Türkiyə “SMS” reklamlarına qadağa qoydu

Azərbaycanda da buna bənzər təkliflər hazırlanır
Musa Quliyev: “Bu problem iki yolla həllini tapa bilər. Bir, qanunvericilik yolu ilə, bir də, Nazirlər Kabinetinin qərarı ilə”



Eyyub Hüseynov: "Müxtəlif üsullarla vətəndaşları soyurlar. Pul qazanırlar”

Bu gündən etibarən Türkiyədə reklam SMS-lərinin vətəndaşın mobil telefonuna icazəsiz ötürülməsinə görə cəzalar sərtləşdirilir. Hər cür reklam məzmunlu, ticari mahiyyət daşıyan SMS-lər vətəndaşların mobil telefonuna icazəsiz ötürülərsə, ötürücülər 50 min türk lirəsi (təxminən 20 min manat civarında) miqdarında cərimələnəcəklər.

Türkiyə hökuməti "Yasaklı SMS-lər” (qadağan edilən SMS-lər) paketi hazırlayıb. Buna əsasən yalnız borc xatırlatma, hər növ istifadə qaydaları və təslimat xarakterli SMS-lər xaricində digər məzmunlu SMS-lərə görə müştərinin razılığı olmalıdır. Vətəndaşın səssiz qalması da reklam SMS-sinə razılıq verdiyi anlamına gəlmir. Mütləq abunəçinin razılığı alınmalıdır. Reklam SMS-

ləri ilə yanaşı, telefon, çağrı mərkəzi, faksla ötürülən hər növ ticari xəbərlər əvvəlcədən alıcının razılığı alınaraq göndəriləcək. Əgər abunəçi əvvəlcə nəyləsə bağlı razılığını bildirib, sonradan onu rədd etmək istəyirsə, bunun üçün heç bir rəsmi bildirişə ehtiyac qalmır. Vətəndaşın rədd etmə haqqından istifadə etməsi, əvvəlki razılığını qüvvədən düşürür.

Göründüyü kimi Türkiyədə "SMS rəzaləti” başa çatmaq üzrədir. Bəs bizdə nə zaman olacaq?

Türkiyə hökumətinin qəbul etdiyi qərar, əslində SMS-lərdən bezmiş Azərbaycan vətəndaşlarının çoxdan gözlədiyi məsələdir. Məlumdur ki, uzun müddətdir Azərbaycanın mobil operatorları camaatı SMS-lərlə təngə gətirib. Hər cür sarsaq məzmunlu SMS-lər insanların şəxsi - mobil telefonuna ötürülür. Narazılıq edənlərə də, "STOP” yazıb göndərin, daha gəlməsin” məsləhəti verirlər. Halbuki, artıq hamı bu "məsləhətin”, əslində bir yalan, başaldatma olduğunu çoxdan anlayıb.

Amma reklam SMS-lərini durduracaq bir qanun ortada yoxdur. Xatırlayırsınızsa, reklam SMS-ləri Milli Məclisdə də qızğın müzakirələrə səbəb olmuşdu. Xanım millət vəkili Elmira Axundova mobil telefonlara müxtəlif firma və şirkətlər tərəfindən icazəsiz-filansız göndərilən SMS-lərin insanların əsəblərini gərdiyini deyərək abırsız-həyasız SMS-lərin dayandırılmasıyla bağlı konkret addımlar atılmasını istəmişdi. Xanım millət vəkili "Bu gün mobil telefonuma gələn bir SMS-də bildirilir ki, doğum evi yüksək şərait və şəkildə sizi ana edə bilər. Həmən, filan klinikaya üz tutun. Təsəvvür edin ki, bu SMS yaşı 50-ni keçmiş bir qadına gəlir. Hətta kişilərə də göndərilir. Mən anlaya bilmirəm ki, icazəsiz olaraq bu SMS-lər şəxsi telefonuma niyə göndərilməlidir? Bir dəfə bu məsələni qaldırdım, amma tədbir görülmədi. Düşünürəm ki, parlament səviyyəsində aidiyyətli qurumlar məlumatlandırılmalıdır ki, firmalar, şirkətlər belə SMS-lərlə insanların əsəblərini korlamasınlar” söyləmişdi.

Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cavabı isə maraqlı oldu. Nazirliyin mətbuat xidmətinin açıqlamasında bildirilirdi ki, RYTN abunəçilərin çoxsaylı müraciətlərini nəzərə alaraq, bu məsələ ilə bağlı "Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər hazırlayıb. Mobil telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə xarakterli SMS-lərin (abunəçilər arasında göndərilən və qəbul edilənlər istisna olmaqla) abunəçilərə kütləvi və avtomatik olaraq göndərilməsinin yalnız abunəçinin ilkin razılığı alındığı halda həyata keçirilməsi və bu məsələni əhatə edən digər maddələrin daxil edilməsi təklif olunur. Qeyd edilirdi ki, hazırda bu təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına təqdim edilib.

Görəsən, aidiyyətli qurumlar dedikdə, hara nəzərdə tutulur?

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev "Şərq”ə açıqlamasında nazirlik tərəfindən onlara hər hansı təkliflər daxil olmadığını dedi:

- Yəqin, "aidiyyətli qurumlar” dedikdə RYTN Azərbaycanda fəaliyyət göstərən üç mobil operator şirkətini nəzərdə tutur. Görünür, nazirlik mobil operatorlardan təkliflər almaq istəyir. Reklam SMS-ləri həqiqətən də aktual problemdir. İnsanların əsəbləri ilə oynayır. Bu məsələ tam nəzarətdə olmalıdır. Çünki abunəçilərə ziyan verə biləcək SMS-lərin göndərilməsi halları da mümkündür. Bu problem iki yolla həllini tapa bilər. Bir, qanunvericilik yolu ilə, bir də, Nazirlər Kabinetinin qərarı ilə. Birinci halda, qanun layihəsi hazırlanıb Milli Məclisin müzakirəsinə çıxarıla bilər və qəbul olunar. Ya da ki, nazirlik özü təlimat hazırlayıb Nazirlər Kabinetinə təqdim edə bilər və NK də müvafiq qərar verər. Yəqin ki, payız sessiyasında bu məsələyə baxılacaq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da "Şərq”ə açıqlamasında qeyd etdi ki, "SMS oyunu”nun məsuliyyəti ölkədə fəaliyyət göstərən bütün mobil operatorların üzərindədir:

- Bu mobil operatorlara kim icazə verib ki, vətəndaşın şəxsi nömrəsini hansısa firmaya, şirkətə versin? Onlar da gecə-gündüz bizə SMS "döşəsinlər?! Hansı müqavilə şərtlərində bu nəzərdə tutulub? Mobil operatorlar öz abunəçilərini bu haqda məlumatlandırıbmı? Belə bir şərtlərinin olduğunu deyibmi? Yox. Burada, istehlakçıların hüquqlarının kobud pozuntusu halı var. Buna da birbaşa mobil operatorlar məsuliyyət daşıyır. Bu "SMS göndərişlər” təkcə insanların əsəbləri ilə oynamırlar, həm də insanların cibinə girirlər. Bizə Sabirabad rayonundan Həsənova soyadlı vətəndaş şikayət edib ki, 8228 nömrəsi onun 450 manatını "yeyib”. 8228 nömrəsi qızı SMS

maniyasına cəlb edib, o da aldanıb, SMS ardınca SMS göndərib, bir də ayılıb ki, nə az, nə çox, tam 450 manat pulu gedib. Firma ilə əlaqə saxladıqda ona təklif olunub ki, Bakıya gəlsin və mağazadan endirimlə mal alsın. Qız gəlib, amma ona cəmi 10 manat endirim ediləcəyini deyiblər. İnsanları bu cür ovlayırlar. Firma və şirkətlərdə xüsusi marketoloqlar, biznes "qurdları” çalışır. Müxtəlif üsullarla vətəndaşları soyurlar. Pul qazanırlar. İstehlakçının bilgisizliyindən istifadə edirlər. İnsanların beynini "yeyirlər”. Mobil operatorlar da buna şərait yaradır. Təəssüf ki, bizim məhkəmələr bu səpkili proseslərə hazır deyillər. Lap vətəndaş hansısa firmanı, şirkəti, lap mobil operatoru da məhkəməyə versə, qalib gələcəyinə inam azdır. Amma bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sərt mövqe ortaya qoyub vətəndaşları incidən operatorların lisenziyasını bir müddət saxlaya bilər, bununla da onları cəzalandırar. Türkiyədə qəbul edilmiş qaydaları burda da tətbiq etmək olar. Yüksək cərimələr tətbiq edilsə, şirkətlər bu işdən çəkinər.

Məlahət Rzayeva