Müsavatın daxilində barışıq izləri görünmür

Tural Abbaslı: “Biz də istəyirik ki, seçkiyə qədər partiya daxilindəki qurup savaşları bitsin”



Müsavat daxilində başqan seçkilərindən sonra yaşanan çəkişmələr səngimək üzrədir. İddialara görə, marafonu əliboş tərk edən sədrliyə keçmiş namizəd Qubad İbadoğlu və tərəfdarları hazırkı rəhbər Arif Hacılı ilə barışığa meyl göstərirlər. Artıq bunun işartıları da müşahidə olunmaqdadır.

Belə ki, partiyanın siyasətinə zidd davranışlarda günahlandırılaraq xaric edilən Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradın qurum üzvlüyünə bərpa olunduğu bildirilir. Deyilənlərə görə, M.Muradın bərpası haqqında Qubadlı rayon təşkilatının Şurası qərar verib. Bu qərar isə qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi izah olunur.

Xatırladaq ki, bu il oktyabrın 22-də M.Muradın iştirakı olmadan onun partiyadan çıxarılması haqqında qərar qəbul olunub. O, Q.İbadoğlunun fəal tərəfdarıdır. A.Hacılıya qarşı sərt tənqidi mövqe tutur.

Partiya daxilindəki hazırkı durumu dəyərləndirən başqanlığa keçmiş namizəd, qurumun divan üzvü Tural Abbaslı "Şərq”ə açıqlamasında qeyd edib ki, M.Murad nizamnaməyə əsasən təşkilata altı aydan sonra bərpa edilə bilər. İndiki halda isə bu iş reallaşmayıb: "Biz də barışıq arzulayırıq. İstəyirik ki, seçkiyə qədər partiya daxilindəki qurup savaşları bitsin. Sədr artıq seçilib. Təşkilatın işinə xidmət göstərmək lazımdır. Anlamıram, məqsəd hakimiyyətə gəlməkdir, yoxsa partiya daxilində mövqeləri möhkəmləndirmək? Müxalif partiya olaraq daxildə güclü olmaqdansa, hakimiyyətə gəlməyi tərcih edirəm”.

T.Abbaslı qeyd edib ki, təşkilat daxilində hələ ki barışıq izləri görünmür: "Şübhəsiz ki, birgə fəaliyyətin tərəfdarıyıq”.

Sabiq namizədin sözlərinə görə, təşkilat içərisində yeni bir cəbhə açmaq doğru deyil: "Təbii ki, seçkidən sonrakı etirazlar zamanla süstləşdi. Lakin bu heç də o anlama gəlməli deyil ki, narazılıq bitib. Xeyr. Sadəcə insanlar ziddiyyətlərdən yorulub. Təşkilatdaxili çaxnaşmalar partiyanın işinə xeyir vermir”.

Müsahibimiz təşkilatın hazırkı rəhbərliyindən real addımlar gözləyir: "İnsanlarla dialoqlar qurulmalıdır. Lazımi işlərin icrası partiyanın maraqlarına xidmət göstərənlərə həvalə olunmalıdır. Baxın, bölünəsi bir şeyimiz yoxdur. Müxalif təşkilatların maddi və ya digər resurslarının hansı səviyyədə olması hər kəsə məlumdur. Müəmmalı olan odur ki, nəyin davasını aparırlar. Bundan baş açmıram. Bir sözlə, işıqlı gələcəyə doğru addımlamaq üçün hər kəs birləşməli və külüngü eyni nöqtəyə vurmalıdır”.

Ayyət Əhməd