2014-cü il uğurlu olub, yalnız Qarabağ problemi həll olunmadı

Ekspertlər uğurlarımızı və gələn ilin gözləntilərini açıqlayıb




2014-cü ilin son günlərini yaşayırıq. Artıq yeni, 2015-ci ilin astanasındayıq. Şübhəsiz ki, cari il ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yadda qalıb. Bu il də əldə olunan uğur və nailiyyətlər ölkəmizin işıqlı gələcəyə doğru addımlamasına dair unudulmaz tarix yazıb. Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli müqavilə və sazişlərə imza atıb.

Əhalinin sosial rifahının yaxşılaşdırılması, ölkə hüdudlarından kənardakı soydaşlarımızın hüquqlarının qorunması, ağrılı yaramız olan Dağlıq Qarabağ münaqişəsi haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönündə önəmli tədbirlər reallaşıb. Milli təhülkəsizlik və müdafiə sənayesi yüksək templə inkişaf edib. Bir sözlə, 2014-cü il Azərbaycan üçün aktiv dövr kimi tarixə düşüb. Buna rəğmən Qarabağ problemi yenə də həll olunmadı. Münaqişənin tənzimlənməsi istiqamətində bir çox addımlar atılsa da, sonda bu ili də Qarabağsız keçindik. Sözsüz ki, yeni ilin başlanğıcında yenə hamı "İnşallah, gələn ili torpaqlarımızda qeyd edərik” arzusunu dilə gətirəcək.

Maraqlıdır, görəsən, siyasilərimiz bu ildə görülən işlər və növbəti ilin vəd edəcəyi yeniliklər barədə hansı qənaətdədirlər?

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu il ölkəmizdə bütün sferaların inkişafı qorunub-saxlanılıb: "Azərbaycan iqtisadiyyatının inkişaf tempi 2,5 faiz artıb. Ən mühüm inkişaf qeyri-neft sektoru ilə bağlıdır. Bu sahədə 6-7 faiz inkişaf tempi qeydə alınıb. Gələn illə bağlı indidən proqnozlar var. Qeyri-neft sektorunda təxminən 6-10 faizlik iqtisadi inkişaf tempinin müşahidə olunacağı bildirilir. Ümumi valyuta ehtiyatlarımız bu il xeyli yüksəlib. Bu il 3, 6 milyard valyuta ehtiyatı əlavə olunub. Və ümumi ehtiyat 53 milyard dolları ötüb keçib. Eyni zamanda iqtisadiyyata qoyulan investisiyaların 70 faizi daxili investisiyalardı. 30 faizi xaricidir. Ölkəmizdə bütün sahələrin inkişafı qorunub-saxlanılır. Bu siyasətin mərkəzində xalqın rifahı dayanır”.

Politoloqun fikrincə, 2014 enerji sektoru üçün də yaddaqalan il olub: "Ən başlıcası odur ki, sentyabr ayının 20-də cənub dəhlizi qaz layihəsinə start verildi. TAP və TANAP layihələrinin gerçəkləşməsi istiqamətində işlər artıq geniş vüsət alıb. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi prosesi davam etdirilir. Bu proqramlar gələn ildən işə düşəcək. Bakıda beynəlxalq dəniz limanının birinci xəttinin açılışı baş tutdu. Bunlar çox vacib işlərdir”.

Ekspert 2014-cü ili sənaye ili adlandırıb: "Cari ildə yeni sənaye müəssisələri təsis olunub”.

E.Nəsirlinin qənaətincə, 2014-cü il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi cəhətdən də yaddaqalan olub: "Ölkəmiz Avropa Şurası Nazirlər Komitəsinə 6 ay sədrlik etdi. Azərbaycan bu təşkilata öz töhfələrini verdi. Ölkəmizin bu sahədəki təcürbəsi AŞ üçün də böyük önəm kəsb edirdi”.

Analitik diqqətə çatdırıb ki, bu il Azərbaycan IV Beynəlxalq Humanitar Foruma ev sahibliyi edib: "Bununla da özünün multikulturalizm, mədəniyyətlərarası və dinlərəarası dialoq sahəsində bir model formalaşdırdığını dünyaya sübut etdi”.

Cari ildə Dağlıq Qarabağ məsələsi haqda görülən işlərdən söz açan ekspert vurğulayıb ki, münaqişənin ədalətli həlli barədə heç bir nəticə hasil olmayıb: "Bütün məsuliyyət Ermənistan və ona havadarlıq edənlərin üzərinə düşür. Şəxsən ATƏT-in Minsk Qrupu da məsuliyyət daşıyır. Bu istiqamətdə real addımlar ata bilmədilər. Azərbaycan dövləti məsələnin həlli məqsədilə əlindən gələn hər şeyi edir. Ordumuz güclənməkdədir. Ölkəmiz ən müasir silahlar alır. Azərbaycanın mövqeləri dünyada qəbul edilir. Etibarlı tərəfdaşa çevrilib. Azərbaycan əhalisinin sayı artır. Bütövlükdə bu il ölkəmiz üçün olduqca uğurlu olub. 2015-ci ilə bu cür potensialla daxil oluruq. Bu ildə ölkəmiz Avropa Olimpiya Oyunları kimi beynəlxalq tədbirə ev sahibliyi edəcək. Söz yox ki, belə beynəlxalq miqyaslı oyunların ölkəmizdə həyata keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın beynəlxalq məkanda tanınması və həqiqətlərimizin dünyaya car olunması cəhətdən çox önəmli məsələdir. İndidən demək olar ki, gələn il də xalqımız və ölkəmiz üçün perspektivli il kimi tarixə düşəcək”.

"Trend” İnformasiya Agentliyinin analitiki, politoloq Arzu Nağıyev düşünür ki, 2014-cü il siyasi, iqtisadi və hərbi baxımdan bütün dünyada təlatümlü və hay-küylü bir il kimi yadda qalıb: "Bunlardan ən əsasları Ukraynada baş verən hadisələr, daha doğrusu, vətəndaş müharibəsi, Rusiyanın müdaxiləsi və eyni zamanda Krımın Rusiyanın tərkibinə birləşdirilməsidir. Bundan başqa, ərəb ölkələrində baş verən silahlı münaqişələr, İŞİD-in İraq və Suriyada törətdikləri qanunsuzluqlar və bunun təzahürü kimi islam dininin gözdən salınması məsələsi də gündəmdə olan problem idi. Eyni zamanda Türkiyədə dini baxışlardan irəli gələn müxalifət-iqtidar qarşıdurması da yadda qaldı. ABŞ-da və Avropada irqi ayrı-seçkilik zəminində baş verən kriminal hadisələr də ilin problemlərindən idi. İqtisadi baxımdan isə Krım və Ukrayna hadisələrinə görə Qərb və ABŞ tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar nəticəsində və neftin dünya bazarlarında qiymətinin düşməsi Rusiyada iqtisadiyyatın tənəzzülünə və rublun məzənnəsinin kəskin surətdə düşməsinə gətirib çıxardı”.

Ekspert bəyan edib ki, 2014-cü ildə Azərbaycanla bağlı qeydə alınan faktlar Dağlıq Qarabağda, Azərbaycan ərazisində erməni helikopterinin vurulması, avqust ayında cəbhə bölgəsində münaqişənin qızışması, Azərbaycanın BMT və Avropa İttifaqında mühüm diplomatik postlarda rəhbərlik fəaliyyətidir: "2015-də sadalanan məsələlərin həlli istiqamətində çətin və gərgin işlər olmalıdır. Daha doğrusu, istər Ukrayna, istərsə də Rusiya məsələsi öz həllini tapmayacaq. Qarabağ münaqişəsinin həlli məsələsi hələ ki, bir yana çıxmayıb. Neftin qiyməti OPEC və ABŞ-ın manevrlərindən asılı olaraq dəyişə bilər. Azərbaycanda ən mühüm məsələ birinci Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə keçirilməsidir. Bundan başqa, Azərbaycanda Parlament seçkiləri ilidir. Yəni 2015-ci ili istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan gərgin işlərlə dolu bir il kimi səciyyələndirmək olar”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı cari ili uğursuz sayır: "Mövqeyimiz hamıya bəllidir. Torpaqlarımızı işğaldan azad etmək üçün yalnız hərbi yolu seçməliyik. Bu il bir daha açıq şəkildə bunun şahidi olduq ki, Qarabağın azadlığının hərbi yoldan başqa mümkünü yoxdur. Çox təəssüf ki, 2014-cü ildə hərbi addımların atılması yolunda irəliləyişləri görmədik. Müəyyən mənada əlamətlər oldu. Müdafiə Nazirliyi rəhbərinin dəyişməsi, yeni nazirin həyata keçirdiyi islahatlar, hərbi hissələrə nəzarətin gücləndirilməsi təqdirəlayiqdir, amma bundan o tərəfə keçilmədi. Ən azından, biz bunu hiss etmədik. Ən müsbət hadisə kimi düşmənin helikopterinin vurulmasını qeyd edərdim, amma o da istədiyimiz nəticə deyil. Bunun əksinə avqust ayının əvvəllərindəki atışmada cəbhə bölgəsindəki hadisələrin gedişi istədiyimiz kimi olmadı. Azərbaycan xeyli şəhid verdi. Bir sözlə, Qarabağ üçün uğurlu il olmadı”.

Böyük Qururluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa söyləyib ki, 2014-cü il Azərbaycanın tanıdılması baxımından faydalı olub: "Xüsusilə, Avropa Oyunlarının keçirilməsilə əlaqədar tədbirlər mənim diqqətimi daha çox çəkdi. Bunun Azərbaycanın tanıtımında böyük rolu olacaq”.

Millət vəkili Zahid Oruc deyib ki, bu il siyasi uğurlarımız böyük olub: "Dövlət başçımızın rəhbərliyi altında ən mühüm beynəlxalq toplantılarda Azərbaycan öz iradəsini ifadə edib. Mədəni həyatımızda ən aktiv şəkildə Azərbaycan xarici məkanda özünün ənənələrini, incəsənətini, musiqisini, dəyərlərini təqdim edə bilib. Bu işdə hörmətli Mehriban xanımın misilsiz rolunu qeyd etməliyik. Bir sözlə, ilin millətimiz üçün uğurlu olduğu qənaətindəyəm”.

Ayyət Əhməd