“Biz bayramı Nemət həbsxanadan çıxdığı gün qeyd edəcəyik”

“Ailə durumu, səhhəti və xidmətlərinin nəzərə alınmasını istəyərdim, 6 uşağımız var”




"Hər əfv vaxtı gözümüz yollarda qalsa da, nəticə olmur. Gözləməkdən başqa çarəmiz qalmayıb”. Bu sözləri "Şərq”ə hazırda həbsdə olan Milli Azadlıq Hərəkatının liderindən olan Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı deyib. Onun sözlərinə görə, N.Pənahlının səhhəti çox ağırdır:

"Şəkər xəstəliyindən əziyyət çəkir. Saxlandığı şərait xəstəliyini daha da dözülməz edir. Qapalı şəraitdə, havasız bir yerdir. Sağlıq durumunun yaxşı olduğunu söyləyə bilmərəm”.

Həyat yoldaşının əfv olunmasından söz açan H.Pənahlı qeyd edib ki, əfvin ona şamil olunub-olunmayacağı barədə heç nə bilmir: "Bu gün telefonla danışmışam. Hər halda əfv ona şamil edilsə idi, məlumatı olardı”.

H.Pənahlı həyat yoldaşının durumunun nəzərə alınmasını istəyir: "Ailə durumu, səhhəti və xidmətlərinin nəzərə alınmasını istəyərdim. 6 uşağımız var. Bu günə kimi bizlə maraqlanan olmayıb. Ailə başsız qalıb. Yenə də gözləyirik. Qanunla iki ili qalsa da, bəlkə də əfvə düşə deyə ümid edirik”.

Müsahibimiz vurğulayıb ki, Nemət heç vaxt millətinə və dövlətinə qarşı olmayıb: "O, millət və dövlət yolunda ailəsini də güdaza verər. Mənə və övladlarıma ən pis təsir edən də budur. Nemət nəyə görə təhlükəli bir adam kimi saxlanılır, bilmirəm. Bəlkə də onun haqqında çox şey yanlış çatdırılır. Mənim üçün bayram Nemətin həbsxanadan sağ çıxdığı gün olacaq. Bayramı onda qeyd edəcəyik”.

Ayyət Əhməd