“Stamaril”i vətəndaşlara 85 manata vururlar

Bu vaksinləri ölkəyə Səhiyyə Nazirliyi gətirmir




Vətəndaşlar xaricdən ölkəmizə gələn və respublikadan xarici ölkələrə getmək istəyən vətəndaşlara "sarı qızdırma” virusu əleyhinə olan və məcburi vurulan "Stamaril” vaksininin baha olmasından gileylənir. Belə ki, ölkəyə daxil olan insanlara bu xüsusi peyvənd 85 manata vurulur. Bu fakt "Bizim yol”un hazırladığı reportaj araşdırmasında öz əksini tapıb. Respublikaya gələnlərə bu peyvəndləri ancaq Səhiyyə Nazirliyinin M.Əliyev adına Respublika Təsərrüfat Hesablı Poliklinikasında vurulur.

Sözügedən poliklinikada peyvənddən öncə müayinə zamanı pasiyentlərin bu yaşa qədər hansı xəstəliklər keçirməsi nəzərə alınır. Çünki gərək peyvənd vurulmamışdan 5 gün əvvəl pasiyent hər hansı bir xəstəlik yaşamasın, həmçinin antibiotik preparatlar qəbul etməsin. Vaksinasiya və müayinədən keçmiş xəstələrə sertifikat verilir. Bu vəsiqədə pasiyentə vurulan peyvəndin adı, seriyası və onun vurulma tarixi qeyd olunur. Peyvəndin vurulmasında məqsəd odur ki, şəxslər gəldikləri ölkələrdən respublikamıza müxtəlif xəstəliyin daşıyıcısı olan virusları gətirməsinlər. Biz bununla əhalimizi xəstəliklərdən sığortalamış oluruq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə "Şərq”ə açıqlamasında qiymət məsələsinə aydınlıq gətirib: "Ümumi vaksinlər dövlət hesabına alınır və vurulur. Lakin 1 saylı Təsərrüfat hesablı Poliklinikanın özü də "Stamaril” dərman preparatını apteklər şəbəkəsindən alır. Bu dərman nazirlik tərəfindən ölkəyə gətirilmir. Digər ölkələrlə müqayisədə həmin preparat ucuz və ya baha satıla bilər. Lakin ölkə apteklərində vaksin həmin qiymətə satılır”.

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybullanın fikrincə, nazirlik bunu açıqlamalıdır ki, belə xüsusi peyvəndlər dövlət təminatı əsasında vətəndaşın hesabına vurulur: "Yox, əgər hər bir preparat dövlət büdcəsi hesabına ölkəyə idxal olunursa, onun xəstəyə təyinatı da pulsuz həyata keçirilməlidir”.

A.Qeybulla hesab edir ki, bəzi tibbi prosedurlar özəl yox, dövlət sektorunun nəzarəti altında həyata keçirilməlidir. Məsələn, vaksinasiya, ana və uşaqların müalicəsi, şəkərli diabet, talassemiya kimi xəstəliklə bağlı problemlərin həllinə yönəlik tədbirlər dövlət proqramı çərçivəsində həyata keçirilməlidir. Çünki bir şəxs harasa xaricə getmək istəyirsə, ona sarı qızdırma və digər xəstəliklərə qarşı vaksin lazımdırsa, dövlət bununla maraqlanmalıdır. Ona görə ki, bu, genefonla bağlı məsələdir. Ayrı-ayrı özəl sektorlar bu xidməti göstərə də bilər, göstərməyə də bilər. Bu, düzgün deyil”.

Vüqar Şahinoğlu