“Yahova Şahidləri” Köhnə Günəşlidə qapı-qapı gəzir

Onlar Qarabağ savaşının əleyhinə qarşı təbliğat aparırlar





Paytaxtın Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində rəsmi fəaliyyət icazəsi olduğu məlum olmayan "Yahova Şahidləri” dini sektası artıq qapılara düşərək yeni yaratdıqları səmavi kitablarını təbliğ edirlər. İnsanları öz dini sektalarına üzv eləmək istəyirlər.

İnsanları müharibənin timsalında Qarabağda savaşın əleyhinə olduqlarını bildirirlər. Nəticədə məlum olur ki, bu dini cərəyan insanları 3 səmavi (Zəbur, Tövrat və İncil) kitabdan istifadə edərək "düzgün yola dəvət etmək üçün” qapıları döyərək məram və niyyətlərini açıqlayırlar.

"Yahova Şahidləri” adlandırılan dini sektanın fəaliyyət lisenziyasının olmasına və təbliğat məsələsinə aydınlıq gətirmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva ilə əlaqə saxladıq. Yaqut xanım şifahi sorğumuza cavab verəcəyini bildirsə də, bəzi dövlət qurumlarının mətbuat katibləri kimi ənənəvi olaraq sonradan bizə məlum olmayan səbəblərə görə zənglərimizə cavab vermədi.

İlahiyyatşünas Atif İsmayılovun fikrincə, belə dini cərəyanlar xüsusi maraqlar əsasında fəaliyyət göstərir: "Bu ya maddi maraqlar olur, ya da nəyisə insanın əlindən alıb, əvəzində nə isə təqdim etməklə insanları müəyyən cərəyanlara qoşulmağa təhrik edirlər. Buna da bəzi hallarda sosial durumu zəif olan insanlar aldana bilərlər. Lakin Azərbaycanda məzhəb və din problemi yoxdur. Azərbaycan xalqının günəş kimi islam dini parlayan ənənəvi bir dini əqidəmiz var. Ümumiyyətlə isə hazırda Azərbaycanda dini məsələlər aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılır”. Qeyd edək ki, "Yahova Şahidləri” dini sektasına görə, müharibə etmək olmaz. Həmçinin onların inancına görə, yalnız cənnətə düşəcək insanlar qiyamət günü diriləcəklər.

Vüqar