ABŞ Azərbaycana səfir təyinatını gecikdirir

Ekspertlər hesab edir ki, bölgədəki həssaslığa görə bu dəfə daha güclü kadr göndəriləcək




Məlumdur ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın səlahiyyət müddət başa çatıb. Hələlik ABŞ Konqresinin onun yerinə Bakıya kimi göndərəcəyi məlum deyil. Artıq bir neçə dəfədir ki, bu ölkənin Azərbaycana göndərdiyi diplomatların səlahiyyət müddəti başa çatanda "səfir böhranı” yaşanır. Yeni səfirin təyinatı məsələsi bu və ya digər səbəbdən yubanır.

Gah ABŞ prezidentinin səfir seçimində baş sındırması vaxt aparır, gah da Amerika rəhbərinin təyin etdiyi şəxsi Konqres təsdiqləmir. Əvvəlki səfirlər Rino Harniş, xanım Enn Dörsi, Metyu Brayza, eləcə də Robert Sekutanın təyinatı məsələsində də yubanmalar olmuşdu
Hətta 2012-ci ildə ən uzunmüddətli "səfir böhranı” yaşanmışdı. O vaxt 4 illik "səfir böhranı”nı həll edən ABŞ Azərbaycana Riçard Morninqstarı təyin etmişdi. Müddətin bu qədər uzanmasını isə azərbaycanlı ekspertlər ABŞ-dakı erməni lobbisinin anti-Azərbaycan siyasəti, missiyaları ilə əlaqələndirirdilər. Budəfəki təyinatın nə qədər çəkəcəyini isə zaman göstərəcək. Məlumat üçün vurğulayaq ki, ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin əsası 1992-ci ildə qoyulub. Riçard Mayls Azərbaycana göndərilmiş ilk səfir kimi tarixə düşüb.

Məsələni şərh edən politoloq Qabil Hüseynli deyib ki, ABŞ-dakı prosedura görə, bu və ya digər ölkədə səfirin səlahiyyət müddəti başa çatırsa, diplomat ölkəsinə qayıtmadan əvvəl onun yerinə təyin olunacaq adam müəyyən edilir: "Amerikanın yeni səfiri sələfinin işlədiyi vaxtda təyin olunmalı idi. Artıq Robert Sekutanın səlahiyyət müddəti başa çatıb. Amma buna baxmayaraq, Amerika Azərbaycana göndərəcəyi səfirin adını açıqlamayıb. Kimi göndərəcəyi bəlli deyil. Bu o deməkdir ki, yenə də gecikmə olacaq. Növbəti səfirin də Bakıda öz diplomatik missiyasına başlamasının ştrixlərini elə buradan görmək olar. Nədənsə, Amerika Azərbaycana səfir təyin edərkən yüz ölçüb, bir biçir. Eyni zamanda, təyinat müddətini həddindən artıq gecikdirir. Qorxuram, yeni səfirin təyinatında da eyni vəziyyət yaşansın. Daha uzun müddətə yeni səfirin təyinatı məsələsinin uzanacağını düşünürəm”. Konqresin Azərbaycana təyin edilən səfirlərin göndərilmə prosesinin yubadılması məsələsinə toxunan politoloq düşünür ki, o, gecikmənin əsas səbəbinin erməni lobbisi olmasını heç də tutarlı əsas kimi qəbul etmir: "Düşünmürəm ki, erməni lobbisi Amerikanın siyasətinə bu dərəcədə müdaxilə etmək imkanlarına malikdir. Səfirlərin təyinatı prezidentdən və konqresdən asılıdır. Bu və ya digər ölkəyə səfir prezidentin təqdimatı əsasında olur. Yəni prezident səfiri təyin etdikdən sonra konqres də həmin şəxsi təsdiqləyir. Bu da o deməkdir ki, Azərbaycana göndəriləcək yeni səfirin kimliyi, onun təyinatının yubanmaması məsələsi daha çox ABŞ prezidentinin şəxsi fəallığından asılı olacaq”

Politoloq Sülhəddin Əkbər də bildirib ki, ABŞ-ın Rusiya ilə də münasibətləri kəskinləşib. Ekspertin fikrincə, Azərbaycanın Rusiya ilə İran arasında strateji əhəmiyyətli bölgədə yerləşdiyi nəzərə alınarsa, Azərbaycana xüsusi diqqət veriləcəyini demək olar: "İlk növbədə təhlükəsizlik məsələləri ön plana çıxacaq. Azərbaycana səfir seçimində bu məsələyə fikir veriləcək. Azərbaycana güclü bir kadrın göndəriləcəyini düşünürəm”.

İsmayıl