Ziyanın təzə avtobuslarında it və pişiklər üçün də yer var

Od qiymətinə Türkiyədən gətirilən avtobuslarda heyvan şəkillərini niyə silirlər?


Paytaxtda xəttə buraxılan yeni avtobuslarla bağlı söz-söhbətlər səngimir. Yeni avtobusların gətirilməsi ilə gediş haqlarının qaldırılacağı ehtimalı ictimai nəqliyyatdan intensiv istifadə edənlərin narahatlığına, indi başqa bir müəmma da əlavə olunub. Bu da təzə avtobuslarda insanlarla yanaşı, heyvanların da sərnişin qismində birgə istifadə edə biləcəyidir.

Ötən gün 65 saylı marşrut üzrə təzə avtobusda "siftə” edən aktyor İlqar Cahangir şəxsi "facebook” səhifəsində bundan danışıb. Aktyor yazıb ki, avtobusun salonunda hər kəs ona maraqla baxırmış. Aktyor sonra fərqinə varıb ki, demə, yan tərəfdə it şəkli var. Yəni, itlər də avtobusdan istifadə edə bilər. Sərnişinlərin marağına səbəb olan da bu imiş. Təbii ki, burada söhbət iti ilə avtobusa minəcək sərnişinlərdən gedir. Avtobuslarda belə sərnişinlər üçün xüsusi yer ayrılıb. Başqalarını narahat etməsinlər deyə. Amma bizim camaat Avropa qiyafəli, fəqət şərq, daha dəqiq, sırf azərbaycanlı təfəkkürünə sahib olduqlarından itlərlə, pişiklərlə, yaxud adına insan deyilməyən hər hansı canlı ilə eyni məkanı paylaşmaq istəmədiklərindən yeni avtobuslardakı bu avropasayağılıqdan da narazıdırlar. Baxmayaraq ki, qarşıdan Azərbaycanın sahiblik edəcəyi ilk Avropa Olimpiya Oyunları gəlir və biz buna ciddi hazırlaşırıq. Yaxşı, bəlkə, sabah bir avropalı olimpiya oyunlarını izləmək üçün möhtəşəm paytaxtımıza gəldi və özüylə də, heç vaxt ayrılmadığı, hətta yatağında da yanında uyutduğu itini və ya pişiyini özüylə gətirdi və Ziya Məmmədovun 150 min avroya aldığı iddia edilən həmin avtobuslara mindi. Bunu görən sərnişinlər o avropalını fitə basacaqlar? Avtobusdan düşürəcəklər? Necə olacaq bu iş?

Yeni avtobuslara sahiblik edən "Xaliq Faiqoğlu” MMC işin çəmini artıq tapıb. Şirkət rəsmisi Füzuli Sadıqov deyib ki, it şəklinin avtobuslardan silinməsinə göstəriş verəcək. Əslində, it şəklinin avtoubslardan silinməsi o şəklin ora vurulmasından qat-qat artıq təəccüblüdür və hətta anomaliyadır. Bunu belə başa düşməliyik ki, bizdə itlə, pişiklə avtobusa minmək olmaz?! Belə qadağa varmı? Bir halda ki, bu "od qiyməti” avtobuslar Türkiyədən gətirilib və xüsusilə Avropa Oyunlarına hazırlaşan bir şəhər üçün nəzərdə tutulur, niyə qaydaları pozuruq? Türkiyədə "itlə gəzən” avtobus Bakıya gələndə niyə iti aşağı "endirir”? Budur, bizim avropalığımız?!

Bu qəribə olaya Evsiz Heyvanların Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadənin reaksiyasını öyrəndik. L.Əlizadə it şəklinin avtobusa vurulmasını normal və lazımlı hal kimi qiymətləndirdi:

- Belə avtobuslar varsa, bu, bizi sevindirir. Xəbər çox yaxşıdır və çox düzgün hərəkətdir. Amma niyə o şəkli silmək istəyirlər? Bunu anlamıram. Biz çox zaman heyvanları baytar həkimə aparmalı oluruq. Hər dəfə onları həkimə taksi ilə aparmağa pulumuz olmur, imkanımız buna çatmır. Belə avtobuslar olsa, bizim işimiz də yüngülləşər. Bundan başqa, elə adamlar var, öz heyvanları ilə bir yerə getmək istəyir. Hamının şəxsi avtomobili yoxdur. Niyə bu insanlara belə imkan yaradılmasın ki, onlar da öz itlərini, pişiklərini istədikləri yerə apara bilsinlər?!

L.Əlizadə qarşıda gözlənilən Avropa Olimpiya Oyunlarına da diqqət çəkdi:

- Mən əminəm ki, olimpiya oyunlarının iştirakçıları arasında öz itləri, pişikləri ilə gələnlər olacaq. Çünki elə məşhur idmançılar var ki, hara gedirlər, heyvanları da özləri ilə aparırlar. Ev heyvanlarının da daşınması icazə verilən avtobusların şəhərimizdə olması xarici qonaqlara da xoş təsir bağışlayar. Əgər biz Avropaya inteqrasiya yolunu tutmuşuqsa, belə hallara da alışmalıyıq. Burada qeyri-adi bir şey yoxdur. Heyvanlar da canlıdır və onların da öz hüquqları var. Əvvəllər biz adətən Avropa şəhərlərində itlər üçün xüsusi gəzinti yerləri, ev heyvanları ilə bağlı xüsusi qaydaların şahidi olurduq. Amma artıq Bakıda da parklarda, bağlarda ev heyvanları ilə gəzinti yerləri mövcuddur. Bu qaydaları bildirən tablolar vurulub. Belə olduğu halda it şəkli vurulmuş avtobuslara da təbii baxmalıyıq.

Məlahət Rzayeva