Bələdiyyə seçkiləri baş tutdu

Seçici fəallığı ötən bələdiyyə seçkisi ilə müqayisədə yüksək olub




Azərbaycanda dünən keçirilən bələdiyyə seçkilərində seçici aktivliyi ilə bağlı yekun göstərici açıqlanıb. Dünən saat 19:00-da bələdiyyə seçkilərində səsvermə prosesi başa çatıb. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, keçirilən bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 19:00-a 38,93 faiz təşkil edib. Saat 19:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14nəfər səs verib.

Bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib. Bələdiyyə seçkilərində 15 min 35 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə seçkilərində 37 min 77 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb. Seçkilərdə 8 siyasi partiya - Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edirlər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə isə 30 partiyanın üzvləri seçkilərdə namizəd qismində iştirak ediblər.

Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 32,04 faiz təşkil edib. Yəni 4 milyon 612 min 727 seçicidən 1 milyon 478 min 186 nəfər səs verib.

Azərbaycan Mətbuat Şurası bələdiyyə seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb. Şuranın İdarə Heyətinin üzvləri ölkənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakı şəhərində seçki məntəqələrində olublar. Bununla yanaşı, Mətbuat Şurasının "qaynar xətt” rejimi də fəaliyyət göstərib. Monitorinq üzvləri heç bir neqativ cəhətin qeydə alınmadığını deyiblər: "Kütləvi informasiya vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə hər hansı zəng olunmayıb”.

Bələdiyyə seçkilərini müşahidə edən ictimaiyyət nümayəndələri də ölkədə çox şəffaf, azad və demokratik şəkildə seçkinin keçirildiyini bəyan ediblər.

Millət vəkili Eldar İbrahimov bildirib ki, olduğu məntəqələrdə kiçik bir qanun pozuntusuna belə rast gəlməyib: "Bütün məntəqələrdə ölkədə olan partiyaların hamısının nümayəndəsi əyləşib. Həmçinin, bizimlə bərabər beynəlxalq təşkilatlardan gələn müşahidəçilər də olub. Əvvəlki seçkidən fərqli olaraq, bu il bələdiyyə seçkiləri üçün məntəqələrdə veb-kameralar quraşdırılıb. Bir sözlə, seçkilər çox yüksək səviyyədə keçirilib”. Seçkilərin şəffaflığının göz qabağında olduğunu deyən E.İbrahimov vurğulayıb ki, o, seçki günü həmkarı Əli Hüseynli ilə bərabər 14 məntəqədə olublar: "Mən 14 məntəqədə gördüyüm müşahidəmi deyirəm və hesab edirəm ki, bütün məntəqələrdə vəziyyət eyni olub”. Millət vəkili deyib ki, prezident və parlament seçkilərindən fərqli olaraq, bələdiyyələrdə elə dairə var ki, orada 15, 17 adama səs verirsən: "Bu namizədlərin hamısı seçmə insanlardır. Mən tanıdığım, etibar etdiyim və inandığım insanlara səs vermişəm”.

E.İbrahimovun sözlərinə görə, bu il seçilən bələdiyyə üzvləri keçmişdən, yəni ötən illərdə olduqlarından daha yaxşı işləməlidir: "Tərkib yaxşıdır və namizədlər arasında gənclər çoxdur. İnanıram ki, bu tərkibə görə bələdiyyə institutu keçmişə görə gələcəkdə daha da inkişaf etmiş bir institut olacaq və bələdiyyə öz işinin sahibi ola biləcək”.

YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Tahir Rzayev dekabrın 23-də ölkədə ən mühüm siyasi hadisələrdən birinin baş verdiyini deyib. T.Rzayev bildirib ki, bələdiyyə seçkiləri ölkəmizin həyatında vacib hadisədir. Onun sözlərinə görə, yerli demokratiyanın inkişafı baxımından da seçkilər mühüm əhəmiyyət kəsb edir: "Səsvermədə seçici aktivliyi normal idi. Vətəndaşlar seçki məntəqələrinə gəlib öz iradələrini sərbəst şəkildə ortaya qoydular. İnanırıq ki, bu seçkilər yerli özünü idarəetmə orqanlarının inkişafında vacib mərhələ olacaq”.

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov seçkilərdə gənclərin fəallıq nümayiş etdirdiklərini deyib: "Bələdiyyə seçkilərində gənclər yüksək fəallıq nümayiş etdirirlər. Seçkilərdə bələdiyyə üzvlüyünə namizəd olan gənclərin sayı əvvəlki seçkilərlə müqayisədə daha çox idi. Bu fakt gənclərin cəmiyyət həyatında rolunun artmasının göstəricisidir. Gənclər eyni zamanda, seçki prosesində məntəqə seçki komissiyasının üzvləri, müşahidəçi kimi də fəal iştirak edirdilər. Müşahidələrim əsasında deyə bilərəm ki, səsvermədə fəal iştirak etmək baxımından da gənclərin üstünlüyü oldu. Bütün bunlar isə Azərbaycan gəncliyinin ölkə həyatında aktiv iştirakının göstəricisidir”.

Millət vəkili Rövşən Rzayev də rayonda gənclər tərəfindən böyük aktivliyin olmasına diqqət çəkib. Deputat bildirib ki, Göygöl və Daşkəsən bölgələrində bələdiyyə seçkiləri yüksək səviyyədə keçib: "Yeni Azərbaycan Partiyasının üzvləri ilə görüşümüz oldu. Həmçinin gənclərlə bir araya gəldik. Göygöl və Daşkəsən rayonlarında bələdiyyə seçkilərinin keçirilməsi üçün hər bir şərait var idi. Fikrimcə, iqtidar nümayəndələri öz layiqli qələbələrini çalacaqlar”.

Deputat Musa Quliyev Binəqədi rayonunda YAP-ın səlahiyyətli nümayəndəsi kimi seçkiləri müşahidə edib. O, seçkinin gedişi barədə danışarkən heç bir qanun pozuntusuna rast gəlmədiyini bildirib: "30-dan çox məntəqədə olduq. Müxtəlif partiyaların müşahidəçiləri və bu partiyalardan olan seçki məntəqə üzvləri ilə rastlaşdıq. Hamısı ilə söhbət etdik. Əhali səsvermədə normal şəkildə iştirak etdi. Prezident seçkilərində olan aktivlik görünməsə də, vətəndaşlar səs verdilər. Onlar öz namizədlərini bizdən yaxşı tanıyırlar”. Deputat Rüstəm Xəlilov isə Sabirabad, Saatlı, Kürdəmir dairəsində seçicilərin fəallığından danışıb: "Saatlı, Sabirabad, Kürdəmir seçki dairələrində fəallıq var idi. Bələdiyyə seçkiləri normal şəraitdə keçirildi”. Respublikanın hər yerində, Mingəçevir şəhərində, Göyçay və Ağdaşda, Astara, Lənkəran, Cəlilabad və Sumqayıt şəhərlərində də bələdiyyə seçkiləri mütəşəkkil qaydada davam edib.

"ELS” Araşdırmalar Mərkəzinin intervyeri Elmir Heydərov da bildirib ki, həm seçici fəallığı, həm də "exit-poll”a maraq çoxdur: "Vətəndaşlar indi daha aktiv idilər. Bilirdilər ki, onlar seçkilərdə öz mövqelərini bildirməlidirlər. Heç bir seçiciyə qarşı hər hansı maneə, təzyiq olmadı. Biz hər hansı xoşagəlməz halla qarşılaşmadıq. Seçici fəallığı yüksək oldu. Hiss olundu ki, vətəndaşların "exit-poll”a münasibətləri də tamamilə dəyişib. Seçki məntəqələrindən çıxan insanlara yaxınlaşıb sorğumuza qatılmalarını xahiş etdikdə, onlar sözümüzü yerə salmırdılar. Gəlib "exit-poll”da iştirak edirdilər. Əvvəllər bəziləri bunun nə olduğunu bilmirdilər. Amma indi çoxları bu sorğuya həvəslə qatılırlar. Artıq neçənci dəfədir "exit-poll” keçiririk. Bundan əvvəlki prezident və parlament seçkilərində də çıxışda sorğu keçirmişik. Ötən seçkilərdə olduğu kimi, bu ictimai-siyasi marafonda da həm səsverməyə, həm də sorğuya maraq yüksəkdir. Düzdür, bəzi yaşlı insanlar "exit-poll”a o qədər də maraq göstərmirlər, lakin ümumilikdə sorğumuza maraq yüksəkdir”.

İsmayıl