Bələdiyyə seçkiləri arxada qaldı, baxışlar fərqlidir

Ramin Hacılı: “19 nəfərdən biri müxalifətdən seçilsə də, heç nə dəyişməyəcək”
Aydın Mirzəzadə: “Baş çəkdiyim məntəqələrdə hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu”


Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı keçirilən səsvermə bir müddətdir ki, başa çatıb. Seçki dairələrindən Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan məlumatlara əsasən, 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14 nəfəri səsvermədə iştirak edib. MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, ilkin nəticələrə uyğun olaraq, builki marafonda seçici fəallığı 38,93 faiz təşkil edib.

Onun sözlərinə görə, komitənin "Qaynar xətt”inə, "facebook” səhifəsinə və elektron ünvanına 138-dən çox müraciət daxil olub. Müraciətlər səsvermə prosesi barədə əlavə informasiya almaq məqsədi daşıyıb. Bütün müraciətlər əməkdaşlar tərəfindən operativ şəkildə cavablandırılıb. Şikayət xarakterli heç bir müraciət qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, seçkidə 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməli idi. Seçkilər 118 dairə üzrə baş tutub. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilməyib. Səsvermə 5015 məntəqədə aparılıb. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir. Seçkilər üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat İslahatları Partiyası və Böyük Quruluş Partiyasıdır. Namizədliyi qeydə alınan 23 061 nəfərin namizədliyi özü tərəfindən, 109 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki prosesini dəyərləndirən Azərbaycan-Avropa Hərəkatının prezidenti, "Ümid” Partiyasının sədr müavini, gənc fəal Ramin Hacılı "Şərq”ə açıqlamasında qeyd edib ki, seçkidə əsasən iki məsələyə - ədalətlilik prinsipi və şəffaflığın təmin olunmasına diqqət ayrılmalıdır: "Təəssüflər olsun ki, ilk mərhələdə namizədlərin sayı ilə bağlı yaradılan imkanlar məhdud oldu. Biz 1800 namizəd təqdim etməyi düşünürdük. Onlardan yalnız 138-i qeydiyyata alındı”.

Marafonda müəyyən pozuntuların baş verdiyini deyən gənc fəal hesab edir ki, əlaqədar qurum buna qarşı tədbirlər görəcək: Baş çəkdiyim dairələrdə 19 yer uğrunda 50, 66, 140 namizəd mübarizə aparırdı. Hər namizəd seçkiyə 100 tərəfdarını gətirsəydi, bu halda seçki aktivliyi yüksək olardı. Namizədlərin bir çoxu ilə söhbətlər apardıq. İndiki seçki sonrakı marafonlar üçün bir nümunə sayıla bilər”.

R.Hacılı diqqətə çatdırıb ki, bələdiyyələr 15 il müddətində cəmiyyətin həyatında hansısa funksionallığı ilə seçilməyib. "İnsanlar bələdiyyələrə etimad göstərmir.” Həmçinin yerli və beynəlxalq müşahidəçilər passivlik nümayiş etdirirlər”.

Hərəkat prezidenti səsvermə müddətinin noyabr ayına təyin olunması təklifini verib: "Bir ay önə çəkilməlidir. Təklifi rəsmi qaydada irəli sürəcəyik.”

Müsahibimiz bəyan edib ki, beynəlxalq müşahidəçilərin iştirakında Azərbaycan dövlətinin özü maraqlı olmalıdır: "Bu maraq yox idi. MSK beynəlxalq müşahidəçilərin aktiv iştirakının təmin olunması üçün cəhd göstərmirdi. 23 dekabr bir çox əcnəbi ölkələrdə bayram günü kimi qeyd olunur. Bu səbəbdən beynəlxalq müşahidəçilərin fəaliyyəti nəzərə çarpırdı. Görünür, maraq göstərməyiblər”.

R.Hacılı ölkədəki bəzi siyasi təşkilatları passivlikdə qınayıb: "Partiyaların iştirakı yüksək səviyyədə deyildi. Bunu namizədlərin qeydə alınması prosesi aydınca ortaya qoydu. Demək olar ki, hər dairə üçün 2-3 müxalif namizəd qeydə alınır. Ona görə də rəqabət yaranmır. 19 nəfərdən biri müxalifətdən seçilsə də, heç nə dəyişməyəcək. Beynəlxalq institutlar da məhz buna görə ciddi maraq göstərmədilər”.

Paytaxtın 6 rayonunun 10 məntəqəsində müşahidələr apardığını söyləyən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, seçki təlimatlara uyğun keçirilib: "Siyahılar öncədən asılmışdı. Seçicilər kabinelərə tək-tək daxil olub, seçim edirdilər. Başqa müşahidəçilər də var idi. Kameralar quraşdırılmışdı. Həmin kameralar vasitəsilə nəinki MSK, istənilən vətəndaş internetə girib, səsvermənin gedişatını izləyə bilərdi”.

Deputatın sözlərinə görə, səsvermə şəffaf və demokratik şəkildə aparılıb: "Müşahidələrim zamanı heç bir qanun pozuntusuna rast gəlmədim. Hər şey qanunun tələb etdiyi formada gerçəkləşib”.

Seçicilərin marafona marağından danışan parlament üzvü qeyd edib ki, səhər saatlarında passivlik müşahidə olunsa da, günorta aktivlik yüksəldi: "Hətta böyük növbələr yaranırdı. Seçkilər hansısa zorakılıq olmadan keçirildi. Düzdü, sosial şəbəkələrdə bəzi təxribat xarakterli lentlər yerləşdirilib. Aidiyyəti orqan bununla məşğul olacaq. Birmənalı şəkildə demək olar ki, bələdiyyə seçkilərinə hazırlıq və səsvermə qanunauyğun formada baş tutub. Əlbəttə, bələdiyyə seçkiləri digər marafonlardan fərqlənir”.

A.Mirzəzadənin qənaətincə, məntəqə komissiyalarının peşəkarlığı yüksəlib: "Məsuliyyətini dərk edən, işin qanunauyğun şəkildə aparılmasına nəzarət edən, vətəndaşlarla çox təmkinli və nəzakətlə davranan komissiyalar yaranıb. Seçkini qəzet, telekanal və internet portallarından təşrif buyuran jurnalistlər də müşahidə edirdilər. Bunun şahidi oldum”.

Parlamentari onu da əlavə edib ki, hər bir seçki məntəqəsində təhlükəsizlik qorunurdu: "Polis nəfərlərinin məntəqəyə nə qədər yaxın durmasına fikir verirdim. Bunlar seçki məcəlləsi ilə tənzimlənir. Baş çəkdiyim məntəqələrdə hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu, bizləri sevindirməyə bilməz”.

Ayyət Əhməd