"ABŞ-da da sahibkarlar cəhd edirlər ki, vergidən, sosial ödənişlərdən..."
Bu, sadəcə Azərbaycana məxsus problem deyil. İnsanları işə götürmək və onların əmək haqqlarını olduğu kimi bəyan etmək mürəkkəb məsələdir
"Azərbaycanda iqtisadi sahədə köklü islahatlar nəzərdə tutulub”. Bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlarla görüşdə deyib. Ə.Əhmədov bildirib ki, bu günə qədər iqtisadi sahədə təbii resurslara istinad edirdik. Amma bundan sonra iqtisadiyyatın inkişafında yeni mərhələ başlayır:
"Tükənməyən resurslara əsaslanaraq iqtisadi inkişafın yeni mərhələsinə başlamaq lazımdır. Bu isə iş adamlarının məsuliyyətini, fəallıq əmsalının yüksəldilməsini tələb edir”. Baş nazirin müavini sahibkarlara xəbərdarlıq da edib. Vurğulayıb ki, işlə təmin olunan vətəndaşların pensiya hüquqları təmin olunmalıdır: "İşlədib sosial ödənişlərini ödəmədiyiniz insanları gələcəkdə dövlət sizin üzərinizə göndərəcək. Onda həmin şəxslər sizi məhkəməyə verəcək və gərgin vəziyyət yaranacaq. Tələbimiz odur ki, sahibkarlar çalışdırdığı insanların əmək hüquqlarını tam təmin etsinlər. Yəni həm bugünkü haqlarını, həm də gələcəkdə istifadə etməli olduqları pensiyaları ödəsinlər”. Sahibkarlığın inkişafı və Baş nazirin müavini Əli Əhmədovun fikirləri ilə bağlı "Şərq”in suallarını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, artıq təbii resurslar tamamilə kənara qoyulmalıdır. Mümkün qədər digər imkanlardan istifadə etməyə üstünlük verilməlidir.
- İqtisadi inkişafın yeni mərhələsində yerli iş adamları, sahibkarlar üzərinə düşən öhdəlikləri yerinə yetirə biləcəklərmi?
- Azərbaycan xalqının bütün nümayəndələri qabiliyyətlidir. Sahibkarlarımız biznesin hər sahəsində öz bacarıqlarını göstəriblər. Sadəcə münbit şərait, geniş imkan yaradılmalıdır ki, biznes mühitindən anlayışı olan insanlar sahibkarlıqla məşğul ola bilsinlər, iqtisadi sahələrə meyl etsinlər. Əgər hökumətin sahibkarlara dəstək mühiti formalaşarsa, eyni zamanda biznes mühiti yaranarsa, sahibkarlar üzərlərinə düşən öhdəliyi yerinə yetirərlər.
- Hökumət nümayəndələrinin sahibkarlarla görüşməsini, müzakirələr aparmasını necə dəyərləndirirsiniz?
- Son dövlər sahibkarlığın inkişafı ilə bağlı kifayət qədər sərəncamlar, fərmanlar verilib, hüquqi-normativ sənədlər qəbul edilib. Hazırda gedən proseslər isə başlanmış işi sürətləndirmək məqsədi daşıyır. Bu mənada Baş nazirin müavini Əli müəllimin sahibkarlarla görüşməsi çox mühümdür. Ümumiyyətlə, hökumət adamlarının yerli iş adamları ilə görüşməsi ancaq pozitiv nəticələr verə bilər. Sahibkarlar görərlər ki, dövlət hər mənada onların yanındadır və əsas dəstəkçisidir. Bununla da yayılan bəzi şayiələr aradan qalxmış olar. Məlumdur ki, indiki dövrdə sahibkarlar bir sıra sahələrə investisiya qoymağa ehtiyat edirlər. İş adamlarında etimad hissini formalaşdırmaq məqsədi ilə belə görüşlər mütəmadi keçirilməlidir.
- Sahibkarlara pensiya və digər ödənişlərlə bağlı edilən xəbərdarlığa münasibətiniz necədir?
- Sözün açığı, məsələyə bu cür yanaşmağın sahibkarlığın inkişafında müsbət effekt yaradacağını düşünmürəm. Dünyanın əksər ölkəsində vurğulanan problem mövcuddur. Hətta dünya iqtisadiyyatının flaqmanı sayılan ABŞ-da belə sahibkarlar cəhd edirlər ki, vergidən və hansısa sosial ödənişlərdən yayınsınlar. Avropa ölkələrində, Çində və başqa dövlətlərdə də sosial ödənişlər məsələsi tam oturuşmayıb. Yəni bu, sadəcə Azərbaycana məxsus problem deyil. İnsanları işə götürmək və onların əmək haqqlarını olduğu kimi bəyan etmək mürəkkəb məsələdir. Hesab edirəm ki, sahibkarlığın inkişafına nəzarət mexanizmini həyata keçirən dövlət qurumları öz işlərini maarifləndirmə üsulları ilə aparmalıdır. Ən əsası isə işə götürülən özü tələb etməlidir ki, onunla əmək müqaviləsi bağlansın və bunun müqabilində sosial ödənişləri, gələcək pensiyası təmin olunsun. Fikrimcə, effekt verən yeganə yol budur. Əgər sahibkar görsə ki, işə qəbul etmək itədiyi şəxslər öz hüquqlarını bilirlər və qanunla nəzərdə tutulmuş sosial ödənişlərini tələb edirlər, o halda çıxış yolları qalmayacaq və işçilərlə razılaşacaqlar. Müasir dövrün tələblərinə uyğun qayda budur.
- Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Naxçıvanda azad iqtisadi zonanın yaradılacağı barədə məlumat verib. Sizcə, bu təşəbbüs ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edəcəkmi?
- Əlbəttə, müsbət təsiri var. Azad iqtisadi zona bölgənin iqtisadi inkişafına stimullaşdırıcı təkan verər. Belə zonaların yaranması üçün ən mühüm məsələlərdən biri regionda zəruri infrastrukturların mövcud olmasıdır. Məsələn, azad iqtisadi zona yaradılan bölgədə dəmiryolu, hava limanı, aeroport və başqa infrastrukturların olması əsas şərtdir. Düşünmürəm ki, ölkəmizdə bir çox yerdə iqtisadi zona yaratmaq mümkün olacaq, amma ən azından bir-iki bölgədə bunu reallaşdıra bilsək, müsbət effektini görərik.
İsmayıl