2014-cü ildə böyük siyasi proseslər getdi

Asim Mollazadə: “Azərbaycan bu il mövcud təhlükələrdən yayına bildi və öz strategiyasını davam etdirmək üçün zəruri addımlarını atdı”




2014-cü il yekunlaşmaq üzrədir. Bu il ictimai-siyasi həyatda maraqlı hadisələr yaşandı. Mühüm siyasi proseslərlə yanaşı, bir sıra önəmli sosial-iqtisadi layihələr də həyata keçirildi.

Ümumiyyətlə, 2014-cü ili Azərbaycan üçün uğurlu il hesab etmək olarmı? Bu barədə "Şərq”ə danışan Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə yola saldığımız ili Azərbaycan üçün hər baxımdan uğurlu sayır.

- 2014-cü ili Azərbaycan siyasəti üçün nailiyyətli il hesab etmək olarmı?

- Hər il olduğu kimi, 2014-cü ildə də Azərbaycanın ətrafında böyük siyasi proseslər getdi. Düşünürəm ki, yekunlaşan ili ölkəmiz üçün uğurlu hesab etmək olar. Çünki Azərbaycan bu il mövcud təhlükələrdən yayına bildi və öz strategiyasını davam etdirmək üçün zəruri addımlarını atdı. Baxmayaraq ki, keçmiş SSRİ ölkələrində və Avropa Birliyinə daxil olan dövlətlərdə ciddi iqtisadi problemlər oldu, amma Azərbaycan öz müstəqil siyasətini qoruyub saxlaya bildi.

- Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından 2014-cü ili necə qiymətləndirirsiniz?

- Təəssüflər olsun ki, bu istiqamətdə hər hansı ciddi irəliləyiş olmadı. Hər zaman olduğu kimi bu il də Ermənistan öz danışıqlarının imitasiyası siyasətini apardı. Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri də Ermənistanı sülhə məcbur etmək istiqamətində heç bir addım ata bilmədilər.

- 2014-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafını necə qiymətləndirirsiniz, ölkəmiz enerji strategiyasını uğurla həyata keçirə bildimi?

- Mənə elə gəlir ki, Azərbaycan iqtisadi istəklərinə nail ola bildi. Azərbaycanın çox böyük, mühüm enerji layihələri həyata keçdi. TANAP, TAP layihələrinin reallaşması istiqamətində atılan addımları iqtisadi uğur kimi dəyərləndirmək olar.

İsmayıl