Həbsxanadakı vəziyyət sakitlik yaranandan sonra araşdırılacaq

Sahib Məmmədovun sözlərinə görə, mətbuat məsələni çox şişirdir





14 saylı cəzaçəkmə müəssisəsində qiyam baş verib. Məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz ediblər.

Hadisə ilə bağlı İstiqamet.com-un yaydığı məlumatda qeyd olunub ki, narazılığa səbəb həmin müəssisədə cəza çəkən 22 yaşlı Bakı sakini Adil adlı şəxsin ölümüdür. Məhkumların dediyinə görə, məhbus aldığı işgəncələrdən sonra ölüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidməti isə 14 saylı cəzaçəkmə müəssisəsində baş verənləri nizam-intizam pozuntusu kimi dəyərləndirib. 14-cü kolonda bir neçə məhkumun daxili intizam qaydalarını kobud surətdə pozaraq, digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol verdiyini vurğulayan Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov bildirib ki, hadisə barədə Ədliyyə Nazirliyinin rəhbərliyinə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar: "Penitensiar Xidmətin Baş İdarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah ediblər və qısa zaman ərzində cəzaçəkmə müəssisəsində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisəsinin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb”. Penitensiar Xidmət sözçüsü bir daha bəyan edib ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaqdır.

14 saylı cəzaçəkmə müəssisəsində baş verən qiyamın konkret səbəblərini bilmədiyini deyən İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, bu cür zamanlarda mətbuat baş verənləri bir az şişirdir: "Məhkumları sakitləşdirmək üçün 14 saylı müəssisəyə xüsusi təyinatlı qoşun hissələri yeridildiyini güman etmirəm. Adətən, cəzaçəkmə müəssisələrində hər hansı konflikt olan zaman ora Ədliyyə Nazirliyinin xüsusi dəstələri yeridilə bilir. Amma bu cür adi etiraz zamanı müəssisəyə qoşunların, hərbi texnikanın yeridilməsi inandırıcı deyil. Hələlik administrativ araşdırmalar aparılmadığı üçün dəqiq heç nə deyə bilməyəcəm. Ancaq mətbuatdan aldığım məlumata görə, bir neçə məhkum daxili nizam-intizam qaydalarını pozub və müəssisə rəhbərliyi tərəfindən qarşısı alınıb. 14 saylıya xüsusi dəstələrin daxil olması barədə deyilənlər isə məncə, şişirtmələrdir”.

Yaxın günlərdə İctimai Komitə üzvləri ilə birlikdə 14 saylı müəssisəyə baş çəkəcəklərini vurğulayan hüquq müdafiəçisi deyib ki, bu yoxlamalar ancaq konfliktlər səngiyəndən sonra mümkündür: "Etiraz aksiyası yeni olduğu üçün indi aparılan monitorinq heç bir nəticə verməz. Ona görə də, aranın sakitləşməsini gözləmək lazımdır. 14 saylı cəzaçəkmə müəssisəsində konkret olaraq nə baş verib, deyə bilmərəm, çünki hələ hadisəni araşdırmamışıq. Sadəcə onu deyə bilərəm ki, bir neçə məhkumun intizam qaydalarını pozaraq səs-küy salması hələ üsyan, qiyam demək deyil. Çünki cəzaçəkmə müəssisələrində bu cür konfliktlər cari məsələlər hesab olunur”.

S.Məmmədovun sözlərinə görə, bəzən məhbuslar işgəncələrə məruz qaldıqları üçün deyil, sadəcə diqqət çəkmək üçün də etiraz aksiyaları təşkil edirlər: "Bəzən daxili nizam-intizam qaydalarına uyğun olaraq yoxlamalar keçirilir. Bu zaman kameralarda qanunsuz saxlanılan əşyalar götürülür. Bu isə bir qayda olaraq məhbuslar tərəfindən narazılıqla qarşılanır. Hansısa məhkuma qarşı pis rəftar da digərlərinin də etirazına səbəb olur. Amma bu narazılığın da yolları var. Əgər məhkumun yoldaşlarının bu narazılığı intizam qaydalarına zidd olubsa, təbii ki, müəssisə rəhbərliyi tərəfindən müvafiq addımlar atılmalıdır. Məhkumlar öz etirazlarını şikayət verməklə bəyan etməlidir. Qanunsuz şəkildə etiraz etdikləri halda artıq onlar buna görə məsuliyyət daşıyırlar”.

Komissiya ilə birlikdə bu il 14 saylı cəzaçəkmə müəssisəsində olduğunu vurğulayan S.Məmmədov deyib ki, müəssisədə xeyli inkişaf var. Məhbusların saxlanma şəraitində heç bir çatışmazlıq görməyib. Bu narazılığın nədən qaynaqlandığını öyrənmək üçün isə İctimai Komitə üzvü olaraq, əvvəlcə hadisəni araşdırmalıdırlar: "Amma yuxarıda da qeyd etdiyim kimi, indi bu mümkün deyil. Bu cür konfliktlər adətən 10 gün keçdikdən sonra araşdırılmalıdır. Bayramdan qayıtdıqdan sonra biz ora baş çəkib, məhkumlarla söhbət edəcəyik. Bu konflikti doğuran səbəblər ancaq o zaman bəlli olacaq. Hər halda bu etiraz kiçik də olsa, səbəbsiz deyil. Narazılığın məhkumun ölümü ilə bağlı olması da mənə məntiqli gəlmir. Bir cəzaçəkmə müəssisəsində olan məhkumların sayı bir qəsəbənin yarısı qədərdir. Burada ölüm hallarının baş verməsi də təbiidir. Amma nədənsə, belə yerlərdə baş verən ölümləri yozmağa çalışır, onu birbaşa işgəncə ilə əlaqələndirirlər”.

Şəymən