Milli Məclisin 40 faizi dəyişəcək

Azərbaycanda 15-ə yaxın icra hakimiyyəti başçısı vəzifəsindən gedəcək



Artıq 2014-cü il yekunlaşmaq üzrədir. Astroloji hesablamalara görə, At ili öz yerini Keçi ilinə verməyə hazırlaşır. "Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimlinin proqnozlarına görə isə astronomik il 2014-cü il yanvarın 31-dən 2015-ci il fevralın 18-nə qədər davam edəcək. Onun sözlərinə görə, bu, əsasən Yupiterin hərəkət istiqaməti ilə tənzimlənən təqvim olduğu üçün Sutökən bürcünün dövrünə (20 yanvar -19 fevral) düşür. Qarşıdan gələn ağac ünsürlü Göy Keçi ili də 2015-ci ilin 19 fevralında, Bakı vaxtilə 04:47-də başlayacaq və 2016-cı ilin 7 fevralına qədər davam edəcək.

Simvollara gəlincə, ilin uğurlu ayları mart, dekabr, uğursuz ayları iyun, sentyabr, düşərli günü bazar ertəsi, cümə axşamı, ağır günü isə çərşənbə və şənbədir. Bu günlərdə diqqətli olmaq lazımdır. İlin aparıcı planeti Yupiter olduğu üçün onun himayəsində olan iki bürc - balıqlar və oxatan aparıcı bürclər olacaq. Aparıcı illər isə keçi, qaban və pişik illəridir. İlin rəngləri göy və bənövşəyidir. İlin daş-qaşı isə sapfir, ametis və zümrüddür. Mən hər il hansı ölkələrin daha aktiv olacağı barəsində də məlumat verirəm. Çox zaman bu, düz çıxıb. Gələn il Orta Asiya, Rusiya, Macarıstan, İtaliya, İspaniya, köhnə Yuqoslaviya, Latın Amerikası (Meksika və Braziliya xaric) daha aktiv olacaq. Bunların da hamısının önündə ərəb ölkələri gələcək.

Azərbaycan üçün gələn illə bağlı proqnozlarını verən astroloq deyib ki, Azərbaycanda gələn ilin aktiv hadisələri I Avropa Olimpiya Oyunları və Milli Məclisə seçkilərdir: "Bəri başdan deyim ki, hər ikisi baş tutacaq. Avropa Olimpiya Oyunları yüksək səviyyədə təşkil olunacaq. Terror təxribatı-filan olmayacaq. Parlament seçkiləri yenə də öz vaxtında keçiriləcək. Namizədlər olmadığı üçün mən proqnoz verə bilmərəm ki, kim seçiləcək, kim yox. Amma hazırkı Milli Məclisin ən azı 40 faizi dəyişəcək. Ölkə müxalifətinin fəaliyyətində hədsiz aktivlik müşahidə olunacaq. Həmçinin Azərbaycanda 15-ə yaxın icra hakimiyyəti başçısı dəyişdiriləcək. Müsavatdaxili çəkişmələr səngiyəcək, yeni qurultay və başqanlığa seçim olmayacaq”.

Məhəlli münaqişələrin sayı artacaq, yeni liderlər meydana gələcək

2014-cü il xarakterik olan yoluxucu virusların, savaşların, siyasi qalmaqalların bu il nə nəticə verəcəyinə gəldikdə isə S.Rəhimli bildirib ki, at sırf siyasət ili idi. Belə illər böyük maraqların toqquşmasına, mülkiyyət üstündə savaşların pik nöqtəsinə çatmasına, yalan informasiyaların ayaq tutmasına, dini təriqətlərə zəmin yaradır:

- Qarşıdan gələn Keçi ili də sakit deyil. Keçi incəsənət rəmzi olmaqla bərabər, həm də liderlik işarəsidir. Ağıllı olanları sevir, yalansız keçinə bilmir. Keçi tanınmış böyük adamların asanlıqla nüfuzdan salınmasında və ya əksinə, heç kimin bəyənmədiyi, tanımadığı birisinin qəfil yüksəlişinə zəmin yaradır. Keçinin pul yığmaqla arası yoxdur, xərcləməyi sevir. Keçi ilinin oyun qaydaları da fərqlidir: heç bir körpünü yandırma, çünki məcbur olub o körpüdən geri dönəcəksən. Bu daha çox siyasi müstəviyə aiddir. Siyasi münaqişələrə gəldikdə isə onu deyə bilərəm ki, məhəlli münaqişələrin sayı artacaq, yeni liderlər meydana gələcək, təbii fəlakətlər, xüsusən də vulkanlar daha geniş ərazini əhatə edəcək. Son 40 ilin ən dəhşətli vulkanları baş qaldıracaq, dövlət çevrilişləri artacaq. Keçi illərində sui-qəsdlər də çox olur. Onu da deyim ki, İŞİD problemi 2015-də həllini tapmayacaq, hətta tutduğu ərazilərin miqyası bir az da genişlənəcək. Rusiya sanksiya və maliyyə böhranına qarşı yalnız apreldən müqavimət göstərə biləcək. Həmin aydan neftin qiyməti tədricən qalxmağa başlayacaq. 2015-ci ildə Fələstin dövlət kimi yenə də dünya birliyi tərəfindən tanınmayacaq. Suriyada hakimiyyət davası davam edəcək, Bəşər Əsəd rejimi dəyişməyəcək.

Qarşıda duran Keçi ili ən pis halda dünya maliyyə böhranı ilə başa çatacaq

Keçi cəsarətsiz, zəmanə ilə ayaqlaşmayan, öz hüququnu qoruya bilməyən, məsuliyyətsiz və yaltaq adamları sevmir. Keçi ilində təlim-tərbiyə, əxlaq məsələləri ön plana çəkilməlidir. Mənəvi dəyərləri, milli sərvətləri qorumaq ilin başlıca vəzifəsinə çevrilməlidir. Bir amili də unutmaq olmaz ki, bəhs etdiyimiz illərdə təhsil səviyyəsi bir qədər aşağı düşür. İnsanlarda oxumaq, bilik əldə etmək həvəsi səngiyir. Bu isə istər-istəməz gənclərin əyləncə və şoulara meyl etməsinə səbəb olur. Burada əxlaqın mənfi müstəviyə keçəcəyi də istisna olunmur. Ona görə də 2015-ci ili qarşılayanlar sadaladığımız amilləri daima diqqət mərkəzində saxlamalıdırlar. Bir qayda olaraq Keçi ilinin ilk yarısını hazırlıq və sınaqlar ərəfəsi, ikinci yarısını isə aktiv dövr adlandırırlar. Qədim Çin astrologiyasına görə, Keçi zərif işarədir. Bəzən ona qadın işarəsi də deyirlər. Bu səbəbdən də ilin aparıcı - tənzimləyici qüvvəsi məhz qadınlar olacaq. Ailədən tutmuş ictimai-siyasi proseslərə qədər əsas diktə müəllifləri də məhz zərif məxluqlar olacaq. Qadınlar sülh tərəfdarı olduqları üçün bu illərdə müharibələr minimum səviyyəyə enir. Gəlin, yaxın tarixə nəzər salaq: XX əsrin Keçi illərində böyük müharibələrə az təsadüf olunub. Məsələn, 1907-ci ildə Rusiya inqilabı sakitləşib, ilk dünya müharibəsi də məhz Keçinin gəlişinə az qalmış (1918) yekunlaşıb. 1943-cü ildə Avropanın və SSRİ-nin əksər hissəsini işğal edən almanlar tədricən geri çəkilməyə, məğlubiyyətlə üzləşməyə başlayıblar. Qalan Keçi illərində də nəzərəçarpacaq qırğınlar törədilməyib. Hətta 1991-ci ildə İraqa qarşı aparılan "Səhrada tufan” əməliyyatı da müharibə həddində olmayıb. Amma 2003-cü ilin Ağ Keçi ilində İraqla savaş bir qədər böyükmiqyaslı oldu. Həmçinin həmin il dünya siyasətində köklü dönüş baş qaldırdı. Ümidvarıq ki, qarşıda duran Keçi ili ən pis halda dünya maliyyə böhranı ilə başa çatacaq. Oxucularımıza bildirək ki, Keçi ilinin xarakterində gizli tərəflər də çoxdur. Özündə çoxlu sirlər ehtiva edir. Bu dövrlər həm də özünün qəfil dönüşləri ilə yadda qalır. Hər şeydən öncə siyasətdə və maliyyə sahəsində ehtiyatlı olmaq lazımdır - yalnız fərdlər deyil, ölkələr də. Təəssüfləndirici bir halı da qeyd etmək yerinə düşər. Adətən bu illərdə intiharların, qətl və oğurluq hallarının sayı kifayət qədər artır. Lakin bu siyahıya zorlama, terror aktları və digər genişmiqyaslı məsələləri aid etmək düzgün olmazdı. Digər illərlə müqayisədə Keçi dövranı izdivaclarla daha zəngin olur. Toy-nişan, elçilik, məhəbbət tanışlıqları ilboyu vəfalı və sədaqətli gənclərimizin xilas mənbəyinə çevrilir. Uşaqların daha çox və daha sağlam dünyaya gəlməsində də Keçinin əsaslı rolu olur.

Dağlıq Qarabağ probleminin həlli istiqamətində hansı irəliləyişlərin olacağına gəldikdə isə astroloq deyib ki, münaqişənin həlli uzanacaq: "Qarabağ məsələsində 2001-2012-ci illərdə nəyinsə olacağını proqnozlaşdırırdıq. Mən bəlkə də yüz yerdə demişdim ki, 2012-ci ilə qədər nə oldusa oldu, olmadısa, bu münaqişə uzanacaq. Dünyanı idarə edənlər onu münaqişələr hesabına saxlayır. Odur ki, bu məsələ uzanacaq”.
S.Rəhimlinin qənaətincə, Keçi ilinin oyun qaydalarına riayət edənlər ilin mənfəətini daha çox qazanacaqlar.

Şəymən