Qalmaqal gərginləşdi: Cavanşir Məmmədov Nadirdən bu dəfə 70 min manat tələb edir

Nadir: “10 min manat pulum onun haram xoşu olsun, xoş günlərinə xərcləməsin”




Əməkdar artist Cavanşir Məmmədovla müğənni Nadir Qafarzadə arasında yenidən gərginlik yaşandı. Belə ki, Cavanşir Məmmədov yenidən Nadir Qafarzadəni məhkəməyə verib. C.Məmmədov iddiasında bildirib ki, N.Qafarzadə növbəti dəfə ona "qoca gey” deyib. Məhz buna görə də Əməkdar artist Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, bu dəfə həmkarından 10 min yox, 70 min tələb edib:

"Xəzər” telekanalında yayımlanan "5/5” verilişində qonaq olan müğənni Nadir Qafarov mənim şəxsiyyətimə toxunan hörmətsiz ifadələri işlədib. O, həmin verilişdə özünün əxlaqsız hərəkətləri və sözləri ilə məni təhqir etməklə qanunsuz əməl törədib”.

N.Qafarzadə məhkəmə məsələsinə bu cür aydınlıq gətirib:

"Xəzər” telekanalında "5/5” verilişində qonaq olduğum canlı efirdə tamaşaçıdan zəng gəldi. Mənə sual verdilər ki, "Müğənni Cavanşir Məmmədovla məhkəmə prosesinizin nəticəsi nə oldu? Mən də məhkəmə qərarını oxudum. Söylədim ki, "Rövşanə ilə bazar səhəri” verilişində Cavanşir Məmmədov barəsində dediyim sözlərə görə, 10 min manat ödədim. Yəni onun haqqında dediyim sözləri təkrar eləməmişəm. Sadəcə məhkəmənin nəticəsini açıqlamışam”.

Bu sözlərin müqabilində N.Qafarzadə həmkarına 2015-ci ilin fevral ayında 10 min manat ödəyərək, bu sözləri demişdi: "Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən Cavanşir Məmmədova 10 min manat ödəyəsi oldum. Amma telekanalların birində, o, mənimlə barışdığını söyləmişdi. Demək, bu barışıq şou xatirinə imiş? Onun barəsində dediyim "qoca gey” sözünə görə 10 min ödədim. Heyifsilənmirəm. Elə bilərəm ki, bir toyu pulsuz oxumuşam. Heç bir problem yoxdur. Amma bundan sonra mən həmin həmkarımla dost ola bilmərəm. Heç barışığımız da mümkün deyil. Eşitdim ki, Cavanşir Məmmədov mənim ödədiyim 10 min manatı kimsəsizlər evinə yardım edəcək. Amma insan bir yaxşılığı edirsə, gərək öz pulu ilə edə ki, savab qazana. O savab isə mənim adıma yazılacaq. Bu 10 mini Cavanşirə halal etmirəm”.

Budəfəki məsələ ilə bağlı Nadir Qafrzadənin fikirlərini öyrənməyə çalışdıq. "Şərq”ə açıqlama verən Nadir Qafarzadə "Cavanşir bir daha səviyyəsini nümayiş etdirdi. Mən onu təhqir etmişdim, məhkəməyə verib 10 min manat pul tələb etdi. Ötən verilişdə də "Ay Zaur” məndən soruşdu ki, sizin məhkəmə işiniz nə yerdə qaldı? Mən də aparıcının sualına cavab verdim. Daha dəqiq desəm, Nəsimi Rayon Məhkəməsinin qətnaməsini olduğu kimi efirdə oxudum. İndi bu insana başa sala bilmirəm ki, mənə sual verilib, mən də məhkəmənin qətnaməsini oxumuşam. Bu dəfə bilirəm ki, mən haqlıyam. Heç kimi də təhqir etməmişəm. Mən dövlətin qanununa söykənirəm. Cavanşirin yaxşı dost-tanışı ola bilər, mənim də dostum dövlətin qanunudur. Mənim qohumum, dost-tanışım yoxdu məhkəmələrdə. Cavanşir isə dostlarına arxayındı. Bir də deyəsən, Cavanşir Məmmədov asan şəkildə pul qazanmağın yolunu tapıb. Həm də özünü bununla yada salır, reklam etməyə çalışır. Mən 10 min manat pulu da ona haram edirəm. Qoca kişidi, yaşından, başından utansın. Yenə deyirəm, məhkəmə məni efirdə Nəsimi Rayon Məhkəməsinin qətnaməsini oxuduğum üçün cərimə edəcəksə, mən ölkə başçısına müraciət edəcəm. Ayıbdı. Bundan artıq özünü güldürməsin. Deyəsən, toyları yoxdu, həmkarlarını məhkəmələrə verməklə pul qazanmağa başlayıb. Yenə deyirəm, 10 min manat pulum onun haram xoşu olsun, xoş günlərinə xərcləməsin, çarə tapmasın. Xəstə olub bizim kimi müğənnilərə möhtac olsun, biz də ona yardım edək” söylədi. Nadir bu dəfə hisslərinə sahib ola bilməyib, o insana qarşı münasibətini də açıq şəkildə büruzə vermiş oldu.

Ziyalılarımızın da münasibəti maraqlı oldu. Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovla da əlaqə saxladıq. İki sənətçi arasında yaşanan son olaylara münasibətini öyrənmək istədik: "Əvvəla qızım, mən hər zaman barışıq tərəfdarı olmuşam. O gün İlhamə xanım barədə dediyimi də bəzi jurnalistlər bəzəyib-düzədilər. Ötən gecə İlhamə xanımla bir saat telefonda danışmışıq. Bu başqa məsələdi. Qaldı Cavanşirlə Nadir məsələsinə,Cavanşir Məmmədov mənim dostumdu, dəyər verdiyim bir kişidi. Cavanşir özünə hörmət edən insandı. Nadir də çox çılğın bir insandı. İndi onu təhqir edib, Cavanşir də sivil qaydada onu məhkəməyə verib. Amma könül istər ki, onlar barışsınlar. Mən yenə deyirəm, bu məsələdə kim haqlıdı, bu başqa sualdı. Amma onları barışdırmaq lazımdı. Çünki sənətçilər belə söz-söhbətlərlə gözdən düşürlər. Heç əvvəllər eşitmişdiz ki, Rəşid Behbudovla, Polad Bülbüloğlu arasında belə hadisələr baş versin? Ya Rübabə ilə Şövkət Məmmədova biri-birini məhkəməyə versinlər? Ona görə də o sənətkarlara hörmət var idi. İndi zamanə dəyişib bir az. Amma yenə üzdə olan insanlar, sənətçilər çalışmalıdırlar ki, tamaşaçının, xalqın gözündən düşməsinlər. Bir veriliş təşkil etsinlər, onların ikisini də ora dəvət edək, biz də gələk, bu iki sənətçini barışdıraq. Bilirsiz, sənətçiyə belə biri-birinə atmaca atmaq yaraşmaz. Mən istəmirəm sənətçilərimiz xalqın gözündə adiləşsin, gözdən düşsünlər. Barışıq ən gözəl yoldu. Onları barışdıraq, bu məsələ bağlansın. Nadir də bir az çılğındı, bu xasiyyətini dəyişməyə çalışsın. Ona böyük kimi məsləhət edirəm”.

Tahirə