8 il mal tövləsində saxlanan qız...

Heç kim “övladım xəstədir” deyib ondan imtina edə bilməzValideynin əqli cəhətdən qüsurlu uşağa qarşı kobud davranmağı qətiyyən yolverilməzdir
"Elə insan var ki, artıq ömrünün sonuna kimi dispanserdə qalır və ömrünü xüsusi dərmanlarla başa vurur. Amma elə xəstələr də var ki, müəyyən müddət müalicə aldıqdan sonra ailəyə qayıda bilirlər”
Azərbaycan rayonlarından birində ata əqli problemli qızı Pərvanəni 8 il mal tövləsində saxlayıb. Hadisənin üstü bu yaxınlarda açılıb. Deyilənə görə, Pərvanənin bir bacısı da varmış. Analarının ölümündən sonra ata qızların ikisini də tövləyə salıb. Bacının biri orada vəfat edib, Pərvanə də illərlə qaranlıq, kimsəsiz yerdə qalıb.
Hazırda bununla bağlı hüquq-mühafizə orqanları təhqiqat aparır. İnformasiya təsdiqini tapacağı təqdirdə ata cinayət məsuliyyətinə cəlb ediləcək.
Amma Pərvanə kimi uşaqlar bir deyil, iki deyil. Zaman-zaman belə oxşar hadisələrin şahidi oluruq. Bəzi ailələrdə əqli və hətta fiziki qüsurlu uşaqlarla gərəkən səviyyədə davranılmır. Belə uşaqlar çox zaman digər ailə üzvlərindən, qohumlardan, ümumiyyətlə, ətraf mühitdən təcrid olunub yalnızlığa məhkum edilir.
Psixoloqlar qüsurlu uşaqlarla kobud, sərt davranmağın, onları ətrafdan təcrid etməyin qətiyyən yolverilməz olduğunu bildirir.
Problemlə bağlı "Şərq”ə danışan psixoloq Aydan Talıbova Pərvanə barədə videosüjeti izlədiyini dedi:
- İzləmişəm. Çox acınacaqlı bir haldır... Valideynin əqli cəhətdən qüsurlu uşağa qarşı belə davranmağı qətiyyən yolverilməzdir. Belə davranış doğru deyil və uşaqların daha da ağırlaşmasına, xəstəliyin irəliləməsinə səbəb olur. Açıq deyirəm ki, xəstə uşaqları ilə belə davranan valideynlər cahildirlər. Təəssüf ki, belə valideynlərimiz var. O uşaqlarla işləmək, onları təlimlərə yönləndirmək lazımdır. Bilirsiz, indi vəziyyət başqadır. Psixologiya elmi inkişaf edib, müxtəlif təlimlər işlənib, hazırlanıb. Psixoloji, loqopedik təlimlər mövcuddur. Əqli cəhətdən zəif
uşaqları belə təlimlər vasitəsilə sosiallaşdırmaq tamamilə mümkündür. Çünki belə uşaqlar təcrid edildikcə onlarda cinsi meyl pozuntuları, intihara cəhdlər artır. Valideynlərin səhvi bundadır ki, bu cür uşaqları varsa, hər işi özləri görməyə çalışırlar. Uşağı geyindirmək, yedizdirmək, ayaqyoluna aparmaq və s. məişət məsələlərində uşağın iştirakını sıfıra endirirlər. Amma əksinə, uşağa sosial vərdişləri aşılamaq, onları buna yönləndirmək lazımdır. Ağır səslənsə də, deyəcəm; necə olur ki, insan heyvanı əhilləşdirir, heyvan insanın göstərişi ilə hərəkət edir, amma insan insanı öyrədə bilmir?! Əqli cəhətdən qüsurlu uşaqları da təlimlərə cəlb etmək, onlara müəyyən davranışları aşılamaq, öyrətmək tamamilə mümkündür. Belə olduqda əqli zəif uşaq özünü idarə edir, valideynin köməyinə daha az ehtiyacı olur. Evdə tək də qalsa, yeməyini yeyə bilir, ayaqyoluna sərbəst gedir, paltarlarını soyunub, geyinə bilir. Sadəcə, gərək bu təlimlər üçün gec qalınmasın. Bəzən valideyn uşağı psixoloq yanına gətirir, baxırsan ki, 16 yaşındadı, amma 6 aylıq uşaq səviyyəsində qalıb. Görün, bu valideyn nə qədər gecikib. Əgər erkən yaşda uşaqdakı fərqlilik, hansısa qüsur aşkar edilib mütəxəssislərə müraciət edilsə, daha effektiv nəticələr əldə edilər. Vaxt uzandıqca, müalicə, təlimlərə qoşulma gecikdikcə, uşağın adaptasiyası da çətinləşir. Ona görə də hər bir xəstəliyin erkən çağda müalicəsi vacibdir. Valideyn diqqətli olmalıdır ki, uşaqda hər hansı dəyişikliyi tez sezsin. Və müalicəsinə də tez başlanılsın. Uşaq nə qədər tez təlimlərə cəlb edilərsə, bir o qədər sosiallaşır və yaşamaq onun üçün də asan olur, valideyn də çox əziyyət çəkmir. Məsələn, bizə bir valideyn müraciət etmişdi, oğlunun 13 yaşı vardı, amma davranışları 6-7 yaşlı uşaq səviyyəsində idi. Anası deyirdi ki, küçəyə çıxanda qızların üstünə cumur. Deməli, bu insanda artıq əqli pozuntular var. Ona hansısa təlimlərlə kömək etmək artıq mümkün deyil. O, artıq yalnız dərman müdaxiləsi ilə yaşayacaq.
A.Talıblı əqli qüsurlu uşaqların cəmiyyətə adaptasiyası üçün yaş həddinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi:
- Zəkanın şkalası var. Zəkanın səviyyəsi ölçülür, uşaq hansı dərəcədə əqli geriləmə vəziyyətindədir. Buna uyğun olaraq da, o, təlimlərə cəlb edilir. Bir ana qızını gətirmişdi ki, qızımın nişanı qayıdıb, depressiyadadı. Amma baxdıq ki, bu qız 6 yaş səviyyəsində qalıb. Siz valideyndəki cahilliyə diqqət edin - əqli cəhətdən qüsurlu, inkişafdan geri qalmış övladını evləndirmək qərarına gəlib. Bu, dəhşətdir.
Psixoloq qeyd etdi ki, əqli qüsurlu uşaqlarla sakit, səbirli davranılmalıdır:
- Belə uşaqlara qarşı sərt, kobud hərəkətlər etmək qətiyyən olmaz. Onlara qarşı sərt davrandıqca, xəstəlikləri daha da ağırlaşır. Valideynlər bunları bilməlidir. Qız uşağıdırsa, onunla anası daha çox təmasda olmalı, müəyyən vərdişləri ona aşılamalıdır. Məsələn, adi ev işləri; stəkanı aparıb gətirmək, yatağını toplamaq, paltarlarını geyinmək... Oğlandırsa, təbii ki, bu işlər atanın öhdəsinə düşür. Ata belə uşağı özüylə küçəyə çıxara bilər, müəyyən əl işlərini ona öyrədər. Bunlar hamısı mümkündür. Heç kim "övladım xəstədir” deyib ondan imtina etməsin. Hər bir insana müəyyən vərdişlər aşılamaq olar. Əqli cəhətdən zəif uşaqlara anlayış göstərilməlidir, onlarla şəfqətlə, mehribancasına davranılmalıdır. Belədə bu uşaqlar daha da sosiallaşır və cəmiyyətə adaptasiya ola bilirlər.
A.Talıblı əqli cəhətdən qüsurlu şəxslərin dispanserdə qalmaq müddətinə də toxundu:
- Bu məsələ də xəstəliyin dərəcəsindən asılıdır. Elə insan var ki, artıq ömrünün sonuna kimi dispanserdə qalır və ömrünü xüsusi dərmanlarla başa vurur. Amma elə xəstələr də var ki, müəyyən müddət müalicə aldıqdan sonra ailəyə qayıda bilirlər.
Sonda bir tarixi həqiqəti qeyd etmək istəyirik. Tarixi mənbələrdə göstərilir ki, Osmanlı dövlətində ruhi xəstələr üçün xüsusi xəstəxanalar tikilibmiş. Bu xəstəxanalarda ruhi xəstələrə son dərəcə şəfqətlə davranılırmış. Onlar qoz ağacından düzəldilmiş yataqlarda, ipək yorğan-döşəkdə yatırmışlar və musiqi ilə müalicə olunurmuşlar. Amma eyni dövrdə Avropada belə insanları "ruhuna şeytan girib” deyərək tonqalda yandırırdılar. 18-ci əsrdə İstanbulda ruhi xəstələr xəstəxanasını görən Mongeri Pere "bura Avropanın əsrlər sonra qəbul edə biləcəyi xəyal müəssisəsidir” demişdi. ABŞ-da isə ruhi xəstələrin musiqi ilə müalicəsinə 1956-cı ildə başlanıldı...
Məlahət Rzayeva