Erməniləri silahlandırırlar

Moskvada sammit region üçün çox təhlükəli nüanslardan xəbər verir




Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkə başçılarının sammiti keçirilib. Dövlət başçıları terrorizmlə və narkotiklərin dövriyyəsi ilə mübarizə, kollektiv

təhlükəsizlik, kollektiv aviasiya qüvvələrinin yaradılması məsələlərini müzakirə ediblər. Sözügedən sammitdə tərəflərin iştirakı ilə Dağlıq Qarabağa dair birgə bəyanat qəbul olunub. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi qeyd olunub.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasına sədrlik edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın fəal dəstəyi ilə KTMT-nin humanitar mərkəzləri şəbəkəsi yaradılır. Onların birincisi gələn il Ermənistanda açılacaq.

Bütün KTMT ölkələrini müdafiə səylərini birləşdirməyə çağıran Putinin təbirincə, baş verənlər KTMT iştirakçısı olan ölkələrdən təhlükəsizliyin təmini üzrə razılaşdırılmış kollektiv tədbirlər tələb edir.

Qeyd edək ki, Kremldə keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti İmaməli Raxmon, Ermənistan prezidenti Serj Sarkisyan və KTMT baş katibi Nikolay Bordyuja iştirak ediblər.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasını və orada Dağlıq Qarabağa dair qəbul olunan bəyanatı dəyərləndirən politoloq Qabil Hüseynli isə hesab edir ki, KTMT-nin sammiti region üçün çox təhlükəli nüanslardan xəbər verir. Çünki sammitdə Ermənistanın birtərəfli qaydada silahlandırılmasına yönəlik müəyyən qərarlar qəbul olunub: "Ermənistanda Kollektiv Təhlükəsizlik Şurasının qərargahı, akademiyası yaradılacaq. Mərkəz adı altında hərbi qurumlar yaradılacaq. KTMT-nin hava hücumlarından müdafiə sisteminin yaradılmasına Ermənistandan başlayacaq. Bütün bunlar isə nə Azərbaycan, nə də Gürcüstan üçün yaxşı heç nə vəd etmir. Sammitdə Dağlıq Qarabağ probleminə isə ötəri şəkildə toxunulub, münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin nədən ibarət olduğunu, bu istiqamətdə Rusiyanın hansı mövqeyi tutduğunu biz çox gözəl bilirik. Odur ki, biz Azərbaycanın ərazi bütövlüyünün birmənalı qaydada bərpasının tərəfdarıyıq. Bu məsələni uzadıb, başqa istiqamətlərə yozmaq bizim maraqlarımıza uyğun deyil. Bu cür mənasız Sammitlərdə Qarabağla bağlı deyilən sözlərin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparmalıdır”.

KTMT-nin Ermənistanda yaradılan mərkəzinə gəldikdə isə politoloq bildirib ki, qonşuluğumuzda bizimlə mühabirə aparan ölkənin hərbi gücünü artırıb, onları təşkilatlandırırlar: "Öz təcavüzkar siyasətlərini yeritmək üçün onlara şərait yaradırlar. Bu isə təbii ki, bizi ciddi düşünməyə və qayğılanmağa vadar edir. Aydın məsələdir ki, Rusiya Cənubi Qafqaza yiyələnməyə Ermənistandan başlayır. Bu məsələ bizim üçün kifayət qədər təhlükəli olduğu üçün indidən önləyici tədbirlər görməliyik”.

Hərbi ekspert Azad İsazadə isə hesab edir ki, KTMT-nin birinci humanitar mərkəzini Ermənistanda açmaqla tərəflər faktiki olan vəziyyəti rəsmiləşdiriblər: "Təşkilatın əsas aparıcı qüvvəsi Rusiyadır. Rusiyanın da onsuz da Ermənistanda hərbi bazası var. Sadəcə olaraq, bu təşkilata beynəlxalq səviyyə vermək üçün qurumun adını humanitar mərkəz qoyublar. Amma ki, adından və fəaliyyət istiqamətindən asılı olmayaraq həmin qurumdan Azərbaycana qarşı təzyiq üçün istifadə olunacaq. Bunu isə özümüz üçün ciddi təhlükəyə çevirməyə ehtiyac yoxdur. Rusiyanın Ermənistandan Azərbaycana qarşı təzyiq rıçağı kimi istifadəsi zatən bizə bəllidir. Bizi maraqlandıran əsas məsələ onlara qarşı görüləcək tədbirlər olmalıdır”.

Şəymən