Nur dəryası, Pir dünyası

Alxan Bayramoğlu, filologiya üzrə elmlər doktoru, professor



Professor İlham Pirməmmədovla nə vaxt tanış olduğum yadımda deyil. Bircə onu bilirəm ki, hər dəfə onunla rastlaşanda sanki xoş auralı qəribə bir məkana düşürəm. Həmin məkanın ruhnəvaz
(ruhaoxşayan), xoşavaz enerji mənbəyi isə İlhamdır. Bu cazibə dünyasında elə bilirəm ki, İlham Teymur oğlu Pirməmmədovla sanki uşaqlıqdan dostuq. O, uşaqla uşaq, böyüklə böyükdür.

Hər kəslə onun öz dilində danışmağı, hər hansı şəraitdə necə davranmağı çox gözəl bacarır. Belə olmasaydı, sambo güləşi üzrə beş dəfə çempion ola bilməzdi. Adətən namizədlik dissertasiyası ilə doktorluq dissertasiyası müdafiəsi arasında on il, bəzən də çox vaxt keçir. İlham isə bu məsafəni beş ilə qət edərək çox böyük rekord qazanıb. Onun həyatında beşlər çoxdur; 1955-də doğulub, beş il ali təhsil alıb, 2005-ci ildə "Respublikanın əməkdar müəllimi” fəxri adına layiq görülüb və s.

Məncə, final yarışlarında məğlub etdiyi rəqiblərinin beşi də İlhamdan incimək əvəzinə, onun daima ətrafında olan nur dünyalı cazibənin rahatlığına düşüblər...

İlham Pirməmmədovun həyatda bütün əməlləri, addımları da beş, yəni əla qiymətlidir. Bunu şahidi və iştirakçısı olduğum bir neçə əhvalat da təsdiq edir; Qazaxda "Mütəfəkkirlər parkı”nın açılış mərasiminə getmişdik. İ.Pirməmmədovla yanaşı addımlayırdıq. Arxadan harasa tələsən, əlindəkinin ağırlığından yorulub onu mənzil başına çatmamış yerə salacağından qorxaraq ayaq pəncələrini yerə şappaşapla vuran bir nəfərin addım səsləri bizə yaxınlaşırdı. Bu addım səsləri bizi keçəndə cavan bir ananın qolları üstündə 6-7 yaşlı bir oğlan uşağının yarıuzanıqlı vəziyyətdə aparıldığını gördük. Mən uşağa, niyə tənbəllik edirsən? Özün yerisənə! - deyə müraciət etdim. Qan-tər içində olan ana nəfəsi qarala-qarala dərdini anlatdı; sən demə uşağın atası narkotik düşükünü olduğu üçün oğlan anadangəlmə xəstədir; onun dizlərinin dayanıqlığı zəif olduğundan beş-altı addımdan artıq yeriyə bilmir. Hər ikimiz çox acıdıq. İlham müəllim həmin xanıma Bakıda bu sahə üzrə tanınmış bir həkimin iş yerini və telefonunu verib onun adından həmin həkimə müraciət etməsini bildirdi. Bir neçə il sonra Səməd Vurğunun 100 illik yubiley günlərində yenə Qazaxa getmişdik. Rəsm qalereyasında gənc bir xanımın İlham Pirməmmədova yaxınlaşıb minnətdarlıq etdiyini gördüm. Tanıdım. Həmin o oğlu xəstə olan ana idi. Dedim, indi oğlun necədi? Çöhrəsində nur yağan bir gülümsərliklə indi xeyli yaxşılaşdığını bildirib şəfqət dolu minnətdarlıq nəzərlərini İlham müəllimə dikdi... Bu anda İlham müəllimin görkəmində nə özündənrazılıq, nə də qarşısındakına minnət qoymaq ədası vardı. Sanki o, sıradan bir iş görmüşdü.

Qazaxın I Şıxlı kənd orta məktəbinin direktoru Rəşid Sadıqov rəhmətə gedəndən sonra onun yerinə təyin olunan direktorların, hər biri öz səriştəsizliyi ilə məktəbin tənəzzülünə bais olmuşdu. Bu əyintilər sonralar "Respublikanın Əməkdar müəllimi” adına layiq görülmüş Şahvələd Qocayevin direktorluğu dövründə qısa müddət ərzində aradan qaldırılaraq, məktəbin əvvəlki səviyyəsi və nüfuzu bərpa edildi. Ş.Qocayevin vəfatı ilə I Şıxlı kənd orta məktəbini yenə əvvəlki təhlükə gözləyirdi. Rəşid müəllimdən sonrakı halın təkrar olunmasına yol verməmək üçün ora daha ümidverici bir adam kimi Şahvələd müəllimin oğlu Məzahir Qocayevin direktor təyin edilməsini istəyirdik. Fikrimi QXC-nin sədri hörmətli Vidadi Bayramova bildirib bu işə kömək etməsini xahiş etdim. O isə əsəbi-əsəbi cavab verdi ki, əşşi demişik, bizi eşitmirlər, neynim? İşi belə görüb İlham müəllimlə görüşdüm. Vəziyyəti izah etdim. Kömək edəcəyinə söz verdi və təmənnasız yerinə yetirdi. Bakıda İlham Pirməmmədovun, kənddə icra nümayəndəsi Mübariz Abdullayevin himayəsi və dəstəyi ilə istəyimiz yerinə yetirildi. Hazırda I Şıxlı kənd orta məktəbində vəziyyətin normal olmasında İlham Pirməmmədovun, sözün həqiqi mənasında böyük rolu var.

İlham müəllim o qədər həssas, dəqiq və etikalı adamdır ki, hər hansı çağırışa gecikməyə də icazə istəyir; altmış yaşımla bağlı təşkil etdiyim məclisə saat 16-ya (şənbə günü) dəvət edəndə dedi ki, mən işdə olacam, olarmı saat 18-dən sonra gəlim. Dedim, olar. Söz verdi və əməl etdi. Bax belə adamdı.

Özəl ali məktəbdə təhsil alan bacım qızının imkansızlığını və atasının xəstə olmasını nəzərə alaraq, mənim xahişimlə üç il dalbadal kiçik bir kağıza etdiyi qeydlə onun təhsil haqqına əlli faiz güzəşt edilməsini təmin etdi. Bundan başqa neçə-neçə qohumun, eloğlu və elqızının çətinliyi ilə bağlı ayrı-ayrı dairələrə etdiyi müraciətlərin və onların uğurlu nəticələrinin şahidi olmuşam. Özü də İlham müəllim bütün hallarda elə davranır ki, sanki bu xahişi həmin adama birinci dəfədir ki edir. Çünki qarşı tərəfin də onun bütün hallarda təmənnasızlığına inandığına daxilən əmindir. Bu inam və əminlik İlhama daxili arxayınlıq verir. Sanki dünya elə belə də olmalıymış. Doğrudur, dünya belə olmalıdır. Amma nə yazıq ki, cəmiyyət istədiyimiz kimi deyil. Bütün bunların isə İlham Pirməmmədova, onun xeyirxah təbiətinə dəxli yoxdur. Çünki onun təbiəti də, ruhu da nurludur, safdır. Həmin saflıq nuru onun çöhrəsində, bütün varlığında, əməllərində üzə çıxaraq ətrafındakılara müsbət, xoş ovqatlı bir enerji bəxş edir.

İlham Pirməmmədov ömrünün altı onilini bu cür yola salıb. Növbəti onillərin də belə davam edəcəyinə, onun nur dəryasında, Pir dünyasında çoxlarının ruhi-mənəvi dinclik tapacağına ürəkdən inanıram!