2014-cü ildə Qarabağın həllinə çox yaxın olduq...

Baş redaktorlar ötən ili və gələcəyi dəyərləndirdilər


                                                                                2014-cü ili bitirib yeni, 2015-ci ilə qədəm qoymağımıza sayılı günlər qalıb. Söz yox ki, cari il ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə tarixə düşüb. Bu ildə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi məqsədilə parlaq addımlar atılıb. Ölkədə qeyri-neft sektorunun inkişafına dair unudulmaz beynəlxalq sazişlər imzalanıb.

Əhalinin sosial rifahının yaxşılaşdırılması, ölkə hüdudlarından kənardakı soydaşlarımızın hüquqlarının qorunması, mətbuatın azadlığı, ağrılı yaramız olan Dağlıq Qarabağ münaqişəsi haqda həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönündə önəmli tədbirlər reallaşıb. Milli təhlükəsizlik və müdafiə sənayesi yüksək templə inkişaf edib. Bir sözlə, 2014-cü il Azərbaycan üçün aktiv tarix yazıb. Düzdür, sadalanan uğurlar hər birimizi sevindirir. Buna rəğmən Qarabağ problemi yenə də həll olunmamış qalır. Münaqişənin tənzimlənməsi istiqamətində Azərbaycan hökuməti ciddi işlər aparsa da, Ermənistanın destruktiv mövqeyi məsələnin həllini uzatdı. Sonda bu ili də Qarabağsız keçindik. Şübhəsiz ki, təzə ilin başlanğıcında yenə hamı "İnşallah, gələn ili torpaqlarımızda qeyd edəcəyik” inamını səsləndirəcək. Allah arzumuza çatdırsın.

Maraqlıdır, görəsən, media kapitanları 2014-cü ildə görülən işlər və növbəti ilin vəd edəcəyi yeniliklər barədə hansı qənaətdədirlər?

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu il Azərbaycanda çox mühüm hadisələr baş verib. Ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib: "Eyni zamanda ölkənin iqtisadi imkanlarının genişləndirilməsi yönündə ciddi addımlar atılıb. TAP layihəsi haqda imzalanan sazişlər ölkəmizin gələcək enerji siyasəti üçün böyük önəm daşıyır”.

Baş yazarın fikrincə, 2014-cü ilin yaddaqalan hadisələrindən biri də cəbhə xəttində yaşanıb: "Vətənin keşiyində böyük hünərlə dayanan hərbiçilərimizin separatçı ölkə helikopterini vurması ordumuzun güclü potensiala malik olduğunu bir daha sübut etdi”.

E.Mirzəbəylinin qənaətincə, ədəbiyyat və incəsənət sahələrində də bir çox uğurlara imza atılıb: "Azərbaycan muğamının tanınması istiqamətində mühüm işlər gerçəkləşib. Azərbaycan musiqisi ilə bağlı dinamik layihələr həyata keçirilib”.

Müsahibimiz bu ili mətbuat sahəsi üçün də əlamətdar sayır: "Azad medianın inkişafı baxımından böyük işlər aparıldı”.

Yeni il barədə proqnozlarına gəlincə, həmsöhbətimiz bəyan edib ki, 2015-ci ildən gözləntiləri çoxdur: "Növbəti ildə bir sıra uğurlu addımların atılacağına inanıram”. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, E.Mirzəbəyli düşünür ki, bu il əlverişli şərait yaranmışdı. Lakin işğalçı rejim separatçılıq mövqeyindən dönmədi: "Beynəlxalq təşkilatlar da süstlük nümayiş etdirdilər. Bu da dünyada hüquq faktorunun ikinci, zor siyasətinin önə keçməsindən irəli gəlir. Zənnimcə, münaqişənin həlli zamanla əlaqədar deyil”.

Sorğumuzu mətbuatın fəaliyyəti baxımından dəyərləndirən "Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli 2014-ü gündəlik işlərinə davam etdikləri il adlandırıb: "2015-ci ildən gözləntilərimiz böyükdür. İlk dəfə Azərbaycanda Avropa oyunları keçiriləcək. Bunun işıqlandırılmasında media çox geniş fəaliyyət göstərməli olacaq. Üstəlik, mətbuatımızn 140 illiyidir. Bu da əlamətdar hadisədir. Dövlət səviyyəsində qeyd olunacaq. Daha sonra evsiz jurnalistlər üçün ikinci binanın istifadəyə verilməsi gələn ilin sonlarına gözlənilir. Zənnimcə, 2014-cü ildə gördüyümüz işlər gündəlik işimiz olmaqla yanaşı, 2015-ci ilə hazırlıq ili kimi qiymətləndirilə bilər”.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, 2014 Azərbaycan tarixinə inkişaf və quruculuq ili kimi düşüb: "Ölkənin iqtisadi, sosial, mədəni, intellektual inkişafı məhz bu ildə daha da gücləndi. Demək olar ki, bütün sahələr üzrə əlamətdar nailiyyətlər qazanılıb”.
Həmsöhbətimizin qənaətincə, bu il mətbuat azadlığının inkişafı baxımından da yaddaqalan olub: "Media cəmiyyətin güzgüsüdür. Azərbaycan mediasının keyfiyyəti cəmiyyətin ümumi keyfiyyət göstəricisi ilə birbaşa əlaqədardır. Jurnalistikaya qəbul qaydalarına yeniliklərin tətbiq edilməsi, ölkə mətbuatına yeni keyfiyyət qatacaq”.

H.Babaoğlu diqqətə çatdırıb ki, cari ildə Azərbaycan beynəlxalq münasibətlərdə öz yerini daha da möhkəmləndirdi: "Dünyada və regionda baş qaldıran kəskin siyasi proseslər zamanı Azərbaycan prezidenti çox doğru strateji qərarlar qəbul etdi. Ölkəmizdə sabitliyin qorunub-saxlanılması da məhz bunun nəticəsidir”. Müsahibimizin bildirdiyinə görə, bu il ordumuzun güclənməsi cəhətdən də unudulmazdır: "Azərbaycan ordusu erməni silahlı qüvvələrinə layiqli cavab verməklə, onlara gücümüzü nümayiş etdirdi. Həm də ölkə daxilində əminlik yaratdı”.

Baş redaktor vurğulayıb ki, bu il Azərbaycanı beynəlxalq dialoq məkanı kimi yaddaşlara həkk etdi: "Ölkədə IV Beynəlxalq humanitar forum və digər dünya miqyaslı tədbirlərin təşkil olunması dediklərimizin əyani sübutudur”.

Müsahibimizin fikrincə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslı xarici siyasət bu il də özünü doğrultdu: "Dünyada gedən siyasi gərginliklər Azərbaycana təsirsiz ötüşdü. Bunlar hamısı həmin siyasətin ürəkaçan nəticələridir”.

Baş yazarın sözlərinə görə, regionların inkişaf tempi bu il də güclənib: "Bütün regionlarda abadlıq-quruculuq işləri aparılır. Əhalinin sosial rifahı və gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması yönündə sevindirici işlər görülür. İşsizlik probleminin aradan qaldırılması dövlətin prioritet istiqamətlərindən biridir. Bir sözlə, ölkəmiz abad və göz oxşayan guşəyə çevrilir”.

Baş redaktor söyləyib ki, bu il ölkəmizin iqtisadiyyatı daha da inkişaf edib: "Dünya bazarında neftin qiymətinin düşməsinin ölkəmizə heç bir təsiri olmadı. Azərbaycan sənayesi inkişaf edir. Bu istiqamətdə işlər gedir. Qeyri-neft sektoru inkişaf etdirilir. Bu da deməyə əsas verir ki, iqtisadiyyatımızın gücü yalnız neftdən asılı deyil. İqtisadi platformada çox dürüst islahatlar gerçəkləşir”.

Həmsöhbətimiz qeyd edib ki, ölkəmizin inkişafı növbəti ildə də davam edəcək: "Azərbaycan inkişaf tempini artıracaq. Nəticədə Dağlıq Qarabağ probleminin həllinə dair yeni əlverişli şərait formalaşacaq”.

"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, bu il silinməz bir tarix yazdı: "Ölkədə sabitlik qorunub-saxlanıldı. İnkişaf meyilləri artdı. Hökumət-cəmiyyət, hökumət-media münasibətləri rəvanlaşdı. Beynəlxalq əlaqələr genişləndi. Azərbaycan qazının Avropaya nəql olunması istiqamətində növbəti saziş imzalandı ki, bu da çox əlamətdar tarixi hadisədir”.

Baş yazar düşünür ki, gələn il də ölkədə sabitlik qorunacaq: "Mənim və bütün Azərbaycan xalqının istəyidir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətindəki proseslər indiki ölü nöqtədən tərpənəcək”.

Ayyət Əhməd