqli duyğuların daşıyıcısıdır: "İş təcrübəmizdə dəfələrlə belə hallarla qarşılaşmışıq ki, qadın hamilə olarkən körpəsini uşaq evinə verməyi qərara alıb, lakin körpə dünyaya gəldikdən sonra analıq hissi ona bu addımı atmağa imkan verməyib. Və o qadın öz körpəsinə sahib çıxıb. İndi bir anlıq təsəvvür edək ki, kimsə ehtiyac üzündən surroqat ana olmağa razılıq verir, lakin uşaq dünyaya gəldikdə onu yiyəsinə qaytarmaq istəmir. Ana həmişə anadır. Analıq hissi o qədər güclü ola bilər ki, uşağı qaytarmaq istəməz. Başlanacaq məhkəmə çəkişmələri, cinayət əməlləri və s. Bu vəziyyətdən sui-istifadə etməyə çalışanlar da ola bilərdi. Bu məsələ bir sıra çətinliklər və cinayət əməlləri ilə müşayiət oluna bilərdi. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti hələ buna hazır deyil və bu, bizim milli adət-ənənələrimizə, dinimizin qaydalarına da ziddir. Ona görə də Sosial siyasət komitəsinin qərarı düzgündür”.

Şəymən