Saakaşvili qayıdır

Eks-prezident yaxın ölkələrin birində Gürcüstandakı prosesləri izləyir




Gürcüstanda siyasi çəkişmələr getdikcə gərginləşir və hakimiyyətin yarıtmaz fəaliyyətinə qarşı mütəmadi etirazlar baş qaldırır. Zamanında sabiq dövlət başçısı Mixail Saakaşvilinin istefasını dəstəkləyənlər indi onun dönüşünü istəyirlər. Hazırkı Georgi Marqvelaşvili hakimiyyətini uğursuz daxili və xarici siyasətdə qınayırlar. İstər cəmiyyət, istərsə də parlament səviyyəsində Saakaşvili tərəfdarlarının fəallığı aydınca müşahidə olunur. Hətta ötən günlərdə bu ölkə parlamentinin plenar iclasında hakim koalisiya və müxalif deputatlar arasında əlbəyaxa dava düşüb.

Qarşıdurmaya səbəb Gürcüstan nümayəndələrinin beynəlxalq qurumlarda təmsil olunması göstərilir. Mübahisə müxalif "Vahid Milli Hərəkat” Partiyasının üzvü Akaki Boboxidzenin çıxışından sonra başlayıb. İddialara görə, "Gürcü arzusu” fraksiyasının üzvləri A.Boboxidzenin qeyri-etik ifadələr işlətməsinə yumruqları ilə cavab veriblər. Soso Caçvliani, David Lortkipanidze və A.Boboxidze arasında yaşanan qalmaqala əksər deputatlar qoşulub. Bu səbəbdən də parlamentin sədri iclası dayandırmaq məcburiyyətində qalıb. Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra iclası davam etdirmək mümkün olub. "Vahid Milli Hərəkat” Partiyasının üzvü Serqo Ratiani bildirib ki, A.Boboxidze "Gürcü arzusu” fraksiyasının deputatlarından birinin nalayiq ifadələrinə cavab olaraq qeyri-etik sözlər işlədib. Şübhəsiz ki, qonşu ölkə siyasi elitasında yaşanan qalmaqallar hazırkı iqtidarın yaxın perspektivdə fiaskoya uğrayacağı və M.Saakaşvilinin siyasi sükanı yenidən əlinə alacağı ehtimalını yaradır.

Qonşu ölkədəki siyasi proseslərin gedişatını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, Saakaşvilinin qayıtmasına böyük zəmin yaranıb. Çünki indiki Marqvelaşvili hökuməti nəzərəçarpacaq uğurlar qazana bilməyib: "Rəsmi Tiflisin əldə etdiyi nailiyyətlər - korrupsiyaya qarşı mübarizə, maaşların artırılması, iqtisadiyyatda irəliləyişlər, nəhəng regional layihələr keçmiş prezidentin dönəmində baş tutub. Hazırkı hökumətin ən böyük şüarı o idi ki, gələn kimi Rusiya ilə münasibətləri yaxşılaşdıracaqlar. Bu istiqamətdə heç bir irəliləyiş nəzərə çarpmır. Əksinə, Avropaya meyillilik müşahidə olunur ki, bu da Tiflislə Moskva arasındakı körpülərin yandırılmasına xidmət edir. Vədlərinə əməl edə bilmədilər. Bu üzdən Saakaşvilinin tərəfdarları aktivləşir. Mövqeləri getdikcə güclənir. Hesab edirəm ki, eks-lider yenidən vətəninə qayıdıb siyasi proseslərin başında dayana bilər. Parlamentdəki tərəfdarlarının fəallaşması əyani sübutdur. Zənnimcə, bu aktivlik özünü gələn il daha qabarıq şəkildə büruzə verəcək”.

Politoloq Qabil Hüseynli isə bildirib ki, keçmiş baş nazir Bidzina İvanişvilinin "Gürcü arzusu” bloku dağılmaq üzrədir. Onun qənaətincə, rəsmi Tiflis Avropa Birliyi ilə assosiativ sazişə imza atsa da, üzünü Rusiyaya tərəf çevirib: "İvanişvilinin bütün səylərinə baxmayaraq, vəziyyət stabilləşmir. Onun bloku ölkəyə nəzarət edə bilmir. İndiki hakimiyyətin yeritdiyi siyasətlə bağlı ölkədə ciddi fikir ayrılıqları hökm sürür. Saakaşvili tərəfdarları da bundan istifadə edirlər”.

Ekspertin qənaətincə, Gürcüstanda indiki hakimiyyətin çökmə prosesi gedir: "Üstəgəl, əhalinin siyasi fəallığı durmadan artır. Bildiyimə görə, Saakaşvili Gürcüstana yaxın ölkələrin birində əyləşib prosesləri izləyir. Eyni zamanda onun təşkilatı da yüksək hazırlıq vəziyyətinə gətirilib. Bunlar onu göstərir ki, qonşu ölkə hər an qarışa bilər. Hər an silahlı qarşıdurmalar baş verə bilər ki, bu da hakimiyyətin dəyişilməsinə gətirib çıxarar. Amma hakimiyyət dəyişikliyinin konkret nə vaxt olacağını demək çətindi. Əminliklə demək olar ki, belə bir hal yaxın perspektivdə baş verəcək. Fikrimcə, İvanişvilinin indiyə qədər xalqı aldatmasının sonuna elə də böyük müddət qalmayıb”.

Ayyət Əhməd