“Paralel yapı” şəbəkəsinin başçısını ömürlük həbs cəzası gözləyir
"Fətullah Güləni PKK lideri Abdullah Öcalanın aqibəti gözləyir”. Bunu "Şərq”ə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunan "Paralel yapı” şəbəkəsinin başçısı Fətullah Gülənin ekstradisiyasından danışan politoloq bildirib ki, Türkiyəyə veriləcəyi təqdirdə onu ömürlük həbs edəcəklər: "FETÖ deyilən şəbəkə PKK-dan daha təhlükəlidir. Çünki bu qruplaşma bütün qurumlara sızaraq dövləti içəridən dağıtmaq niyyətində olub. Amma PKK dövlətə həmişə kənardan hücum edib. Ən təhlükəli düşmən bilinməyən, tanınmayan, çöldə yox, içəridə olandır”. Ekspert bildirib ki, Türkiyə 15 iyul hadisələrinə qədər də F.Gülənin ekstradisiyasını ABŞ-dan tələb edirdi. Amma hərbi çevriliş cəhdinə kimi Amerika bu tələbə müsbət yanaşmırdı: "Əvvəllər irəli sürülən ittihamlar Vaşinqtonu qane etmirdi. Onlar buna siyasi məsələ kimi baxırdılar. Lakin 15 iyulda baş verən çevriliş cəhdi çox böyük hadisə oldu. Həmin olayda 248 nəfər öldü, minlərlə adam yaralandı. Ortada olan bütün sənəd və sübutların hamısı Fətullah Güləni göstərir. Buna görə ABŞ çıxılmaz vəziyyətdə qalıb. Yüzlərlə insanın ölümündə əli olan bir şəxsi qoruyub saxlamaq Amerika üçün ciddi problem yarada bilər. Artıq Gülən xarici ölkədən siyasi sığınacaq istəyən sadə şəxs deyil. 15 iyuldan sonra bu şəbəkə terrorçu qruplaşma, başında duran şəxs isə təhlükəli cinayətkar hesab olunur. Mövcud faktlara görə, Türkiyədəki çevriliş cəhdinə Fətullah Gülən rəhbərlik edib və Pensilvaniyadan hərəkatı yönləndirib”. E.Şahinoğlunun sözlərinə görə, ABŞ üçün ən önəmli strateji müttəfiqinə arxa çevirmək, Ankaranın tələbini gözardı etmək olduqca çətindir: "Hazırda ABŞ-ın yüksək rəsmilərinin Türkiyəyə səfəri gözlənilir. Məncə, Amerika yaxın perspektivdə Güləni Türkiyəyə verməyə məcbur olacaq. Gülən özü də açıqlamalarında deyir ki, əgər suçlu olduğu təsdiqlənərsə, Türkiyəyə qayıtmağa razılıq verəcək. Ancaq onun nə dərəcədə səmimi olduğunu söyləmək çətindir. Bəlli olan odur ki, bir "molla” 40 il Türkiyəni barmağına dolayıb və çox gizli bir şəbəkə formalaşdırıb. Artıq həmin şəbəkə dağılmaq üzrədir. Bunun özü F.Gülən üçün çox böyük bir zərbədir. Əgər ABŞ dövlət katibi Con Kerri və Bayden Türkiyəyə gəlirlərsə, çox güman ki, onlar Ankarada Ərdoğanın Güləni ekstradisiya tələbinə "yox” deməyəcəklər”.
İsmayıl