ABŞ dünyaya hökm etməyə çalışır

Ancaq nəzərə almalıyıq ki, iqtisadi güc yavaş- yavaş Avropadan üzü Şərqə tərəf uzaqlaşır
“Əgər Rusiya özündə güc tapıb, Avrasiya İttifaqını formalaşdıra bilsə, nailiyyətləri böyük olacaq”

ABŞ-ın, həmçinin dünyanın öndə gələn fikir adamlarından biri, geostrateq Zbiqnev Bjezinski Avrasiya İttifaqının yaxın 10 ildə dağılacağının proqnozunu verib. Amerikalı alim Rusiya mətbuatına verdiyi müsahibədə İttifaqa daxil olan liderlərin dünya görüşlərindəki dərin dəyişikliklərin onu bu fikrə gətirdiyini söyləyib.

Bjezinski bu tezisini uzun müddətdir qeyd edir. O vurğulayır ki, Gürcüstan və Ukrayna daxil olmadığı təqdirdə, Avrasiya İttifaqı məhvə məhkumdur. Adları çəkilən hər iki dövlətin hazırda Avropa Birliyi və NATO yolunda qəti addımlarla irəlilədiyini vurğulayan Bjezinskinin fikrincə, Rusiya çox arzulasa da, Orta Asiya respublikaları ittifaqa üzv olmağa o qədər də həvəsli deyillər. Onların içində əhalisinə görə ən çoxsaylı dövlət sayılan Özbəkistan müstəqillik məsələsinə olduqca həssas yanaşır və bu yolda hər hansı məhdudiyyəti gətirəcək addımlara gedən deyil.

Amerikalı politoloqa görə, Avrasiya İttifaqı reallıqla uyğun gəlməyən nostalgiyaya bənzəyir və "Yeni Rusiya imperiyasını yaratmaqla” bağlı istənilən ideya kənar dövlətlərin qəti müqaviməti ilə rastlaşacaq.
Bjezinskinin proqnozlarını "Şərq”ə şərh edən politoloq Tofiq Abbasov deyib ki, Amerika Birləşmiş Ştatlarının elitası tarix boyunca avroatlantizm ideologiyasının güclənməsində maraqlı olduğunu nümayiş etdirib. Bu gün də həmin niyyətini davam etdirir:

"ABŞ Avropanın potensialından istifadə edərək bütün dünyaya hökm etməyə çalışır. Ancaq nəzərə almalıyıq ki, iqtisadi güc yavaş- yavaş Avropadan üzü Şərqə tərəf uzaqlaşır. Çin, Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya kimi "əjdaha” dövlətlər öz inkişaf mərhələsini yaşayır. ABŞ isə bunu önləmək üçün özünün ideoloji təbliğat maşınını işə salıb. Amma Amerika nə qədər çalışsa da, Avropanın 2008-ci ilə qədərki yüksəlişini bərpa edə bilmir. Avropada iqtisadi tənəzzül dövrü yaşanır. Şərq qütbü isə bundan istifadə edərək özünün iqtisadi gücünü artırır. Rusiya isə hər iki qütb arasında qalıb. Hər şey onun gələcək seçimindən asılı olacaq. İndiki mərhələdə isə Rusiya seçim etmir, əksinə, özü yeni bir qütb yaratmaq ətrafında düşünür. Avrasiya Birliyi də məhz bu niyyətlə ortaya atılan bir ideyadır. Siyasi potensialı olsa da, Rusiya iqtisadi baxımdan buna hazır deyil”.

Bjezinskinin Gürcüstan və Ukrayna daxil olmadığı təqdirdə, Avrasiya İttifaqı məhvə məhkumdur kimi iddialarını absurd hesab edən T. Abbasovun sözlərinə görə, Rusiya üçün Ukrayna və Gürcüstanın Avrasiya Birliyində olması bir o qədər də əhəmiyyət kəsb etmir: 

"Çünki onlardan daha güclü dövlətlər Avrasiya Birliyinə qoşulma qərarı verib. Qazaxıstan kifayət qədər perspektivli bir dövlətdir. Təbii sərvətlərindən əlavə texnoloji hazırlığı da günün tələblərinə yaxınlaşır. Türkiyə artıq Avropadan imtinaya doğru gedir. İqtisadi gücünə görə dünyanın 16-cı dövləti olan Türkiyənin Avrasiya Birliyinə qoşulması heç də pis olmazdı. O cümlədən də 17-ci yerə sahib İran var”.
Politoloqun sözlərinə görə, real gücünü toparlaya bilməyən Amerika media vasitəsilə özünün ideologiyasını beyinlərə yeridir. Bununla da insanları ancaq qərbə doğru yönləndirməyə çalışır: 

"Avrasiya Birliyini formalaşdırmaq üçün Rusiyanın yetəri qədər potensialı var, ancaq ölkə daxilində müəyyən qədər islahatlar həyata keçirməli və nümunə göstərməlidir. Bu gün Rusiya daxilində təzadlı proseslər gedir. Korrupsiya, siyasi monopoliyadan sui-istifadə və kadrların düzgün yerləşdirilməməsi kimi məsələlər Rusiyanın inkişafına mane olur. Əgər Rusiya özündə güc tapıb, Avrasiya İttifaqını formalaşdıra bilsə, nailiyyətləri böyük olacaq”.
Konkret olaraq Azərbaycanın mövqeyinə gəldikdə isə T.Abbasov deyib ki, biz hələ heç bir bloka qoşulmadan tərəfsiz formata üstünlük veririk: "Prezident İlham Əliyevin də dediyi kimi, ikili format bizim üçün ən məqbuludur. Əgər gələcəkdə hansısa blok Azərbaycan üçün cəlbedici olsa, biz də bloklardan birinə qoşula bilərik”.

Şəymən