Bankdan kredit götürənə sosial yardım verilmir

Millət vəkili bu qərarı absurd adlandırdı



Ünvanlı sosial yardım ala bilməyən bir vətəndaş "dərdini” sosial şəbəkələrdə paylaşıb. Vətəndaş yazır ki, ünvanlı sosial yardım üçün müraciət etsə də, "yox” cavabı alıb. Səbəbsə, çox maraqlıdır; vətəndaşın banka kredit borcu olması.

Vətəndaşın sənədləri yoxlanarkən bankdan kredit götürdüyü məlum olub və buna görə də ona sosial yardım təyin edilməsindən imtina olunub. Həmin vətəndaş da "Facebook”da bunları yazıb: "getmişdim, sosial yardım almağa. Dedilər ki, banka kredit borcun var, verə bilmərik. Mən, bankdan krediti ağ günümdən götürməmişəm...”

Məsələ ilə bağlı müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev həqiqətən də belə bir şərtin mövcud olduğunu dedi. Mətbuat xidmətinin rəhbəri bildirdi ki, ünvanlı sosial yardımların verilməsi qaydaları ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Qərarda sosial yardımların müəyyənləşməsi, təyini, veriləsi meyarları əksini tapıb. Qaydalara görə, əgər vətəndaşın banka ödəniş öhdəliyi varsa, həmin şəxslərə sosial yardım verilmir. Kredit faizi ilə bağlı da meyar var. Kredit faizi vətəndaşın aylıq gəlirinin 50 faizindən yüksək olmamalıdır. Hətta 1 faiz də önəm daşıyır. Belə olduqda vətəndaşa ünvanlı sosial yardım verilmir.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev isə "Şərq”ə açıqlamasında bu qərarı absurd adlandırdı:

- Ünvanlı sosial yardım vətəndaşı digər hüquqlardan məhrum etməməlidir. Əgər bankdan kredit götürdüyünə görə vətəndaşa sosial yardım hesablanmasından imtina edilirsə, mən bu qərarı absurd hesab edirəm. Bu, məntiqsizdir. Ünvanlı sosial yardımın banka nə aidiyyəti var?! Ünvanlı sosial yardımların təyini zamanı vətəndaşın minimum yaşayış səviyyəsi müəyyən edilir. Buna uyğun olaraq da ona sosial yardım təyin edilir. Bəlkə bu insan əvvəlki illərdə bankdan kredit götürüb, onun ödənməsinə qohumları, dostları yardım edib. Bəlkə hansısa ehtiyacdan məcbur qalıb kredit alıb. Buna görə vətəndaşı sosial yardımdan necə məhrum etmək olar?! Belə bir qərar, belə bir meyar varsa, bu, doğru deyil. Bu qərar ləğv edilməlidir, ya da dəyişdirilməlidir.

Məlahət Rzayeva