Çörək dalınca gedənlər Vətənə dönür

Rusiyadakı miqrantlarımıza qayıdanda iş vermək üçün proqram hazırlanmalıdır




Rusiyada rublun sürətlə dəyərdən düşməsi bu ölkədəki azərbaycanlı miqrantların da vəziyyətini çətinləşdirib. Elə buna görə də onların ölkəmizə axını başlayıb. Lakin soydaşlarımızın sırasında ölkəmizdəki işsizlik və sosial təminatın zəifliyini nəzərə alıb, başqa yola əl atanlar da mövcuddur.

Onlar pulun "ölməməsi” məqsədi ilə Rusiyanı tərk etmədən bu ölkə istehsalı olan avtomaşınları alıb, Azərbaycana göndərir. Və burda satdırır. Bununla da həmin boşluğu doldurmuş olur. Maraqlıdır, görəsən, "maşın alveri” ilə özlərini sudan quru çıxara biləcəklərmi? Üstəgəl, ölkəyə qayıdan soydaşlarımızın işlə təminatı məqsədilə hansı tədbirlərə ehtiyac duyulur? İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə açıqlamasında qeyd etdi ki, Rusiyadakı azərbaycanlı miqrantları bir neçə qrupa ayırmaq daha düzgün olardı: "Baxın, soydaşlarımızın bir çoxu artıq bu ölkənin vətəndaşlığını qəbul edib. Son rəqəmlərə görə, təxminən 2 yüz minə yaxın soydaşımız Rusiya vətəndaşlığını alıb. Bu qrupa daxil olanlar illər öncə ora köçənlərdir. Onların durumu digərlərinə nisbətən yaxşıdır. Köhnə miqrantların oturuşmuş həyat tərzləri var. Bir çoxları artıq şirkətlərdə və hökumət idarələrində çalışırlar. Digər qrup isə rus dilini zəif bilənlər, aşağı maaşla çalışanlardır. Şübhəsiz ki, onlar da ölkəmizə pul göndərirdilər. Ailələrimizin sosial şəraitinin yaxşılaşmasında bu vəsait böyük əhəmiyyət daşıyırdı. Ötən ilin rəsmi statistikasına görə, azərbaycanlılar şimal qonşumuzdan ölkəmizə təxminən 1, 8 milyard dollar pul göndəriblər. Bu, az məbləğ deyil. Azərbaycan bazarının canlı tutulmasında həmin məbləğin böyük rolu olurdu. Əsas təhlükə məhz bu qrupla əlaqədardır. O qrupun Azərbaycana qayıtması aktualdır. Görünən odur ki, proses başlayıb”.

Ekspertin sözlərinə görə, soydaşlarımızın arasında Azərbaycana deyil, Belarus və Qazaxıstana köçməyə meyl edənlər də mövcuddur: "Çünki Azərbaycanla müqayisədə adıçəkilən ölkələrdə iş yerləri daha çoxdur. Yeni iş qurmaq daha asandı”.

N.Cəfərlinin qənaətincə, soydaşlarımızın Azərbaycana dönüşü kütləvi xarakter alacaqsa, hökumət dərhal addımlar atmalıdır: "Onların işlə təmin olunması üçün müxtəlif proqramlar həyata keçirilməlidir. Bacardıqları ən yaxşı iş ticarət olduğuna görə, ölkədə bu sahə maksimal dərəcədə liberallaşmalıdır. İnsanların yeni iş qurması üçün maneələr yaradılmalı deyil. Azərbaycan bazarlarında inhisarçılığın qarşısı alınmalıdır. Hökumət indidən addımlar atıb, proqram hazırlasa, vəziyyət yaxşı olacaq. Onların ölkəmizə adaptasiyası daha rahat şəkildə gerçəkləşəcək”.

N.Cəfərli hesab edir ki, pulun "ölməməsi” üçün soydaşlarımızın rus maşını gətirib satması, vəziyyətdən müvəqqəti çıxış yoludur: "Təbii ki, bu vasitə ilə əmənətlərini qoruya bilərlər. Amma müvəqqəti gediş olacaq. Avtomobil gətirildi, satıldı, əldə olunan vəsait yeyildi. Pul tükəndi. Bundan sonrası nə olacaq? Daha uzun hədəflərə hesablanan proqram qəbul olunmalıdır. Zaman keçdikcə, işsizlik problemi yaranacaq. İndidən hazırlıq işləri görülməlidir ki, ölkədə sosial gərginlik yaşanmasın”.

Ayyət Əhməd