Günahkar AZAL-dır

İçində azərbaycanlılar olan təyyarənin İrəvana enməsi çox təhlükəlidir



Ukrayna Hava Yollarına məxsus Kiyev - Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən İrəvana məcburi eniş edib. Bu zaman təyyarədə 25 azərbaycanlı da olub. İrəvan aeroportunda təyyarədən düşmək istəməyən azərbaycanlılar sonradan gözləmə zalına aparılıblar.

Burada azərbaycanlılara sərhəd keçid məntəqəsində pasportlarına möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olunub. Azərbaycanlıların israrından sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görülüb. Uzun müddət aradan sonra onlar təyyarə ilə Tiflisə yola salınıb. Qeyd edək ki, içərisində çoxsaylı azərbaycanlıların yer aldığı Kiyev-Tiflis təyyarəsinin İrəvana enməsi ölkədə çox ciddi narazılıq doğurub. Bu narazılıqları doğuran başlıca səbəb isə Bakı-Kiyev təyyarəsində qiymətlərin həddindən artıq baha olması səbəbindən azərbaycanlıların öz həyatını təhlükəyə ataraq, Tiflis üzərindən Ukraynaya getməsidir.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, 25 Azərbaycan vətəndaşının İrəvan hava limanında bir müddət girov qalmasının günahkarı AZAL-dır: "Azərbaycanlı tələbələrin Kiyev-Tiflis təyyarəsində nə işləri var ki, onlar təyyarənin nasazlığı ucbatından İrəvanda peyda olublar? Məsələ burasındadır ki, AZAL-da qiymətlər baha olduğundan hamı ora-bura Tiflis üzərindən uçur və ya bu yolla geri qayıdır. Mənim özümə bilet satışı məntəqələrində dəfələrlə təklif ediblər ki, Tiflisə gedim, oradan Kiyevə uçum. Sadəcə, yol yorğunu olmamaq üçün birbaşa Bakı-Kiyev reysinə üstünlük verirəm. Ancaq Ukraynada təhsil alan minlərlə gəncimiz Kiyevə məhz Tiflis üzərindən uçur və düz də edirlər. Niyə 200 manat əvəzinə 400 manat xərcləməlidirlər ki? Ancaq bu cür yolçuluq artıq təhlükəlidir, Ermənistanda girov düşmək ehtimalı var. Günahkarı da AZAL-dır. Bunun nəticəsidir ki, dünya şöhrətli "Türk Hava Yolları”na da Bakıdakı qiymətlərini endirməyə imkan vermirlər. Beləliklə, bu qənaətə gəlmək olar ki, AZAL qiymətləri endirməsə, bu hal milli və təhlükəsizlik maraqlarımıza zərər verəcək...”.

AZAL-ın sabiq prezidenti Ədalət Əliyev də hesab edir ki, 25 Azərbaycan vətəndaşının İrəvan aeroportunda təyyarədən endirilməsi çox böyük yanlışlıqdır. Onun sözlərinə görə, içərisində 25 azərbaycanlı olan bir təyyarə heç bir halda Ermənistana məcburi də olsa, eniş etməməlidir: "Həmin təyyarədə nasazlıq vardısa, Qarsa enə bilərdi. İstənilən halda, bu hadisə öz-özlüyündə provokasiya xarakterli bir faktdır. Azərbaycanın Mülki Aviasiya İdarəsinin rəsmiləri mütləq bütün dövlətlərə, ekipajlara bir-bir xəbərdarlıq etməlidir ki, nəyin bahasına olur-olsun, içərisində 1 nəfər belə Azərbaycan vətəndaşı olan təyyarə Ermənistana enməməlidir. Nəsə mənə inandırıcı gəlmir ki, təyyarə elə İrəvan limanına yaxınlaşan zaman nasazlasın. Azərbaycanın Mülki Aviasiyası bu hadisəni araşdırmalıdır. Ümumiyyətlə, içərisində azərbaycanlı olan təyyarələrin Ermənistan aeroportlarına enməsi ilə bağlı mənim hər zaman narahatlığım olub və dəfələrlə bunu açıq şəkildə bəyan etmişəm. Gördüyünüz kimi, qorxduğum başıma gəldi”.

Ə.Əliyevin sözlərinə görə, Azərbaycan vətəndaşları haqlı olaraq, sərhəd keçid məntəqəsində pasportlarına möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklifini rədd ediblər. Onların heç biri Gürcüstana sağ çatmayacaqdı. Hər birini ya yolda öldürəcəkdilər, ya da əsir alacaqdılar.

Ekspert də hesab edir ki, AZAL-da qiymətlər baha olduğundan hamı ora-bura Tiflis üzərindən uçur və ya bu yolla geri qayıdır: "Bu problemin kökü çox dərindir və hər kəsə də artıq bəllidir. Azərbaycanlılar Kiyev-Tiflis xətti ilə Kiyev-Bakı xəttinə nisbətən ucuz olduğu üçün qatarla Tiflisə gedib, oradan Kiyevə uçurlar. Hesab edirəm ki, bu hadisədən sonra AZAL qiymətlərə yenidən baxmalıdır. Amma mənim səlahiyyətim çatmadığı üçün konkret heç nə deyə bilmərəm”.

Ə.Əsgərovun sözlərinə görə, aidiyyəti qurumda intellekt səviyyəsi həddindən artıq aşağı olduğu üçün xarici ölkələrə səfər edən azərbaycanlılar bu cür problemlərlə üzləşirlər: "İnsanların təhlükəsizliyi nəzərə alınmadan, uçuş xətləri təhlil edilmədən, qiymətlər yoxlanılmadan uçuş həyata keçirilir. Axı niyə Kiyevə birbaşa uçuş olduğu halda Azərbaycan vətəndaşları burdan basa-basa qatarla Gürcüstana keçməli, oradan da Ukraynaya uçmalıdır. Bütün bunlar həm Azərbaycan iqtisadiyyatına vurulan zərbədir, həm də vətəndaşların həyatını təhlükəyə atmaqdır. Baş verən hadisə fonunda bir şey deyə bilərəm ki, bu hadisə Azərbaycan hakimiyyəti, diplomatiyası üçün əlavə başağrısı yarada bilərdi. 25 nəfərin başına bir iş gəlsə, Azərbaycan bütün gücünü səfərbər etməli, diplomatik kanalları işə salmalı idi. Həm də heç nədən. Hesab edirəm ki, ən azı bundan sonra bu cür xoşagəlməz hadisələr baş verməsin deyə Azərbaycan Mülki Aviasiyası təcili olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət etməli və məsələ qaldırmalıdır ki, içərəsində azərbaycanlı olan heç bir uçuş xətti Ermənistan ərazisinə məcburi

eniş etməsin. Çünki Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalar bu sayaq halların yaşanmasına imkan vermir. Faktiki müharibə şəraitində olan iki ölkənin vətəndaşlarına qarşı belə davranışı qadağan edir. İndiki halda isə Azərbaycan hökuməti, eləcə də azərbaycanlı sərnişinlər "Ukrayna Hava Yolları”ndan məhkəməyə şikayət edə bilərlər. İstənilən halda bu məsələ çox ciddidir. Odur ki, üstünə düşmək və qabaqlayıcı tədbirlər görmək lazımdır”.

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xidmət rəisi Məhərrəm Səfərli isə açıqlamasında baş vermiş hadisədə AZAL-dakı qiymətlərin bahalığı faktorunun qabardılmasını doğru saymadığını söyləyib: "Bu barədə deyilən fikir subyektiv yalandır. Mən qiymətlərin bahalığı ilə bağlı iddialara cavab vermişəm. Bildirmişəm ki, qiymətlərin yüksək olmasının səbəbi dünya aviabazarında şirkətlər arasında rəqabətin getməsidir. Səbəb odur ki, "Azərbaycan Hava Yolları”nın təyyarələrində servis çox yüksək səviyyədədir.

İkinci səbəb isə odur ki, təyyarələrimiz təzədir, Avropa istehsalıdır, təhlükəsiz və komfortludur. Ola bilər ki, başqa ölkələrdə köhnə təyyarələrlə daha ucuz uçuşlar həyata keçirilsin, orada servis günün tələblərinə cavab vermir. Elə aviaşirkətlər var ki, orada uçuş zamanı bir stəkan su da istəsən, pulunu verib, içməlisən. Amma bizdə xidmət, qida pulsuzdur, yüksək səviyyədə təmin olunur.

Məsələn, Gürcüstanda uçan təyyarələr AZAL-ın təyyarələri ilə keyfiyyət və təhlükəsizlik baxımından müqayisə edilə bilməz. "Azərbaycan Hava Yolları” yüksək xidmət göstərməsinə görə beynəlxalq sertifikat alıb. Digər tərəfdən, bizim şirkət aşağı büdcəli bir şirkət deyil. Yəni az büdcə ilə işləmirik, AZAL fullservis şirkətidir. Biz təyyarələrdə qida, sərinləşdirici içkilər, əyləncə, kino və baqaj xidməti göstəririk. Üstəgəl, airbus 319/320 təyyarələrində sərnişinlərimizə "Narmobile” xidməti göstəririk. Sərnişinlər istənilən hündürlükdə dünyanın istənilən nöqtəsi ilə danışa bilərlər”.

Müsahibimiz dedi ki, baş vermiş məlum qəza ilə bağlı AZAL-ın hər hansı öhdəliyi yoxdur: "O sərnişinlər bizim şirkətlə uçmayıblar. Onların taleyi ilə bağlı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi maraqlanmalıdır”.

Şəymən