Ən güclü sürüşmə sahəsi Zığdadır

Bu da sıx məskunlaşma ilə bağlıdır




Gözlənilən yağıntıların torpaq sürüşmələrini də aktivləşdirəcəyi əhalini təşvişə salıb. Xüsusən də "məşhur” sürüşmə zonalarında yaşayanlar əndişə keçirir. Haqsız da sayılmazlar. İndiyədək paytaxt sakinləri sürüşmələrin şahidi olub. Rəsmi qurumlar da sürüşmə təhlükəsini istisna etmir. Bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının apardığı monitorinqlər zamanı sürüşmə zonalarında aktivləşmə olmadığı, lakin mövcud çatlarda genişlənmə əmələ gəldiyi aşkarlanmışdı.

Bu sıraya Bayıl, Zığ şossesi, Masazır, Əhmədli qəsəbələri də daxildir. Belə görünür ki, sürüşmə zonaları əhatəsini genişləndirir. Və demək olar ki, paytaxtda sürüşməyə meyilli olmayan ərazi qalmayıb. Xatırladaq ki, Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov sürüşmə zonalarında bəzi qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirmişdi. S.Əmiraslanov ümumilikdə Abşeron yarımadası üzrə sürüşmə zonalarının xəritəsinin hazırlanıb icra hakimiyyətlərinə təqdim edildiyini, həmin xəritədə təhlükəli zonalar göstərildiyini və bu ərazilərdə təsərrüfat işlərinin aparılmamasının tövsiyə olunduğunu bildirmişdi.

Qeyd edək ki, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu günlərdə KİV-ə açıqlamasında sürüşmələrə daha çox antropogen faktorların təsir etdiyini deyib.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən MGKXGPE-nin rəisi Sadiq Əmiraslanov bu gün də ən təhlükəli sürüşmə zonasının Zığ ərazisi olduğunu dedi:

- Abşeron yarımadasında ən güclü sürüşmə sahəsi Zığdadır. Bu da sıx məskunlaşma ilə bağlıdır. Bundan başqa Bayıl, Əhmədli, Masazır da təhlükəli zonalardır. Bütün bu sahələrdə geoloji tədqiqat işləri davam etdirilir. Monitorinqlər mütəmadi aparılır. Xüsusən də, proseslərin daha çox aktiv olduğu hazırkı vaxtda biz monitorinqləri dayandırmırıq.

S.Əmiraslanov da sürüşmə prosesinə təkan verən faktorlar arasında antropogen amillərin önəmli olduğunu bildirdi:

- İlk növbədə təbii ki, antropogen faktorlar sürüşmə prosesini aktivləşdirir. Əlbəttə, atmosfer yağıntılarının da sürüşmələrə ciddi təsiri var. Antropogen (insan amili) faktorlarla təbii faktorlar üst-üstə düşəndə, proses aktivləşir. Bu il noyabr ayının sonu dekabrın əvvəlində yağıntılar intensiv olduğundan sürüşmə zonalarında da müəyyən fəallaşma müşahidə olundu. Amma ümumilikdə Abşeron yarımadasında hazırda ciddi aktivləşmə yoxdur.

S.Əmiraslanov sürüşmələrin qarşısının alınması üçün tədbirlər görüldüyünü bildirdi. Onun sözlərinə görə, Zığ zonasındakı evlərin köçürülməsi ilə bağlı da işlər görülür.

Müstəqil Memarlar Assosiasiyasının sədri Zemfira Budaqova isə "Şərq”ə açıqlamasında sürüşmə təhlükəsinin azaldılması üçün torpağın yükünün azaldılmalı olduğu fikrindədir:

- Abşeron yarımadası gil təbəqəsinin üzərindədir. Bərk süxurlara nisbətən gil təbəqəsi daha çoxdur. Ona görə də yeraltı suların səviyyəsi qalxan kimi gil təbəqəsini yuyur və sürüşmə proseslərinin sürətlənməsi üçün zəmin yaranır. Suyun səviyyəsi qalxdıqca, yeraltı süxurlar islanır və gil təbəqəsində sürüşmə əmələ gətirir. Bayıl zonasında tikilmiş evlərin divarlarından su axır. Vaxtilə orada antikorroziya tədbirləri görülməyib. Qayaların altından su qalxır. Belə yerlər çox təhlükəlidir. Həmçinin dəniz kənarında da ağır evlər - hündürmərtəbəli binalar tikmək təhlükəlidir. Əhmədli qəsəbəsinin də bir tərəfi dənizə söykəndiyindən oranı da su yuyub aparır. Vaxtilə Bakıda 4-5 mərtəbəli binalar tikilirdi. Bu binalar məhz ərazinin geoloji quruluşuna hesablanaraq tikilib. Elə bilirsiniz, ovaxtkı memarların biliyi yox idi, yoxsa onlar 12-16 mərtəbəli binalar tikə bilməzdilər? Binaları ona görə azmərtəbəli layihələndirirdilər ki, ağırlıq yaranmasın. Binalar yerin ağırlıqgötürmə qabiliyyətinə hesablanaraq tikilirdi. Abşeronda dənizə doğru irəlilədikcə, torpaq təbəqəsi azalır, gil təbəqəsi çoxalır. Sadəcə, təbəqə qatı hündür olduğuna görə, alt təbəqə islanır, üst təbəqəyə isə su keçmir. Amma gil təbəqəsi özü-özlüyündə yumşaqdır. Allah eləməsin, orada bir fəlakət baş versə, hər şey yerlə-yeksan olacaq. Ona görə də tikinti aparılarkən bu xüsusiyyətlər nəzərdən qaçmamalıdır. Torpağı həddindən artıq yükləmək olmaz. Sürüşmə proseslərinin qarşısını almaq üçün torpağa dayaqlar vurulmalıdır. Dayaqlar bərk süxurlara - qayalıqlara qədər gedib çıxmalıdır. Bu yolla sürüşmə təhlükəsini önləmək mümkündür.

Məlahət Rzayeva