Borçalı - azərbaycançılığın qorunduğu yurd yeridir

Ziyalılarımız bu qədim torpaqda dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, mənəvi dəyərlərimizi yaşatmaq üçün mücadilələr verir




Harada azərbaycanlı var, orada dilimiz də, adətlərimiz də yaşayır. Azərbaycanlılar yalnız Azərbaycan Respublikası ərazisində yaşamır, habelə ölkəmizlə həmsərhəd olan və olmayan məmləkətlərdə də kompakt halda məskunlaşıblar. Onlar üzərində həyat qurduqları torpaqları Azərbaycanımızın bir parçasına çevirib. Tarixə nəzər salsaq görərik ki, o yurdlar həqiqətən də vaxtilə Azərbaycan ərazisi olub. Lakin sonradan müxtəlif yollarla bizdən qoparılıb. Bəzi torpaqlarımız işğal nəticəsində əlimizdən çıxıb, bəziləri tərəfimizdən qonşulara hədiyyə edilib, bəzilərisə özümüzlə məsləhət edilmədən qonşu dövlətlər arasında bölünüb. Xoşbəxtlikdən, tarixi torpaqlarımızın üstündə əsasən Azərbaycan türkləri gəzib. Güney Azərbaycanda da, Dərbənddə də, Borçalıda da belədir. Təəssüflər olsun ki, bunu erməni işğalında olan Qərbi Azərbaycan və Dağlıq Qarabağa şamil edə bilmirik.

Azərbaycanlıların sıx şəkildə yaşadığı məmləkətlərin hər birində ana dilimiz, mədəniyyətimiz, folklor dünyamız, mənəvi dəyərlərimiz də öz varlığını qoruyub saxlayır. Gürcüstan Respublikasının ərazisinə daxil olan Borçalı mahalı da dilimizin, milli dəyərlərimizin, varlığımızın qorunduğu yurd yerlərimizdəndir. Borçalı əsilli insanlarla söhbətlər zamanı məlum olur ki, orada azərbaycançılıq, tükçülük tarixin bütün dönəmlərində qorunub, yüksək mərtəbədə tutulub. Borçalı türklərinin, demək olar ki, hamısı azərbaycanlı olması ilə fəxr edir, bu böyük xalqın təmsilçisi olmasından qürur duyur.

Borçalı ziyalıları, qələm adamları istər çar Rusiyası, istər Sovet dövründə, istərsə də müstəqillik illərində azərbaycançılıqla bağlı böyük işlər görmüşdü. Borçalı əsilli fikir adamları Azərbaycan dilində təhsilin formalaşmasında, ədəbiyyatın yaranmasında, ümumiyyətlə, maarifçilik sahəsinin inkişafında misilsiz rol oynayıb. Sovet dövründə Borçalıda dilimizdə bir neçə adda qəzet və jurnal, ədəbi dərgilər işıq üzü görürdü. "Sovet Gürcüstanı” qəzetində dilimizin, ədəbiyyatımızın keşiyində duran ziyalılar, jurnalistlər azərbaycançılığı yaymağı da məqsəd kimi öz qarşısına qoyub. Bəlkə də bunun nəticəsidir ki, ötən əsrin 80-ci illərinin sonunda yetişən gənclikdə azərbaycançılıq sevgisi daha yüksək olub.

Bu torpaqda yetişən ziyalılar Azərbaycan xalqının tarixinə böyük töhfələr verib. Orada doğulub burada məşhurlaşan aydınlar milli ruhun formalaşmasında və təbliğində önəmli xidmətlərə malikdir. Hətta deyərdik ki, 1988-ci ildə Bakıda vüsət alan Milli Azadlıq Hərəkatında borçalıların rolu az deyildi. Tanınmış ziyalılarımız azərbaycanlı olduqlarını qürurla dilə gətirib, bu istiqamətdə yazılar yazır, kitablar nəşr edir, geniş şəkildə təbliğat işi aparıblar.

Hazırda adı dəyişdirilərək Kvemo-Kartli edilən qədim Borçalı mahalından Azərbaycan Respublikasına köçüb gələn ailələr saysız-hesabsızdır. Onların sırasında fikir adamları, ziyalılar, qələm sahibləri də var. Bu da təbii ki, dilimizə, varlığımıza zərbə vuran amildir. Azərbaycan dilli məktəblərin qapadılması, onların bazasında gürcü dilli təhsilin inkişaf etdirilməsi hər bir azərbaycanlını narahat edir. Bütün bunlara baxmayaraq, torpağa, yurda bağlı ziyalılar Azərbaycan xalqının bu əbədi və əzəli torpağının keşiyində durmaqda davam edir. Dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi, mənəvi dəyərlərimizi yaşatmaq üçün mücadilələr verir.

Bəziləri hesab edir ki, artıq Borçalıda azərbaycançılıq məfkurəsinə xidmət edən insanların sırası seyrəlir, guya ki, soydaşlarımız milli dəyərlərimizə o qədər də bağlı deyil. Amma bunun əksini deyənlər də var. 
Tanınmış şair-tərcüməçi, "Borçalı” Cəmiyyətinin keçmiş rəhbəri, nüfuzlu ziyalı Eyvaz Borçalı isə bildirib ki, Borçalı yenə də azərbaycançılıq ocaqlarından, məktəblərindən biri kimi bu ali dəyərə xidmət edir. 
E.Borçalının sözlərinə görə, azərbaycançılıq məfhumu müqəddəs bir hiss kimi özünü tanıyan, keçmişinə sahib durmağı bacaran, dəyərlərinə hörmət edən bütün borçalılıların ürəyində qərar tutub. Borçalı əsilli ziyalıların daim bu məfkurəyə xidmət göstərdiyini deyən E.Borçalının sözlərinə görə, elə Borçalı ziyalıları olub ki, bir neçə nəslin tərbiyəsində müstəsna rol oynayıb: "Elə şəxsiyyətlər var ki, onlar bir deyil, bir neçə nəslin tərbiyəsində böyük xidmətlər göstərib. Onların ikisinin adını çəkəcəyəm. Bu şəxsiyyətlərdən biri böyük yazıçı-şair, pedaqoq Abdulla Şaiqdir. Onun əsərləri bir neçə nəsli öyrədib. O biri isə böyük ədib, həkim, ictimai-siyasi xadim, pedaqoq Nəriman Nərimanovdur. Bu insanların yazdığı əsərlərin tərbiyəvi əhəmiyyəti danılmazdır. Onların dövründə də, sonrakı illərdə də Borçalıda azərbaycançılıq çox yüksək səviyyədə inkişaf edib. Bu sahədə heç bir problem olmayıb. Azərbaycan ziyalılarının da yaşayıb yaratdığı Tiflis Qafqazın mədəniyyət mərkəzlərindən biri idi. "Molla Nəsrəddin” jurnalı da ilk dəfə burada nəşr olunmuşdu. Borçalı türkləri tarixən dilimizi, mədəniyyətimizi, türkçülüyümüzü, azərbaycançılığımızı çox qaydasında qoruyub”.

E.Borçalının dediyinə görə, Borçalıda Azərbaycan dilli məktəblərin azalması, tədrisin zəifləməsi, məktəblərdə dərs deyən müəllimlərin orta yaş həddinin 60-ı keçməsi xeyli problemlər yaradır: "Borçalıda təhsil zəifləyib, müəllimlərin çox hissəsi yaşlı adamlardır, gənclər müəllimliklə məşğul olmaq istəmir. Bu da çox böyük problemlər yaradır. Gənc nəslin ədəbiyyatdan uzaq düşməsi də narahatedici faktlardır. Düzdür, heç burada da kitab oxuyan o qədər çox deyil. İnternet çıxandan sonra camaatın kitaba marağı azalıb. Heç Borçalıda yaşayan azərbaycanlı balalarının internetdən istifadə etmək imkanı belə yoxdur. Təhsilin zəifləməsinə, uşaqların ədəbiyyatdan kənar düşməsinə baxmayaraq, yaşlı nəsil də, gənclər də azərbaycanlı olması ilə fəxr edir və hər kəs öz sahəsində dilimizi qorumağa çalışır. Azərbaycanlı olmaq, böyük bir mədəniyyətə, dilə, ədəbiyyata sahiblik hər bir Borçalı sakininin qürur mənbəyidir”.
O deyib ki, bu gün Borçalıda azərbaycançılıqla bağlı konkret əsərlər yazılmasa da, elmi-tədqiqat işləri aparılmasa da, qələmə alınan hər bir yazının özəyini milli mənliyimiz təşkil edir.

Vaxtilə Borçalıda ziyalıların, şair və yazıçıların təşəbbüsü ilə müxtəlif adda dərgilər çıxıb: "Onlardan biri də "Dan ulduzu” dərgisi idi. Orada Borçalıda yaşayıb-yaradan şairlərin, alimlərin, yazıçıların əsərləri dərc edilirdi. Onun bir neçə cildi işıq üzü gördü. İstərdim ki, bu dərginin yeni sayları da çap olunsun. Son dövrlər Azərbaycan hökuməti Borçalı türklərinin qayğısına qalır. Dövlətimizin təşəbbüsü ilə Azərbaycan dilində mətbu orqanlar çap olunur, Azərbaycan Mədəniyyət Mərkəzləri fəaliyyətə başlayır. Ziyalılar azərbaycançılığın təbliği istiqamətində çox böyük işlər görür. Təhsildə vəziyyət düzəlsə, hər şey yavaş-yavaş qaydasına düşəcək. Borçalı aşıqları dilimizi, xalq ədəbiyyatımızı çox yüksək səviyyədə qoruyur. Aşıqlarımızın ifası bütün türk dünyasında məşhurdur”.

Gürcüstan hökuməti tərəfindən Borçalıda azərbaycanlıların yaşadığı kəndlərin, yer-yurd adlarının dəyişdirilməsi faktı oxucularımıza məlumdur. Azərbaycançılığımızın, türkçülüyümüzün nişanələrini, izlərini özündə daşıyan bu adların dəyişdirilməsi azərbaycanlıların izlərinin o yerlərdən silinməsinə xidmət edir. Yəqin bu tendensiyanı həyata keçirənlərin də məqsədi elə bu olub.

E.Borçalının sözlərinə görə, bir müddət əvvəl yerli hökumət Marneuli (Sarvan) rayonunda azərbaycanlıların yaşadığı 17 kəndin adının dəyişdirilərək gürcüləşdirilməsilə əlaqədar qərar qəbul edibmiş: "Məlumat aldıq ki, Marneulidə 17 kəndin adı da gürcüləşdirilib. Bakıda yaşayan Borçalı əsilli ziyalılar bir araya gələrək Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə gürcüləşdirilmiş kənd adlarının bərpa edilməsilə bağlı müraciət ünvanladıq. Sağ olsun, müraciətimizə əməl etdi və adlar yenidən qaytarıldı. Hökumət rəsmi şəkildə bəyan etdi ki, 20 il əvvəl azərbaycanlıların yaşadığı kəndlərin adlarının dəyişdirilməsi prosesinə başlanmasının özü səhv olub. Gürcüstan dövləti bu prosesin dayandırılması istiqamətində addımlar atacaq. Bunu özləri etiraf etdi. Bolnisi rayonunda da 38-ə yaxın kəndimizin adı gürcüləşdirilib, onların da yenidən bərpası üçün Gürcüstan hökumətinə müraciət ünvanlayacağıq. Düşünürəm ki, "yox” cavabı almayacağıq. Digər bir müraciətimiz isə Borçalı adının qaytarılması ilə bağlıdır. Əvvəllər Borçalı sultanlığı olub, sonra bu sultanlıq qəzaya çevrilib. XX əsrin 2-ci yarısından sonra isə rəsmi olaraq Borçalı adı ümumiyyətlə götürülüb. Borçalı rəsmi qaydada Kvemo-Kartli adlandırılıb. İstəyirik ki, rəsmi olaraq Borçalı adını qaytaraq. Bu gün Gürcüstanda İmireti, Kaxeti, Meqrelia kimi mahallar öz tarixi adlarını qoruyur. Onların yaşdaşı olan və tarixdə bu adlara yoldaşlıq edən Borçalının adı rəsmi olaraq bərpa edilməlidir”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb