ABŞ-ın Qüds qərarı dünyaya gərginlik vəd edir

Elman Nəsirov: “Donald Trampın bu mövqeyi nəticə etibarı ilə Amerika ilə müsəlman dünyası arasında çox ciddi ixtilaflara gətirib çıxaracaq”





ABŞ Prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması dünya gündəmini bir anda dəyişdi. Yaxın Şərqdə dini ekstremizmin, terrorizmin, bir sıra ölkələrdə, o cümlədən Avropada islamofobiyanın artdığı və yayıldığı bir vaxtda Amerikanın bu qərarının növbəti dini toqquşmalara gətirib çıxaracağı deyilir. Məlum olduğu kimi, dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün şərq hissəsi Fələstinin hüquqi paytaxtı, qərb hissəsi isə İsrailin nəzarətindədir. İsrail Qüdsü 1980-ci ildə paytaxtı elan etsə də, bu status BMT və əskər dövlətlər tərəfindən hələ də tanınmayıb.

Ümumiyyətlə, Qüds həm yəhudilər, həm xristianlar, həm də müsəlmanlar üçün çox önəmli və müqəddəs şəhərdir. Qüdsün üç böyük din arasındakı ortaq nöqtə olaraq bəşəriyyət tarixində xüsusi əhəmiyyəti var. Qüds müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir. Belə bir şəraitdə Qüdsün ABŞ tərəfindən rəsmi şəkildə İsrailin paytaxtı kimi tanınması vəziyyətin onsuz da mürəkkəb olduğu regiondakı proseslərə, eyni zamanda, İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlara mənfi təsir edəcək. Ona görə rəsmi Vaşinqtonun bu qərarına "odun üstünə benzin tökmək” də demək olar. Məlumat üçün deyək ki, Fələstin hökuməti ABŞ Prezidenti Donald Trampın qərarı ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək. Bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl məlumat verib.

"Qüdslə bağlı vədimi yerinə yetirdim”

ABŞ Prezidenti Donald Tramp şəxsi "Twitter” səhifəsində yazıb ki, o, Qüdsü İsrailin paytaxtı kimi tanımaqla öz vədini yerinə yetirib. O, özünü ABŞ-ın sabiq dövlət başçıları ilə müqayisə edərək deyib ki, onlardan fərqli olaraq, "cəsarətli” addım atıb. Tramp "tvit”inin altında ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obamanın Qüdsə dair çıxışları olan video da yerləşdirib.

"Trampın qərarı Səudiyyə Ərəbistanı ilə razılaşdırılıb”

İsrailin Əks-kəşfiyyat naziri Yisrael Katz iddia edib ki, ABŞ Qüdsü İsrailin yeni paytaxtı kimi tanımaq qərarını bəzi ərəb ölkələrinin liderlərilə məsləhətləşərək verib. Katz vurğulayıb ki, ərəb liderlərlə məsləhətləşmələr fələstinlilərin qərara qarşı reaksiyalarının nəzarət altına alınması üçün aparılıb. Nazir bu qərardan sonra Səudiyyə Ərəbistanı və körfəz ölkələri ilə İsrail arasında hər hansı gərginliyin yaşana biləcəyinə inanmır: "Çünki Səudiyyə Ərəbistanı ilə İsraili ümumi maraqları biləşdirir. Xüsusilə İran hər iki ölkə üçün ümumi təhlükədir”.

Fransadan Trampın Qüds qərarına etiraz

Fransanın xarici işlər naziri Jan-İva Le Driana deyib ki, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və Amerika səfirliyini ora köçürməsi qərarı beynəlxalq hüquqa və konsensusa ziddir: "Birincisi, bu, beynəlxalq hüquqa, BMT-nin TŞ-nin qətnamələrinə ziddir. İkincisi, bu, "iki xalq üçün iki dövlət” prinsipi üzrə həll yolu axtarışında olan beynəlxalq konsensusa qarşıdır”. Nazir belə addımların sülh prosesini davam etdirməyə imkan vermədiyini söyləyib.

ABŞ-da möhtəşəm Qüds yürüşü - Trampa etiraz

Donald Trampın qərarı Çikaqoda etirazla qarşılanıb. Federal Plaza önündə başlayan nümayişə minlərlə insan qatılıb. Çıxışlardan sonra nümayişçilər daşıdıqları böyük Fələstin bayrağı ilə İsrail baş konsulluğunun önünə qədər yürüş ediblər. Etiraz aksiyasında Tramp və İsrail əleyhinə şüarlar səsləndirilib.

Fələstin ABŞ-ın vitse-prezidentini qəbul etməyəcək

Fələstin hökumətinin başçısı Mahmud Abbas ABŞ vitse-prezidenti Mayk Pens ilə görüşməyi rədd edib. Görüşdən imtinaya cavab olaraq Pens deyib ki, Mahmud Abbasın etdiyi qəbuledilməz addımdır və öz mənfi nəticələrini verəcək. Amma "Haaretz” qəzeti isə yazıb ki, Ağ Ev rəhbəri aranı düzəltmək üçün qarşıdakı həftələrdə Mahmud Abbası Vaşinqtona dəvət edib. Mahmud Abbas bu müddətdə müalicəsi üçün ABŞ-da qeyri-rəsmi səfərdə olacaq. Dəvəti telefon söhbətində Tramp etsə də, görüşün nə vaxt baş tutacağı məlum deyil.

İsrail ordusu Qəzzanı bombaladı

İsrail ordusu Qəzza zolağından raketlərin atılmasına cavab olaraq, həmin ərazidəki bir neçə mövqeyə zərbələr endirib. Bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildirilib. Məlumata görə, əməliyyata tanklar və aviasiya cəlb edilib. İsrail ordusu Qəzza zolağında törədilən bütün hücumların arxasında HƏMAS-ın durduğunu bəyan edir. İddiaya görə, bundan əvvəl Qəzza zolağından İsrail tərəfə 2 raket atılıb.

Ərdoğan və Putin Trampın qərarından narahatdırlar

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Trampın qərarı lə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Bildirilib ki, bu cür addımlar Yaxın Şərq sülh prosesinin perspektivlərini sarsıda bilər. Ərdoğan dekabrın 13-nə İstanbulda İslam Əməkdaşlığı Təşkilatının Qüdsün statusu ilə bağlı sammit çağırdığı barədə Putini məlumatlandırıb. Türkiyə və Rusiya prezidentləri şəxsi təmasların davam etdirilməsinə dair razılığa gəliblər.

İraq ABŞ-a nota verib - Qüdsə görə

ABŞ Prezidentinin Qüds şəhərinin İsrailin paytaxtı kimi tanıması barədə qərarından sonra bu ölkənin İraqdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. İraqın Xarici İşlər Nazirliyinin rəsmisi Əhməd Məhcub bildirib ki, səfirə İraq hökumətinin etiraz notası təqdim olunub. Notada bildirilib ki, İraq Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınmasına qəti etiraz bildirir və bu addımı beynəlxalq qanunlara zidd hesab edir.

Metyu Brayza Trampın Qüdslə bağlı qərarını şərh edib...

ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza bildirib ki, yaxın perspektivdə Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olan şəxslər qarşısında ekstremist qrupların imkan və fəaliyyətlərini genişlədəcək. Lakin Brayza hesab edir ki, orta və uzaq perspektivdə Prezident Trampın bu qərarı az dağıdıcı, hətta aşağıda qeyd olunanlar mümkün olsa, faydalı belə ola bilər. Əgər ABŞ yalnız Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanısa və Şərqi Qüdsün mümkün Fələstin dövlətinin paytaxtı olacağını desə, vəziyyət normallaşar. Buna baxmayaraq, diplomat düşünür ki, Prezident Trampın qərarı ABŞ-ın əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkələrlə münasibətlərinə zərər vuracaq.

"Regionda sülh və təhlükəsizlik üçün ciddi problemlərin yaranacağını görə bilərik”

Mövzu ilə bağlı açıqlamasında deputat Elman Nəsirov bildirib ki, ABŞ Prezidenti Donald Trampın bu mövqeyi nəticə etibarı ilə Amerika ilə müsəlman dünyası arasında çox ciddi ixtilaflara gətirib çıxaracaq: 

"Onsuz da münasibətlər elə də yaxşı səviyyədə deyildi. Eyni zamanda, ABŞ-ın xarici siyasətinin prioritet istiqaməti Yaxın Şərq regionudur. Bu qərar regionda Amerikanın maraqlarının müdafiə edilməsi prosesində çox ciddi problemlərin yaranmasına şərait yaradacaq. Belə bir addımın atılması 60 ildən artıq davam edən Fələstin-İsrail münaqişəsinin daha da gərginləşməsinə və münaqişənin yenidən alovlanmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu, Yaxın Şərqdə yeni gərginlik ocaqlarının yaranması ehtimalını artırır. Bu kontekstdə Yaxın Şərqdə, eyni zamanda ABŞ və onun müttəfiqlərinə qarşı terrorizmin yeni bir dalğasının yaranmasına gətirib çıxara bilər. Xüsusilə də, terrorçu qüvvələr guya müsəlmanların maraqlarının müdafiəçisi kimi özlərini təqdim edib, regionda sülh və təhlükəsizlik üçün çox ciddi problemlərin yaranacağını görə bilərik”. 

E.Nəsirov əlavə edib ki, bu məsələdə ABŞ-ın ənənəvi müttəfiqlərinin mövqeyi fərqlidir. Məsələn, Roma papası və Böyük Britaniyanın bu məsələdə öz müttəfiqini müdafiə etmədiyi ilə bağlı məlumatlar var: 

"Hesab edirəm ki, indiki vəziyyətdə ABŞ-ın müttəfiqləri, hər bir Avropa dövləti bu məsələyə dəstək verərlərsə, ilk növbədə öz ölkələrində gərginliyin yaradılmasına səbəb ola bilərlər. Çünki bu gün bütün Avropa ölkələrində müsəlman icması var. Belə olan vəziyyətdə həmin ölkələrdə də daxili gərginlik artmış olar. Bu da həmin ölkələrin təhlükəsizliyi üçün çox ciddi təhdid kimi qiymətləndirilə bilər. Ona görə də hesab edirəm ki, ABŞ-ın özündə müəyyən analitik mərkəzlər, eyni zamanda mərkəzi hökumətin administrasiyasında səlahiyyətli şəxslər bu məsələdə Trampın mövqeyini dəyişməklə bağlı cəhdlər etməlidirlər. Əks təqdirdə ABŞ-ın öz milli maraqları üçün çox ciddi təhlükələr yarana bilər”.


İsmayıl