Teleradio Şurası haqlıdır

Davranış pozuntusu və nitq qüsuru yarana bilər



Milli Televiziya və Radio Şurasının (MTRŞ) budəfəki tənqid hədəfi "Lider” televiziyası olub. Belə ki, MTRŞ-nin növbəti iclasında "Lider TV və Radio Azərbaycan” MMC tərəfindən "Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı müzakirə edilib.

"Lider TV və Radio Azərbaycan” MMC tərəfindən dekabrın 21-i, saat 19:00-da efirə gedən "Seçim” verilişinin yayımı zamanı (saat 19:25) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin - dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarətyetirmə səhnəsinin nümayiş etdirilməsi ilə "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün MMC-yə xəbərdarlıq elan edilib.

Tanınmış telejurnalist, BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli də hesab edir ki, MTRŞ xəbərdarlığında haqlıdır:

"Şuranın mövqeyi ilə razıyam. Çünki televiziya təsir vasitəsilə olmaqla, uşaqların davranışı və xarakterinin formalaşmasında böyük rol oynayır. Uşaq zorakılığı ilə bağlı verilişləri efirdə detalları ilə vermək olmaz. Bunun qanunla qadağası "Teleradio haqqında” qanunda və "İctimai Yayım haqqında” qanunda da var. Bizim efir jurnalistlərimiz zorakılıqla bağlı, xüsusən də uşaq zorakılığı ilə bağlı verilişlərin yayımında çox diqqətli olmalıdırlar. Hər bir hadisənin işıqlandırılmasında müəyyən spesifiklik var. Jurnalistlər bu detalları nəzərə almalıdır. Xüsusən də, azyaşlı uşaqlarla bağlı efirə gedən verilişlərə həssas yanaşmaq lazımdır. Faktı vermək üçün televiziyanın verdiyi imkanlar daxilində anonimliyi qorumaq labüddür. MTRŞ-nin xəbərdarlığı "Teleradio haqqında” qanuna və onun konkret maddələrinə əsaslandığı üçün haqlıdır. Bu iradlar təkcə "Lider” kanalı ilə bağlı deyil. Analoji problem əksər televiziyalarda mövcuddur. Hər bir telekanal uşaqlarla bağlı və uşaqlara qarşı zorakılığı əks etdirən verilişlərin efirə verilməsinə çox diqqətli olmalıdır”.

Professorun sözlərinə görə, Azərbaycan mediasında uşaq hüquqlarının pozulmasını daha çox balacalara aid informasiyalarda dəqiq adların verilməsi, bəzən onların fotolarının göstərilməsi ilə izah edir: "Etik qaydalara zidd olaraq münaqişəli situasiyalarda uşaqların rəyinə istinad edilməsi, bəzən onlardan müsahibə alınması, qanuna zidd olaraq azyaşlı uşaqların reklama çəkilməsi də ciddi nöqsanlar sırasındadır. Nöqsanların əsas səbəbi jurnalistlərin peşə etikasından, uşaq hüquqlarından və beynəlxalq konvensiyalardan bixəbər olmalarıdır. Uşaq hüquqları ilə məşğul olan təşkilatlar bu sahədə müəyyən iş aparır, lakin bu işlər 5-6 il əvvəl olduğu kimi ardıcıl, sistemli və səmərəli deyil”.

Psixoloq Elnur Rüstəmov da deyib ki, bu cür verilişlərin efirə getməsi uşaqların psixikasına həddindən artıq mənfi təsir göstərən amillərdir: "Uşaqlara qarşı zorakılıq, qəddarlıq kimi verilişlərin mənfi fəsadları həddindən artıq çoxdur. Bu cür kadrlar uşaqlarda davranış pozuntusu ilə nəticələnə bilər. Bu narahatlıqdan dolayı onlarda nitq qüsurları da yarana bilər”.

E.Rüstəmovun sözlərinə görə, dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarətyetirmə səhnəsinin efirdə nümayiş etdirilməsi ailələrin özündə də kifayət qədər problemlər yarada bilər: "Təbii ki, ilk növbədə söhbət dayələrə qarşı güvənsizlikdən gedir. Uşaqlarını dayələrə həvalə edən ailələr var ki, bu cür kadrları izləyəndən sonra narahatlıqları birə-beş artacaq. Ola bilsin ki, bir dayənin etdiyi zorakılığın ictimailəşdirilməsi digər dayələrdə qorxu yaradacaq. Onlar daha ehtiyatlı olmağa çalışacaq, uşaqlara qarşı daha nəzakətli olacaqlar. Amma bir şeyi də unutmayaq ki, kifayət qədər təcrübəli və uşaqlara qarşı diqqətli dayələr də var. Bu cür faktların ictimailəşdirilməsi onlara qarşı da güvənsizlik yaradır”.

Psixoloq onu da deyib ki, uşaqları kriminal, zorakılıq tipli verilişlərdən uzaq tutmağın ən yaxşı yolu bu cür verilişlər efirə gedərkən xəbərdaredici işarələrin qoyulmasıdır: "Dünyanın əksər ölkələrində bu praktikadan istifadə olunur. Azərbaycanda fəaliyyət göstərən telekanalların biri neçəsində də bu təcrübədən istifadə edilir. Gecə saatlarında isə bu cür verilişlərin efirə getməsində balans qorunmalıdır. Gecə efirlərini ancaq kriminal xəbərlərlə yükləmək də doğru deyil. Bu zaman insanların gözünə yuxu getmir. Bəzən kriminal verilişlərin gecə saatlarında efirə getməsini uşaqların yatması ilə əlaqələndirirlər. Bu bir tərəfdən doğru yanaşmadır. Ancaq bir məsələ var ki, bu cür verilişlər bəzən böyüklərdə də yuxusuzluq yaradır. Hesab edirəm ki, kriminal verilişlərin strukturu elə qurulmalıdır ki, yalnız xəbəri tamaşaçılara çatdırmaq mahiyyəti daşımasın. Eyni zamanda, maariflənmə funksiyasını yerinə yetirsə, daha məqsədəuyğun olar”.

Şəymən