Sığınacaqdan cinayətə...

Uşaq evində böyüyən ana öz körpəsinin qatili oldu



Azərbaycanda ailə-məişət cinayətlərinin gündən-günə artması günün aktual problemlərindəndir. Millət vəkilləri, Qeyri-hökumət təşkilatları, media orqanlarının dəfələrlə bu məsələ ilə bağlı həyəcan təbili çalmasına rəğmən ortada heç bir nəticə yoxdur. Yenə də hər səhərimiz bu cür cinayətlərlə açılır. Azərbaycanda növbəti dəhşətli qətl hadisəsi Lənkəranda törədilib. Ailə-məişət cinayətlərinin budəfəki qurbanı isə 2 yaşlı körpədir.

Hər nə qədər insanlıqdan kənar olsa da, namus donu geyindirib bacısını öldürən qardaşa, qızının başını kəsən ataya, anasını doğrayan oğula bəraət qazandıranlar tapılır. İçkili olduğu üçün qardaşını, atasını öldürən insanların əməlini də anlamlı vəziyyətdə olmadığı ilə əlaqələndirənlər olur. Bəs dünyaya gözünü yenicə açan, daha ayağı belə yer tutmayan 2 yaşlı Məhəmmədin günahı nə olub ki, öz anası onu əlləri ilə boğub, öldürüb?

Qeyd edək ki, hadisə Lənkəran rayonunun Digah kəndində qeydə alınıb. Kənddə kirayədə qalan 24 yaşlı Sevinc Bayramovanın iki yaşlı oğlu Məhəmməd ölmüş vəziyyətdə aşkarlanıb. Ana hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşlarına uşağın qəbul etdiyi qidadan boğularaq öldüyünü deyib. Amma istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşib. İstintaqa ifadə verən qadın övladını boğduğunu etiraf edib. 2 yaşlı oğlunu boğaraq öldürən 24 yaşlı Sevincin Lənkəranın Digah kəndində kirayədə yaşadığı evin sahibəsi Xalidə Əliyeva isə bildirib ki, onun kirəkeşi iki ay öncə həyətdəki yardımçı yay mənzilində məskunlaşıb. Ötən müddətdə S.Bayramovanın uşağına etinasız münasibət bəsləməsi ev sahibəsinin gözündən yayınmayıb və bununla əlaqədar dəfələrlə ona öyüd-nəsihət verib. X.Əliyeva deyib ki, Sevinc Bayramova uşağını yastıqla boğaraq öldürdüyünü etiraf edib: "Dedi ki, yastıqla boğub, sərbəst yaşamaq istəyir. Daha yalan deyib, doğru deyib, bilmirəm. İki aya yaxındır, burdadır. Mən belə şey görməmişəm”.

Məlumata görə, Sevinc Bayramova uşaq evində böyüyərək tərbiyə olunub. Bir neçə il bundan əvvəl rus millətindən olan oğlanla ailə həyatı qurub. Ondan bir övladı dünyaya gəlib. Yarım il öncə həyat yoldaşı dünyasını dəyişdikdən sonra S.Bayramova yaşadığı mənzildən çıxarılıb. Bir müddət müvəqqəti sığınacaqlarda yaşayandan sonra Digah kəndində məskunlaşıb.

"Təmiz Dünya” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalovanın sözlərinə görə, bu cür bədbəxt hadisələr stereotiplərdən qaynaqlanır: "Övladını tək böyütmək məcburiyyətində qalan və buna imkanı olmayan qadınlara övladlarını dövlət himayəsinə verməyi təklif edirik. Amma bir çox hallarda qadınlar bizim bu təklifimizi aqressiv qarşılayırlar. "Mən anayam”, "övladımı heç vaxt atmaram” deyə duyğusal reaksiyalar verirlər”.

M.Zeynalova bildirib ki, real situasiyanı qiymətləndirməyi bacarmayan qadınlar dünyaya uşaq gətirirlər. Əsas problemlərdən biri budur. Bir uşağa həyat verməzdən əvvəl hər bir valideyn o uşağa vəd etdiyi həyatı gözdən keçirməlidir. Bir uşağa həyat verib, sonradan küçələrə atmaqdan, boğub öldürməkdənsə, heç dünyaya gətirməmək daha məqsədəuyğundur. Hər bir ana ilk növbədə düşünməlidir ki, mən bu uşağı dünyaya gətirsəm, necə və nə ilə böyüdəcəm?

Hüquq müdafiəçisinin sözlərinə görə, uşağı böyütmək imkanı olmayan analar mütləq övladlarını dövlət himayəsinə verməlidir. Heç bir valideynin "uşağıma özüm baxacam” deyib, onu küçələrdə və ac saxlamağa haqqı yoxdur. Amma bizim cəmiyyət hələ buna hazır deyil. Bizim analar övladını dövlət himayəsinə verməyi ondan imtina kimi dəyərləndirir. Halbuki onlar uşaqlarını səfalət içərisində böyütməkdənsə, onu dövlət himayəsinə verib, öz yaşayış şəraitlərini, iqtisadi vəziyyətlərini düzəltdikdən sonra yenidən götürə bilərlər. Ancaq bu zaman da reabilitasiya şəraitindən çıxan şəxsin sonrakı vəziyyətini qiymətləndirmək lazımdır: "Sevinc Bayramova bir müddət sığınacaqda olsa da, görünür, onun reabilitasiya dövrü düzgün başa çatmayıb. O, sığınacaqdan çıxdıqdan sonra monitorinq aparıb, onun sərbəst həyata hazır olub-olmadığı və hansı problemlərinin olduğu öyrənilməli idi”.

Birlik sədrinin sözlərinə görə, Sevinc Bayramovanı öz övladını boğmağa mövcud resurslardan xəbərsiz olması sövq edib: "Görünür, həmin xanımın kifayət qədər maddi çatışmazlıqları, sosial problemləri olub. O özünün çıxılmaz vəziyyətdə olduğunu zənn edərək psixoloji gərginlik içərisində olub. Uşağı körpə olduğu üçün işləyə bilməyib, işləsə, dayə tutmaq və uşağına baxmaq imkanı olmayıb. Üzləşdiyi çətinliklər və çatışmazlıqlar da onu son nəticədə övladını boğmağa sövq edib. Amma istənilən halda ananın bu addımı böyük cinayətdir və üzləşdiyi heç bir problem onun öz körpəsini öldürməsinə bəraət qazandıra bilməz. Əgər sərbəst həyat sürməsi üçün iki yaşlı körpə ona ayaq bağı olurdusa, vaxtında müvafiq qurumlara müraciət edərək körpəsini uşaq evinə verə bilərdi”.

M.Zeynalova hesab edir ki, S.Bayramovanın bu qədər psixoloji gərginlik keçirməsinin və cinayətə əl atmasının bir səbəbi də onun kimsəsiz olması və uşaqlar evində böyüməsi olub: "Görünür, Sevinc Bayramovanın köhnədən qalma travmaları olub. Problemləri artdıqca da, həmin travmalar özünü daha qabarıq şəkildə büruzə verərək onu qatil edib. Sevinc Bayramovanın hansı sığınacaqda olduğunu bilmirəm. Amma hesab edirəm ki, o, sığınacaqda olarkən onunla psixoloqlar işləməli və mövcud travmalarını aradan qaldırmalı idilər. Həmçinin də bayaq dediyim kimi, xanımın sonrakı həyat tərzi ilə bağlı monitorinqlər aparılmalı idi. Çünki onun uşaqlığı da normal keçməyib. Sevinc Bayramova uşaqlar evində böyüyüb, tərbiyə olunub. Valideyn himayəsindən məhrum olması da onda müəyyən aqressiyalar yaradıb”.

Şəymən