Prezident əfv sərəncamı imzaladı: Siyahıda 2 NİDA-çının, Əvəz Zeynallının, Qurban Məmmədovun adı var






Prezident İlham Əliyev dünən əfv sərəncamı imzalayıb. Sərəncamla bir çox tanınmış şəxslər azadlığa buraxılıb. Bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibi Səadət Bənənyarlı məlumat verib. Onun sözlərinə görə, əfv siyahısında 2 NİDA-çının adı var:
"Onlar Üzeyir Məmmədli və Zaur Qurbanlıdır”.
Siyahıda həmçinin jurnalist Əvəz Zeynallının adı var. Əfvə eyni zamanda İsmayıllı məhbuslarından 3 nəfər, Hicab məhbuslarından isə 2 nəfərin adı daxil olub. Sərəncam ümumilikdə 87 məhbusa şamil edilib.
Novella Cəfəroğlu isə bildirib ki, onların təqdim etdikləri siyahıdan 10 nəfər azadlığa çıxacaq. Onların arasında Qurban Məmmədov və Sərdar Əlibəyli də var.
Dövlət başçısının addımını dəyərləndirən İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibi Səadət Bənənyarlı "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, çox müsbət hadisədir: "Siyahımızda olanlardan 10-u azadlığa çıxır. Digərlərinin məsələsi isə gündəmdədir. İnşallah, onlar da tezliklə azadlığa qovuşarlar. Bunu yalnız təqdir etmək olar”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı da bunun ürəkaçan təşəbbüs olduğunu söyləyib: "Çox sevindirici haldır. Bizim monitorinq qrupunun Əfv Komissiyasına ünvanladığı müraciətdən 10 nəfər azadlığa buraxılıb. Bu həm biz hüquq müdafiəçiləri, həm də azadlığa buraxılanlar üçün böyük bir hadisədir. Çox arzuolunan və ürəyəyatımlı addımdır”.

Ayyət Əhməd