"ABŞ-ın planları münaqişənin həllini uzadır"




"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqlandın bəyan etdiyi planlar Dağlıq Qarabağ münaqişəsinin həllinə deyil, uzadılmasına yönəlib”.

Bunu Sherg.az-a həmsədrin "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var" açıqlamasına münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. 

O bildirib ki, R. Hoqlandın işlətdiyi "ağılabatan” ifadəsi yalnız Minsk qrupunun və həmsədrlərin öz mənafeyinə xidmət edir:

"Həmin həll planları Azərbaycan xalqının maraqlarına deyil, ermənilərin Azərbaycan torpaqlarında böyük Ermənistan yaratmaq niyyətlərinə kömək məqsədi daşıyır. Ona görə də vasitəçilərin "ağlabatan” ifadəsi hüquqi termin deyil. Amerikalı həmsədr konkret təklifin nə olmasını bildirsə, həmin təklifə münasibət ifadə edə bilərik. Ümumilikdə isə Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsiplərinə uyğun problem həll olunmalıdır”.

Qeyd edək ki, Riçard Hoqland həmin planların yekun olmamağını da diqqətə çatdırıb. Onun sözlərinə görə hər halda planlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir.

Aysel Aslan