Heydər məscidi tolerantlığın simvolu olacaq

Hacı Şahin Həsənli: “Bu məsciddə hansı məzhəbə aid olmasından asılı olmayaraq insanlar sərbəst şəkildə ibadət edə bilərlər”
Fazil Mustafa: “Zənnimcə, yeni məscid də tolerant bir ocaq olacaq və bütün insanlar rahatlıqla namazlarını qılacaqlar”


Bu günlərdə Bakıda Heydər məscidinin açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Heydər məscidinin açılışı münasibətilə keçirilən mərasimə qatılıblar. Dövlət başçısı yığıncaqda çıxış edərək ölkəmizin həyatında əlamətdar və tarixi hadisə olan Heydər məscidinin açılışı münasibətilə təbriklərini çatdırıb.

Sonra Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış ediblər. Sonda ulu öndər Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın, o cümlədən Vətən uğrunda şəhid olanların ruhuna fatihə verilib.

Məlumat üçün bildirək ki, İ.Əliyev məscidin tikintisini daim diqqət mərkəzində saxlayıb. Burada həyata keçirilən inşaat işlərinin gedişi ilə yaxından maraqlanıb. Mütəmadi olaraq görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub. Günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.

Hadisəni təqdir edən ilahiyyatçı Hacı Şahin Həsənli "Şərq”ə açıqlamasında söyləyib ki, dövlət dinə xüsusi qayğı göstərir: "Bu cür böyük bir məscidin dindarların istifadəsinə verilməsi çox müsbət haldır. Ölkəmizin dini dəyərlərə sədaqətini göstərir”.

Ölkəmizdə inanclıların sayının artdığını deyən müsahibimiz bildirib ki, məscidlər məzhəblərə bölünməli deyil: "Bu məsciddə də hansı məzhəbə aid olmasından asılı olmayaraq insanlar sərbəst şəkildə ibadət edə bilərlər. Hər kəs sərbəstdir. Müsəlmanlara məzhəb fərqi qoyulmayacaq. Rahat şəkildə ibadətlərini həyata keçirə bilərlər”.

Məscidin Allah evi olduğunu vurğulayan millət vəkili Fazil Mustafa da qeyd edib ki, o evə heç kəs öz qaydasını diktə edə bilməz: "Baxın, nümunə olaraq Əjdərbəy məscidini göstərə bilərik. Orda məzhəbindən asılı olmayaraq bütün insanlar rahat şəkildə namazlarını qılırlar. Ən tolerant məsciddir. Yeni məscidin də bu cür olması lazımdır. Allahın evində ümumi şəkildə bir namaz olmalıdır. Bütün məzhəblərdən olanlar gəlib, iştirak edə bilərlər. Tolerantlığı qorumaq lazımdır. İnsanlar başa düşməlidirlər ki, hamı bir yerdə rahatlıqla ibadətini edə bilər. Zənnimcə, yeni məscid də tolerant bir ocaq olacaq və bütün insanlar rahatlıqla namazlarını qılacaqlar”.

Ayyət Əhməd