“Aİ-95” markalı benzin ucuzlaşmalıdır

Bu yanacağın qiyməti artıq Rusiyada, Gürcüstanda və Türkiyədə də düşüb




Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünya bazarlarında neftin ucuzlaşması fonunda ölkədə benzinin ucuzlaşmamasına münasibət bildirib.

Azərbaycanda istehsal edilən "Aİ-92” markalı benzinin qiymətinin Tarif Şurası tərəfindən tənzimləndiyini deyən SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, sözügedən benzinin qiymətində heç bir dəyişiklik gözlənilmir. SOCAR-ın ölkə daxilində benzinin pərakəndə satışından çox az miqdarda gəlir əldə etdiyini vurğulayan vitse-prezident bildirib ki, bu vəsait də gəlir vergisinin ödənilməsinə yönəldilir. Qonşu dövlətlərlə neft və neft məhsullarının qiymətini müqayisə edən SOCAR rəsmisinin dediyinə görə, Azərbaycanda neft məhsullarının qiyməti daha aşağıdır, vergilər həcmi isə daha yuxarıdır. Bu səbəbdən də Azərbaycanda benzinin qiymətinə hər hansı bir dəyişikliyin edilməsinə ehtiyac yaranmır. Dünya bazarında neftin qiyməti düşdüyü üçün Azərbaycanda benzinin ucuzlaşmasını zəruri hesab edən və bu məsələni parlamentin ötən iclaslarının birində qaldıran Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov da hesab edir ki, doğrudan da, indiki situasiyada Azərbaycanda istehsal olunan "Aİ-92” markalı benzinin ucuzlaşmasına ehtiyac yoxdur: "SOCAR benzinin ucuzlaşmasına ehtiyac yoxdur” deyəndə "Aİ-92”ni nəzərdə tutur. Bu açıqlama ölkədə istehsal olunan benzinlə bağlı olduğu üçün heç bir narahatlıq yoxdur. Bizim qaldırdığımız məsələ isə xaricdən idxal olunan "Premium Aİ-95” markalı benzinin qiymətləri ilə bağlıdır. Həmin benzinin qiyməti artıq Rusiyada, Gürcüstanda və Türkiyədə də düşüb. Azərbaycanda isə heç bir dəyişiklik yoxdur. Biz də deyirik ki, dünya bazarında neftin qiyməti aşağı düşdüyü üçün xaricdən Azərbaycana idxal olunan benzinlərin qiymətinə yenidən baxılmalı və qiymət ucuzlaşmalıdır. Müəyyən müddət - 2015-ci ilin I yarım ili üçün müəyyən qədər qiymətlərə təsir edilməli, idxal olunan "Aİ-95” markalı benzin ucuzlaşmalıdır”.
Xaricdən gətirilən benzinin qiymətinin Tarif Şurası yox, özəl şirkətlər tərəfindən tənzimləndiyini vurğulayan millət vəkilinin sözlərinə görə, SOCAR-ın özəl təşkilatı, "Az-Petrol”, "Lukoil” kimi təşkilatlar bazara uyğun olaraq, "Premium Aİ-95”-in qiymətini tənzimləməlidirlər. Təbii ki, ölkəyə gətirilən benzinin də öz xərcləri var. Amma yanacağın ölkəyə gətirilməsinin maya dəyəri nəzərə alınmaqla qiymətləri endirmək olar.

Şəymən