9 yaşlı uşağın günahı nə ? - Həkim savadsızlığı

Adil Qeybulla: "Uşağın analizində allergik reaksiyası, hər hansı dərmana qarşı həssaslığı var idisə, bu yoxlanmalı idi və önləyici tədbirlər görülməli idi”


"Xəstəni süni tənəffüsə keçirmək üçün dərmanlar vurulub və xəstə şok keçirib”.

Bunu Sherg.az-a Ağdaş Mərkəzi Rayon Xəstəxanasında 9 yaşlı uşağın narkoz verilməsindən sonra dünyasını dəyişməsinin səbəblərini izah edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

 O bildirib ki, hadisə haqqında dəqiq rəyi məhkəmə tibbi ekspertizası müəyyən edəcək:

"Ekspertizadan sonra məsələyə ilə bağlı daha obyektiv məlumat verə bilərik. Doğrudan da burada müəyyən bir səbəb varsa, yaxud şokverici reaksiya olubsa, ekspertizanın rəyindən sonra dəqiq məlumat vermək mümkün olacaq.

Xəstələrin bu cür reaksiyaları hər cür dərmana qarşı ola bilər. Xəstə təcili xəstəxanaya gəlir, əməliyyat edilməli olur. Sınıq olduğundan xəstənin sümüklərini yerinə gətirmək, süni tənəffüs üçün aparat istifadə etmək kimi proseduralar ləngiməməlidir. Hər halda xəstənin reaksiyası yoxlanması daha yaxşı olardı. Bütün məsələləri məhkəmə tibbi ekspertizası araşdıracaq, hər hansı reaksiyası olubmu ?  və yaxud həmin yaşa qədər allergik reaksiyası necə olub ? Bunlar araşdırılacaq. Nəticədə xəstənin doğrudan da narkoz vaxtı ölüb-ölmədiyi aydınlaşdırılacaq. Hələlik xəstəxanadan və ya mətbuatdan verilən məlumatın hüquqi çəkisi yoxdur. Əgər uşağın analizində allergik reaksiyası, hər hansı dərmana qarşı həssaslığı var idisə, bu yoxlanmalı idi və önləyici tədbirlər görülməli idi”.

Qeyd edək ki, hazırda faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Aysel Aslan