“Alimin kəşfi yoxdursa, o, alim deyil”

Ekspertlər “Elm haqqında” qanunu dəyərləndirdi




Bu günlərdə parlamentin Elm və təhsil komitəsində "Elm haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Yığıncağa millət vəkilləri ilə yanaşı, təhsillə bağlı dövlət qurumlarının nümayəndələri də qatılıblar. Adıçəkilən komitə sədri, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, layihədə elmi fəaliyyətlə məşğul olan gənclərə- magistr və doktorantlara hərbi möhlət hüququnun tanınması nəzərdə tutulub. Bundan başqa, gənc alimlərə sosial güzəştlərin verilməsi və elm adamlarının hər 5 ildən bir attestasiyadan keçməsi məsələləri də yer alıb.

Qanunla bağlı fikirlərini deyən Azərbaycan Təhsil Şurasının sədri, tanınmış təhsil eksperti Əjdər Ağayev "Şərq”ə açıqlamasında qeyd edib ki, belə bir qanunun hazırlanması yaxşı haldır. Onun sözlərinə görə, elmdəki pərakəndəliyin aradan qaldırılmasında qanunun rolu çox böyükdür: "Hər şey qanunla tənzimlənəndə nəticələr məqsədəuyğun olur”.

Magistr və doktorantlara hərbi möhlətin verilməsinə gəlincə, ekspert bunun tərəfdarı olduğunu bildirib: "Çünki magistr və doktorant hərbi xidmətə yollanır. Bu müddət ərzində elmdən uzaq düşür. Xidmətlə bağlı problemlər işə düşəndə öyrəndiklərini unudur. Zəifləmə halı meydana gəlir. Qayıdandan sonra təkrara ehtiyac yaranır. Əksəriyyəti bunu etmir və elmdən uzaqlaşır. Hərbi möhlətin tətbiqi təhsildə fasiləsizliyi həyata keçirməyə xidmət göstərəcək ki, bu da çox yaxşı haldır”.

Ə.Ağayevin fikrincə, elm adamlarının attestasiyadan keçirilməsi zəruridir: "5 il ərzində görülən işlərin hesabatının tələb edilməsi faydalıdır. Attestasiyaların ziyanı deyil, yalnız xeyri var. Həmin təklifi dəstəkləyirəm. Attestasiya elmdə durğunluğu və təsadüfilikləri aradan qaldıracaq. Kadrların məsuliyyətini artıracaq”.

Müsahibimiz hesab edir ki, universitetlərin birləşdirilməsi elə də zəruri məsələ deyil: "Bizim ali təhsil ocaqları xarici universitetlərlə müqayisədə, onların kiçik bir institutuna bənzəyir. Xarici universitetlərin kampusları, binaları, kitabxanaları və laboratoriyaları mövcuddur. Şəhərcik səviyyəsində olur. Məsələn, Atatürk Universitetində olmuşam. Bu tədris ocağını piyada gəzmək çətin məsələdir. Yalnız maşınla gəzib, baxmaq olar. Avropa təhsil sisteminə inteqrasiya gedirsə, maddi-texniki baza və təhsil müəssisələrinin həcmi onlara uyğunlaşdırılmalıdır. Ali məktəblərin birləşdirilməsini vəziyyətdən çıxış yolu saymıram”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, elmin istehsalata tətbiqi mühüm məsələdir: "Alimin kəşfi yoxdursa, o, alim deyil. Alim kəşf etməlidir. İstehsalatda artım olmalıdır. Hansısa mexanizmdə kiçik bir detalın dəyişməsi milyonlarla qazanc gətirə bilər. Tədqiqatlarımızın nəticələri istehsalata keçməyəcəksə, zəhmət çəkməyə dəyməz. Universitet bazamız var. Bu bazalardan istehsalata kömək edən elmi nəticələr əldə etmək olar. Universitet təhsilinə və elmi kadrların hazırlanmasına diqqət ayrılmalıdır”.

Ölkənin təhsil həyatındakı neqativ məqamlara toxunan şura sədri deyib ki, hazırda müdafiə edənlərin əksəriyyətinin öz işindən xəbəri yoxdur: "Çoxları dosent və fəlsəfə doktoru dərəcəsi alıb. Amma yoxlasan, görərsən ki, buna qabiliyyəti çatmır. Sadəcə, hansısa yolla alıblar. Bax, bu "alış-veriş”ə qarşı tədbirlər görülməlidir. Təhsil həyatımızı yüksəltmək, Azərbaycan elminin tərəqqisinə nail olmaq istəyiriksə, "bu filankəsin oğludur, bu da filankəsin qızıdır” faktorlarını aradan qaldırmalıyıq. Vətən naminə kadrlar şəffaf, düzgün, ədalətli, vicdanlı və obyektiv seçilməlidir. Təəssüf ki, bizdə belə anlayışlara məhəl qoyulmur”.

Sonda Ə.Ağayev yeni təkliflər də səsləndirib: "İnanıram ki, sözügedən qanun layihəsi reallaşacaq. Birinci təklifim odur ki, qanunun icrasına güclü nəzarət olunsun. Bir sözlə, hər kəs üzərinə düşən məsuliyyəti qanuni şəkildə yerinə yetirsin. Qanunun aliliyi qorunsun. Vəzifəli və imkanlı adamlar təhsilimizə qanunsuz müdaxilələrini dayandırsınlar. İstəyim və təkliflərim bunlardır”.

Təhsil eksperti Nadir İsrafilov isə söyləyib ki, millət uzun illərdir ali təhsil barədə qanunun tətbiqini gözləyir: "Hər dəfə bəyan edilir ki, "Ali təhsil haqqında” qanun hazırdır. Növbəti sessiyada müzakirəyə qoyulacaq və s. Bu qanun nə zaman qəbul olunacaq? Hələ ki layihə olaraq qalır”.

N.İsrafilov elm adamlarının attestasiyadan keçməsinin vacib olduğunu düşünür: "Önəmli işdir. Təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Amma proses şəffaf şəkildə gerçəkləşməlidir. Kimlərsə qanuna barmaq uzatmalı deyil. Qanun olduğu kimi icra olunsa, hər şey düzələr. Hazırda əksi müşahidə olunur. Qanunun müqəddəsliyi gözlənilmir”.

Elmi dərəcələrin verilməsindən bəhs edən həmsöhbətimizin qənaətincə, bu məsələlərdə vəziyyət daha dözülməzdi: "Məsələn, neft-kimya sahəsi üzrə ölkədə kifayət qədər mütəxəssis var. Müdafiə edib, doktorluq dərəcəsi alıblar. Amma həmin sahə üzrə peşəkara ehtiyac yarananda, həmin "mütəxəssislər” işi üzərinə götürmürlər. Böyük məbləğ sərf edib, xaricdən mütəxəssis çağırılır. Bu fakt işin hansı səviyyədə olduğunu aydınca ortaya qoyur. Bir sözlə, əksər adamların

sahibləndiyi elmi dərəcələr, əziyyət deyil, pul və tapşırıq bahasına əldə olunub. Ona görə də elmimizdə yenilik yoxdur. Azərbaycan təhsili yenilik üzünə həsrətdir”.

Ekspert vurğulayıb ki, plagiatçılıq baş alıb gedir: "Ordan-burdan oğurlayıb iş yazırlar. İş elə yazılmalı deyil. Ortaya bir yenilik qoyulmalıdır. Baxın, həmin plagiat yazıya səs verən elmi rəhbərlərin əksəriyyəti də o yolla gəlib. Bir sözlə, kompleks işlər görülməlidir. Verilən qərarların icrasına da güclü nəzarət olunmalıdır”.

Ayyət Əhməd