Nazir hüquq müdafiəçilərinə xüsusi vəsiqələr verib

Onların bu il də cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması gerçəkləşdirilib



Ədliyyə naziri Fikrət Məmmədovun İctimai Komitə üzvləri ilə keçirdiyi görüşü və mövcud aidiyyəti problemlərlə maraqlanmasını hüquq müdafiəçiləri yüksək qiymətləndirir.

Keçirilən görüş barəsində "Şərq”ə danışan Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin sədri, ədliyyə naziri yanında İctimai Komitənin üzvü Səadət Bənənyarlı bildirib ki, komitə əsasən hüquq müdafiə təşkilatlarının üzvlərindən təyin olunub: "Komitə fəaliyyət başlayandan belə görüşlər hər il keçirilir. Nazir hər görüşdə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edir. Bu il də həmin ənənəyə sadiq qalındı”.

S.Bənənyarlı İctimai Komitənin fəaliyyətindəki dəyişikliklərdən söz açıb: "Dəyişikliklərdən biri budur ki, İctimai Komitənin üzvləri daha bir il yox, iki il müddətinə seçilir. Bundan əlavə, nazirliyin keçirdiyi əksər tədbirlərdə iştirakı üçün komitənin səlahiyyətləri artırılıb. Bu baxımdan görüşün keçirilməsi mütərəqqi bir hadisə idi. Sonra isə hüquq müdafiəçilərini maraqlandıran suallar ətrafında müzakirələr aparıldı”.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu hüquq müdafiə təşkilatının rəhbəri onlara təcridxanalar daxil olmağa icazə verdiyi üçün ədliyyə naziri Fikrət Məmmədova öz təşəkkürünü bildirərək minnətdarlıq etdi.

Vüqar Şahinoğlu