Dünyagörüşünün olması da şərtdir
Əgər sinifdə yüksək bal alan şagird deyirsə ki, 2 il İKT-dən, internetdən istifadə etməmişəm, deməli, məktəbdə dərslər düzgün qurulmayıb
Ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal yığan abituriyentlərin hər biri də mətbuata açıqlamasında bu nəticəni əldə etmək üçün 2 il gecə-gündüz çalışdıqlarını və imtahana hazırlaşdıqları müddətdə televizor və sosial şəbəkələrdən uzaq qaldıqlarını deyib. Amma onların bu açıqlamaları bir çox sosial şəbəkə istifadəçilərində qıcıq doğurub. Daha doğrusu, 700 bal toplayan abituriyentlərin nəticələri cəmiyyətdə müəyyən fikir ayrılıqlarına səbəb olub.
İnternet və TV-dən təcrid olunmağın dünyagörüşü məhdudlaşdırdığını zənn edənlər hesab edir ki, vacib olan 700 bal toplamaq yox, vətəndaşlıq məsuliyyətini dərk etməkdir. Bunun üçün də şagirdlər elmi biliklərlə yanaşı, ölkədə və dünyada baş verən proseslər barəsində məlumatlı olmalıdırlar. Ekspertlər də hesab edir ki, şagirdlər fənn hazırlıqları və gündəlik dərslərlə yanaşı internet və telekanallarla da təmasda olmalıdır.
Təhsil eksperti Nabatəli Qulamoğlu yüksək nəticə toplayan uşaqların bu uğura iki il internetdən və televizordan uzaq qalaraq nail olmasını məktəbdə dərslərin düzgün qurulmaması ilə əlaqələndirir: "Məktəblərin başlıca missiyası vətəndaş hazırlamaqdır. "Təhsil haqqında” qanunda da bu məsələ öz əksini tapıb. Əgər sinifdə yüksək bal alan şagird deyirsə ki, 2 il İKT-dən, internetdən istifadə etməmişəm, deməli, məktəbdə dərslər düzgün qurulmayıb. O zaman 10-11-ci siniflərdə dərslərin keçirilməsi metodikasına nəzarət artırılmalıdır. Müəllimlər dərslərini necə keçir, yoxsa onlar yalnız testlərin əzbərlənməsinə daha böyük önəm veriblərmiş? Bütün bunlar o mənaya gəlir ki, Azərbaycanda vətəndaşa ehtiyac yoxdur. Hətta ortada vətəndaş olmaq zərurəti də yoxdur. Belə bir məsuliyyəti öz çiyinlərində daşımayan gənclər də yüksək nəticəyə nail olmaq həvəsi ilə özlərini cəmiyyətdən təcrid edirlər. Mən də hesab edirəm ki, tutulan iradlarda haqq payı var. 2 il ərzində TV-dən məhrum olmaq dünyada və Vətənimizdə baş verən ən mühüm hadisələrdən tam xəbərsiz olmaq deməkdir. Şagirdlərimiz, övladlarımız hərtərəfli olaraq bir vətəndaş kimi yetişdirilməlidir. Əks halda, onlarda milli dəyər və milli şüurun, dünyagörüşünün formalaşmasına çətin ki, nail olaq”.
Ekspert hesab edir ki, təhsil konpitensiyaları təkcə elmi biliklər məzmunundan ibarət deyil: "Biz şagirdlərimizi sadəcə yüksək bal toplamağa hazırlamamalıyıq. Biz övladlarımızı Vətənini sevən, torpağına bağlı olan, tam həyata hazır olan, milli şüura malik sağlam, dürüst bir vətəndaş kimi hazırlamalıyıq. Amma çox təəssüflər olsun ki, bizim qəbul proqramı həyatdan təcrid olunmuş biliklərlə doludur. Elə bunun nəticəsidir ki, yüksək bal toplayanların danışıqlarından da onların praktik biliklərinin çox az olduğunun şahidi oluruq”.
Bir tərəfdən də yüksək nəticəni əldə edən uşaqların imtahana hazırlaşdıqları müddətdə televizor və sosial şəbəkələrdən uzaq qalmaları iddialarına inanmayan N.Qulamoğlunun sözlərinə görə, 21-ci əsr gənci üçün belə bir hal inandırıcı görünmür: "Bu sözlərin bir az səmimiyyətdən uzaq olduğunu düşünürəm. Ən azından 700 balı toplamaq üçün sadəcə qəbul proqramlarını mənimsəmək kifayət deyil. Ola bilsin ki, iki il müddətində həmin uşaqlar televizor və komputerdən gün ərzində müəyyən limitlə istifadə etsinlər”.
Şəymən