Müsavatda kimin başqan olması heç nəyi dəyişməyəcək

“Partiya 20 ildən artıqdır ki, müxalifətdədir”




Müsavat Partiyasındakı gərginlik səngimək əvəzinə, getdikcə daha da şiddətlənir. Eks-başqan İsa Qəmbər Müsavatdan getdiyini bəyan etsə də, partiya daxilində baş verən proseslərə öz kəskin münasibətini bildirməkdə davam edir. Hətta İ.Qəmbər daha da irəli gedərək qurultaydan narazı qalan müsavatçıları hakimiyyətə işləməkdə ittiham edib. Məclisin növbədənkənar iclasında çıxış edən eks-başqan qurultayla bağlı iradları böhtan adlandırıb:

"Yenidən hakimiyyətin köməyi ilə qurultay keçirmək kimə nə verəcək? Bunlar xam xəyallardır. Heç kim düşünməsin ki, çirkin maraqlarını bəzəməklə, mahiyyətini gizlədəcək. Hər kəs özü üçün nəticə çıxarsın”. Qubad İbadoğlu da səssiz qalmayıb və qarşı tərəfə olduqca sərt cavab verib. Narazıların lideri deyib ki, qarşı tərəf bizim üçün fişəngə bənzəyir, həm özləri və həm də parlaq izləri çoxdan sönüb. Ona görə də harda və nə deməklərinin mənası qalmır: "Azərbaycan ictimaiyyəti kimin kim olduğunu, kimin yalan, kimin doğru danışdığını çox yaxşı bilir. Bizim fəaliyyətimiz partiya nizamnaməsi çərçivəsində davam edəcək və həmişəki kimi partiya üzvlərinin iradəsi ilə hədəflərimizə çatacağıq”.

Siyasi şərhçi Azər Rəşidoğlu hesab edir ki, İsa Qəmbərdən sonra kimliyindən asılı olmayaraq, partiyanın başında duracaq şəxs heç də əksəriyyətin lideri ola bilməyəcək: "Bu, öncədən bəlli idi. Təəssüf ki, bu illər ərzində partiyada yeni lider yetişmədi. Yəqin ki, qarşıdurma dərinləşəcək. Digər tərəfdən, Arif Hacılı və Qubad İbadoğlu arasında hər hansı bir razılaşmanın əldə olunması da bir qədər problemli görünür. Ola bilər hansısa aralıq mərhələ üçün razılığa gələ bilsinlər. Amma prosesə qlobal baxdıqda, onların konsensusa gələcəyi ağlabatan deyil. Əslində Qubad İbadoğlunun, Arif Hacılının və ya bir başqasının başqan seçilməsinin elə bir önəmi yoxdur. Partiya 20 ildən artıqdır ki, müxalifətdədir. Bir neçə seçkiləri uduzub, uğursuzluqlara düçar olub və bu uğursuzluq zolağını keçə bilmir”.

A.Rəşidoğlunun fikrincə, İsa Qəmbərin, Qubad İbadoğlunun və ya Arif Hacılının başqan olması heç nəyi dəyişmir: "Mövcud paradiqmalarla uğurlara imza atmaq mümkün olmayacaq. Siyasi nümunələr dəyişməlidir. Mücərrəd ideyalarla, "Rəsulzadə-Elçibəy yolu”, "Biz bu seçkidə də mənəvi qələbə qazandıq”, "Növbəti il daha maraqlı olacaq” kimi şüarlarla prosesi davam etdirmək mümkün olmur. Odur ki, yeni sədr məhz, yeni düşüncə tərzi, yeni nümunələr, yeni paradiqmalar gətirməlidir. Hər şeyin kökündə uğursuzluqlar dayanır. Təbii ki, burada xarici təsirlər də var, partiya daxilində müxtəlif qruplara kənardan və digər maraq qruplarından təsirlər olur. Bunlar son nəticədə partiyanın parçalanmasına gətirib çıxaracaq”. Politoloq bildirib ki, bu qarşıdurmalar İsa Qəmbərin özünə də sərf edir: "Əgər Arif Hacılı partiyada nəzarəti tam ələ götürəcəkdisə, o, partiyanın qeyd-şərtsiz lideri olacaq. Bu isə artıq 2018-ci ildə prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan etmiş İsa Qəmbərin bir siyasətçi kimi maraqlarına cavab vermir. Bu baxımdan, Arif Hacılı bir zəif başqan kimi İsa Qəmbərin də maraqlarına uyğundur”.

Milli Məclisin sabiq deputatı, Yurddaş Partiyasının sədri Mais Səfərli də söyləyib ki, müsavatçılar İsa Qəmbərin avtoritar idarəçiliyi ilə barışmayacaq: "Son hadisələr göstərir ki, Müsavat Partiyası dağılmaq üzrədir. Ehtimal ki, hazırkı rəhbərlik parçalanma təhlükəsinin qarşısını ala bilməyəcək və bu partiya vaxtilə AXCP-nin yaşadığı taleyi yaşayacaq”. M.Səfərlinin sözlərinə görə, Müsavatdakı kütləvi istefalar İsa Qəmbərin qurduğu diktaturaya görədir: "Əslində İsa Qəmbər başqanlıqdan çoxdan getməli idi. 2009-cu ildə onun başqanlıq müddəti başa çatırdı. Nə az-nə çox, düz beş il qurultayı müxtəlif bəhanələrlə uzadıb, öz ömrünü uzatmağa çalışdı. Görəndə ki, artıq qurultayı uzada bilmir, formal başqan seçdirib, partiyaya nəzarəti əldə saxlamaq istəyir. Uzun müddətdir bu partiyada fəaliyyət göstərən müsavatçılar bununla barışmır və kütləvi istefalar da məhz bundan qaynaqlanır. Heç bir zərurət olmadığı halda mitinq edib, diqqəti yayındırmağa çalışsalar da, bu da effekt vermədi. Açıq şəkildə demək olar ki, Müsavat Partiyası bir neçə yerə parçalanacaq və bu partiya siyasi səhnəni birdəfəlik tərk edəcək”.

İsmayıl