80 yaşlı əli qanlı qatil...

Fərdlər aqressiyanı artıq ailə üzvlərinə qarşı yönəldirlər
“Ola bilsin ki, əsəblərini cilovlaya bilməyən adam artıq həyat yoldaşını öldürmə həddinə çatıb. Həmin adam 4-cü dəfə ailə qurub deyə biz onu psixoloji problemli biri kimi qələmə verə bilmərik”

Lənkəranda 80 yaşlı kişi həyat yoldaşını balta ilə qətlə yetirib.

Şəhər sakini, 1937-ci il təvəllüdlü Əzizov Xanoğlan ailə münaqişəsi zəmnində həyat yoldaşı, 1964-cü il təvəllüdlü İsmayılova Almagülü qətlə yetirib. Dəhşətli qətli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.İsmayılovanın X.Əzimovun üçüncü həyat yoldaşı olduğu məlum olub. Uzun illər əvvəl evlənən X.Əzimovun ilk nikahdan 6 övladı olub və onun ilk həyat yoldaşı vəfat edib. Daha sonra Neftçaladan olan qadınla evlənən Lənkəran sakininin bu izdivacı qısa sürüb və qadın 2 ay sonra Xanoğlan Əzimovu ataraq ata evinə qayıdıb. Lerik rayon Mastail kənd sakini olan 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ilə isə o, 10 il əvvəl ailə qurub. Lakin aralarında 27 yaş fərq olan cütlüyün övladı olmayıb. Son illərdə isə Xanoğlan Əzimovda sinir xəstəlikləri özünü göstərirmiş. Hadisənin də 80 yaşlı kişinin əsəblərinin pozulması nəticəsində baş verdiyi ehtimal edilir. X.Əzimov polis tərəfindən saxlanılıb, onun barəsində cinayət işi açılıb.

Azərbaycanda ailə münaqişəsi zəminində baş verən cinayətlərin, zorakılıq hallarının zaman-zaman mövcud olduğunu vurğulayan psixoloq Azad İsazadənin sözlərinə görə, bir çox hallarda bu cür hadisələr gizli qalır. Bəzən də olayı qapalı saxlamaq mümkün olmadıqda ictimailəşir və biz bu dəhşətli hadisələr barəsində məlumatlı oluruq. Son illər bu istiqamətdə aparılan mübarizənin intensivləşməsinə baxmayaraq zaman-zaman bu cür acı hadisələrlə rastlaşılır. Bu da cəmiyyətdə aqressiyanın artması ilə bağlıdır.

Konkret olaraq 80 yaşlı kişinin öz həyat yoldaşını öldürməsi məsələsinə gəldikdə isə psixoloq deyib ki, səbəblər kifayət qədər çoxdur. Ola bilər ki, həmin adamın psixi pozuntuları olsun. Yaşlı olmasına rəğmən qısqanclıq faktoru da cinayətə səbəb ola bilər. Yəqin ki, hüquq-mühafizə orqanları istintaq araşdırmaları nəticəsində konkret səbəbi müəyyən edəcəklər: "Adətən insanların aqressiyanı boşaltmağa, tökməyə obyekt tapmayanda ən rahat obyekt kimi ailə üzvləri olur. İnsanlar işdə, çöldə gərginliyə, çətinliklərə dözür və aqressiyanı nəzarət altına götürə bilir, amma ailədə bu aqressiyanı nəzarət altına götürməyi lazımlı bilmirlər və sərbəst şəkildə aqressiyanı ailə üzvlərinə yönəldirlər. Ailə daxilində yaşanan acı olayların səbəblərindən biri də məhz bu amildir”.

"Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc da hesab edir ki, cinayətin motivindən və səbəbindən asılı olmayaraq ailə münaqişələrinə səbəb aqressiyadır: 

"Həyat yoldaşı sözünü eşitmədiyi, onun dediklərinə əməl etmədiyi üçün də cinayət baş verə bilər. Yüzlərlə ailədə məhz aqressiya səbəbindən ailə münaqişəsi, zorakılıq halları baş verir. Sadəcə, həmin davalar dəhşətli sonluqla nəticələnmədiyi üçün cəmiyyət xəbərdar olmur. Aqressiyanın yaranması isə yaşa baxmadığı üçün bu cinayətdə yaş faktoru bir o qədər də önəm daşımır. Ola bilsin ki, əsəblərini cilovlaya bilməyən adam artıq həyat yoldaşını öldürmə həddinə çatıb. Həmin adam 4-cü dəfə ailə qurub deyə biz onu psixoloji problemli biri kimi qələmə verə bilmərik. Bəlkə də sadəcə bəxti gətirməyib. Amma istənilən halda bizim dediklərimiz sadəcə ehtimaldır. Onun psixologiyasına bələd olmaq üçün mütləq söhbət aparmalıyıq”.

Şəymən