Yasamalda aktivlik hiss olunurdu

“Şərq”in əməkdaşları məntəqələri gəzib




Respublika üzrə keçirilən bələdiyyə seçkilərində işğal olunmuş ərazilərimiz istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilən seçkilərdə 15035 bələdiyyə üzvü seçiləcək. Seçki məntəqələri səhər saat 08:00-dan axşam 19:00-dək fəaliyyət göstərib. Biz də "Şərq” qəzeti olaraq seçkilərdəki prosesləri yaxından izləmək üçün bir neçə seçki məntəqəsində olduq. Seçki məntəqələrində olan zaman ciddi qanun pozuntusuna rast gəlmədik.

Müşahidə apardığımız 16 saylı Yasamal II seçki dairəsinin 11 saylı seçki məntəqəsinin sədri Bəxtiyar Nəbiyev indiyə qədər respublika üzrə dörd dəfə keçirilən bələdiyyə seçkilərinin 3-də məntəqə komissiyasının sədri kimi iştirak etdiyini bildirib: "Ancaq ötən bələdiyyə seçkilərinə nisbətən indiki bələdiyyə seçkilərinə əhalinin münasibəti daha yaxşıdır”.

Məntəqə sədrinin sözlərinə görə, 13:15 radələrinə olan məlumata əsasən, məntəqə üzrə 1418 seçicidən 400 çoxu seçkidə iştirak edib: "Hələlik vaxtımız var, bu sayın artması gözlənilir. Amma ümumiyyətlə, məntəqə üzrə seçicilərin 35-40 faizi səs verəcək”.

Səyyar səsverməyə gəldikdə isə seçki komisiyyasının rəsmisi bununla bağlı onlara 12 nəfərin müraciət etdiyini və əməkdaşların səyyar qutularla evlərə gedəcəyini söylədi.

Burada yalnız yerli müşahidəçilər proseslərə nəzarət edirdi. Məntəqədə olduğumuz müddət ərzində müşahidəçilərdən və ya seçicilərdən seçki proseslərindən şikayət edən olmadı.

Belə müşahidəçilərdən biri olan YAP-ın üzvü, BDU-nun müəllimi Təranə Əliyevanın fikrincə, seçki çox obyektiv və şəffaf keçirilir: "Seçicilərin aktivliyi yüksəkdir. Gəlib səs verib gedirlər. Səhər 08:00-dan burdayıq, yanımızda qutular qoyulub və açıldı. Heç bir mənfi bir hal görməmişik”.

Məntəqədən səs verib çıxan seçicilərin də yaxınlaşıb fikirlərini aldıq. Onlardan bəziləri səhhətinin yaxşı olmadığını əsas gətirərək münasibət bildirmək istəmədilər. Əliyev Şakir adlı gənc seçici isə öncədən ərazi üzrə namizədlər barədə məlumatsız olduğunu etiraf etdi. Lakin fərəhlə və əminliklə bələdiyyə seçkilərində YAP-ın qalib gələcəyini söyləyərək o partiyanın namizədinə səs verdiyini dedi.

Bundan əlavə, maraqlı məqam ondan ibarət idi ki, seçkilərdəki gənclərin aktivliyi orta və yaşlı nəsillə müqayisədə geridə qalırdı. Sübut olaraq 63 yaşlı çətin yeriyən İsmayıl babanın ağbirçək xanımı ilə gələrək öz istədiyi namizədə səs verməsi həqiqətən bizi təəccübləndirdi. Çünki o yaşlı insan seçki komissiyasına müraciət edərək evində də səs verə bilərdi.

16 saylı Yasamal II Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində isə mətbuatda və sosial şəbəkələrdə yazıldığı kimi təmsil etdiyimiz komissiyanın üzvləri tərəfindən bizə kobud davranılmadı, əksinə, prosesləri izləməyə və müşahidəçilərin fikirlərini almaq üçün lazımi şərait yaradılırdı.

Məntəqə sədri isə müxalifətin və bəzi ictimaiyyət nümayəndələrinin seçici passivliyi ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşmayıb. O, əksinə, məntəqədə günün birinci yarısına qədər 300-dən artıq insanın səsvermə hüququndan istifadə etdiyini önə çəkib”. Bu məntəqəyə isə səyyar səsvermə üçün ərizə ilə müraciət edilməyib.

Adını açıqlamayan müstəqil müşahidəçi isə burada hər şeyin çox yüksək səviyyədə təşkil olunduğu qənaətindədir.

Qeyd edək ki, bələdiyyə seçkilərində 37 077 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb. Fərdi bələdiyyə namizədlər ilə yanaşı, Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak edib. Ümumilikdə isə 30 partiyanın üzvləri seçkilərdə iştirak edib.

İsmayıl Qocayev,
Vüqar Şahinoğlu