Ermənistan inqilaba doğru sürüklənir

Rublun dəyərdən düşməsi asılı Ermənistanın iqtisadi vəziyyətini daha da ağırlaşdırıb




Rusiyanın zəifləyən iqtisadi durumu forpost Ermənistana da təsirsiz ötüşməyib. Onsuz da hər baxımdan acınacaqlı vəziyyətdə olan təcavüzkar Ermənistan xalqın kütləvi etirazları ilə üz-üzə qalıb. Çünki ölkə əhalisi uzun illərdir dözülməz sosial şəraitdən və qaniçən rejimdən əziyyət çəkirlər. Artıq neçə gündür Ermənistanda milli pul vahidi olan dramın dəyərsizləşməsi və ümumi bahalaşmaya qarşı ciddi etiraz aksiyaları davam edir.

Hökumət binasının qarşısına toplaşan etirazçı kütlə 6 tələb irəli sürərək hakimiyyətin bu tələbləri yerinə yetirməsini istəyiblər. Aksiya iştirakçıları zəruri istehlak mallarının və xidmətlərin qiymətlərinin böhrandan əvvəlki həddə endirilməsini, qazdoldurma stansiyalarında qazın

qiymətinin aşağı salınmasını, vətəndaşların dollarla olan kredit borclarının yenidən hesablanmasını, bütün inhisarların aradan qaldırılaraq bazarın liberallaşdırılmasını tələb ediblər.

Etirazın təşəbbüskarları bəyan ediblər ki, əgər bu tələblər yerinə yetirilməzsə, ölkədə sosial partlayış baş verəcək. Bəzi ekspertlərin iddiasına görə, indiki rejim düşdüyü böhranlı vəziyyətdən qurtulmaq məqsədi ilə müəyyən planlar hazırlayır. Deyilənlərə görə, yaxın vaxtlarda taxtından düşəcəyini dərk edən prezident Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyanı öz postuna gətirmək və bununla da Qarabağ klanını hakimiyyətdə saxlamaq istəyir. Məqsəd isə cəmiyyətdəki mövcud narazılığı mümkün qədər səngitməkdir.

Ermənistandakı prosesləri və irəli sürülən iddiaları dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, erməni cəmiyyəti hökumətin başında dayanan Kremldən asılı şəxslərin əhaliyə xoş həyat bəxş edə bilməyəcəklərini anlayırlar: "Ermənistan tamamilə Rusiyadan asılıdır. Bu ölkədə bir balaca əsinti olan kimi Ermənistan əməlli-başlı çalxalanır. Rublun dəyərdən düşməsi asılı Ermənistanın iqtisadi vəziyyətini daha da ağırlaşdırıb. Düzü, Rusiyanın yaxşı vaxtlarında belə işğalçı dövlətin sosial durumu yaxşı olmayıb. Ancaq indiki ağır vəziyyətdə düşmən ölkənin iqtisadiyyatı tamamilə acınacaqlı vəziyyətə düşüb”. Politoloq hesab edir ki, Sarkisyan hakimiyyəti insanların fikrini yayındırmaq, erməni mətbuatındakı gündəmi dəyişmək üçün ortaya müxtəlif iddialar atır: "Ohanyanın gizli danışıqlarla namizədliyinin irəli sürülməsi də bu məqsədlə ortaya atılıb. Sarkisyan rejimi ölkədəki narazılıq diskussiyasını başqa istiqamətə dəyişdirmək istəyir. Hökumət zənn edir ki, bununla etirazların qabağını ala biləcək”. E.Şahinoğlu xatırladıb ki, Ter-Petrosyan Qarabağ klanına daxil deyildi. O, 1996-97-ci illərdə Dağlıq Qarabağın sülh yolu ilə həll olunmasına müəyyən mənada razılıq verdi. Elə ona görə də separatçı Qarabağ klanı eks-prezidenti devirdi: "Nə qədər ki, indiki separatçı rejim hakimiyyətin başındadı, Qarabağ məsələsi həll edilməyəcək. Bu problemin qalması isə erməni əhalisinin firavan həyat sürməsinə mane olacaq. Belə gedişlə ölkə inqilaba doğru sürüklənir. Yeganə çıxış yolu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə razılıq verməkdir”.

İsmayıl