Rusiyadakı böhran İrəvanı da vurdu

Artıq erməni rəsmilər narahatlıqlarını bildirirlər




Rus rublunun dəyərdən düşməsi Ermənistana da təsirsiz ötüşməyib. Şimal qonşumuzdakı ermənilərin geriyə dönüşü, düşmən ölkənin onsuz da gücsüz olan iqtisadiyyatını iflic duruma salıb.

Artıq Ermənistan rəsmiləri SOS siqnalı veriblər. İqtisadi siyasətlərinin iflasa uğradığını bildiriblər. Belə ki, Ermənistan müdafiə naziri Seyran Ohanyan ölkəsinin çətin vəziyyətə düşdüyünü bəyan edib. Erməni nazirin açıqlamasını şərh edən "Trend” İnformasiya Agentliyinin analitiki, politoloq Arzu Nağıyev "Şərq”ə söyləyib ki, S.Ohanyan özünü sığortalamağa çalışır. Ekspertin sözlərinə görə, dövlət üçün ordu saxlamaq həddən artıq baha başa gələn bir məsələdir: "Çünki ordu heç nə istehsal etmir, əksinə, istehlak edir. Bundan başqa, büdcənin çox hissəsi orduya, daha doğrusu, onun döyüş qabiliyyətini yüksək səviyyədə saxlamağa sərf olunur. Ən maraqlısı odur ki, vətəndaş cəmiyyətində vergi ödəyicisi olan şəxs əsgəri çağırışdan sonra orduda əksinə, verginin istifadəçisinə çevrilir. Ermənistan ordusu isə daima Rusiyadan və onun büdcəsindən yararlanan bir ordudur. Ermənistan silahlanma, ərzaq və digər təminatda Rusiyadan həddən artıq asılıdır. S.Ohanyanı qorxudan cəhətlərdən biri, onsuz da acınacaqlı vəziyyətdə olan Ermənistan büdcəsinin ordu ilə əlaqəli hissəsinin çatışmazlığıdır. Məlumdur ki, ac-yalavac əsgərin döyüş qabiliyyəti ola bilməz. Diaspora vəsaiti ilə də ordu saxlamaq qeyri-mümkündür. Məhz belə şəraitdə intiharlar və fərarilik, hərbi əməliyyatlar zamanı itkilər, məğlubiyyətlər baş alıb gedəcək”.

Rusiyadakı böhranın separatçı ölkəyə təsir göstərdiyini deyən ekspert qeyd edib ki, Kreml sanksiyalarla əlaqədar mürəkkəb iqtisadi vəziyyətə düşüb: "Bundan asılı olaraq Ermənistan ordusuna edilən yardımlar xeyli azalıb. Belə vəziyyət eyni zamanda müasir silahların əldə edilməsini çətinləşdirir. Döyüş qabiliyyətinin həddən artıq aşağı düşməsinə gətirib çıxarır. Ohanyan müasir silahlarla silahlanmış, döyüş qabiliyyəti günbəgün artan Azərbaycan ordusunun haqq savaşının qarşısında tab gətirə bilməyəcəklərini anlayıb. Gələcək üçün pessimist proqnozlar verməsinin də səbəbi budur”.

Ayyət Əhməd