“Qələbə”də yol sxemi dəyişdirildi

Mətbuat prospekti və “20 Yanvar” tərəfdən həmin yolayrıcına gələn nəqliyyat axınının hərəkəti iflic olacaq



İki gün öncə nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təşkil etmək məqsədilə "Qələbə” dairəsi, Həsən bəy Zərdabi küçəsində, "20 Yanvar” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq Abdulvahab Salamzadə küçəsinə istiqamətləndirilib.

Eyni zamanda, Abdulvahab Salamzadə küçəsi köməkçi yol ilə "Qələbə” dairəsi istiqamətində hərəkət edən bütün nəqliyyat vasitələri "20 yanvar” dairəsi istiqamətində yönləndiriləcək.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, yeni sxem əvvəlki hərəkət sxemindən daha yaxşıdır: "Çünki bu yeni sxemdə istiqamətlər üzrə kəsişmə ləğv olundu. Əgər vəziyyət əvvəlki kimi olsaydı, hərəkət sıxlığı daha da çoxalardı”.

Ə.Hüseynovun sözlərinə görə, həmin dairədə hərəkət sxeminin dəyişdirilməsinin səbəbi Ziya Bünyadov prospektinin açılmasından sonra burada hər gün müşahidə olunan tıxaclar olub: "Z.Bünyadov prospektində fasiləsiz, dayanmadan hərəkət təşkil olunduğundan "Koroğlu” metrosunun yanından keçən avtomobil 6-7 dəqiqədən sonra "Qələbə” dairəsinə çatır. Nəticədə həmin dairəyə çoxlu sayda avtomobil gəlir və bu dairə çoxlu sayda avtomobili ötürə bilmir, çünki həmin dairədə başqa istiqamətlərdən də ciddi nəqliyyat axını var”.

Ekspert "Koroğlu” körpüsündən Tbilisi prospektinə gedən yolun genişləndirilməsini və asfalt ötüyünün dəyişdirilməsini təklif edir: "Buradakı yolların dörd zolaqlı edilməsi məqsədəuyğun olardı. Əks halda, bu istiqamət üzrə sürücülər tıxacla qarşılaşa bilərlər. Bundan əlavə, A.Salamzadə küçəsi tərəfdən qoyulmuş "Baş yol” nişanının altında "Baş yolun istiqaməti” lövhəciyi də qoyulmalıdır. Çünki həmin yolayrıcı mürəkkəb plana malikdir və A.Vahabzadə küçəsi həmin yolayrıcından sonra düzünə davam etmir. Bu küçə ilə gələn nəqliyyat axını əsasən Mətbuat prospekti istiqamətindən, bir qismi "20 Yanvar” istiqamətində, az bir qismi isə "İnşaatçılar” metrosu istiqamətində və geriyə dönərək kənar yolla Tbilisi prospekti istiqamətində hərəkətini davam etdirir. Ona görə də baş yolun sonrakı istiqaməti dəqiq göstərilməlidir. Sürücülər tətbiq olunan yeni sxemə riayət etsələr, Mətbuat prospekti və "20 Yanvar” tərəfdən həmin yolayrıcına gələn nəqliyyat axınının hərəkəti iflic olacaq. Ən ciddi problem isə Mətbuat prospekti tərəfdən gələrək "20 Yanvar”a doğru getmək istəyənlər üçün olacaq. İndiki sxemdən belə çıxır ki, onlar məhz dairədə dayanaraq A.Salamzadə küçəsi tərəfdən gələnlərə yol verməlidirlər. Bu isə qısa müddətdə həmin dairənin tıxanması deməkdir”.

Vüqar Şahinoğlu